Dünyanı bəzəyir qadın zəhməti

A- A A+

Ağır və çətin işlər, adətən, kişilərə  həvalə olunur. Amma o qədər də asan olmayan  belə işlərin öhdəsindən gəlməyi bacaran qadınlarımız da çoxdur. Belə qadınlardan biri də  Şahbuz rayonunun  Kolanı kəndində  yaşayan  Ofelya Həsənovadır. Onu yaxından tanımaq, işinin öhdəsindən necə gəldiyini öyrənmək üçün  Kolanı  kəndində  olduq.

Taxılçılıqla məşğul olan,  Şahbuz rayonunun dağlıq bir ərazisində  artıq neçə illərdir  taxıl əkən Ofelya xanım  ixtisasca müəllimdir.

Ofelya xanım  deyir ki   təsərrüfatçı qadınlar daha bacarıqlı və işgüzardırlar  hər bir sahədə böyük uğurlara imza atan Azərbaycan qadını bu sahədə də ciddi uğurlar qazanar.  Mən də işdən sonrakı boş vaxtlarımı  dəyərləndirərək belə bir xeyirxah iş görür, taxıl əkirəm. Taxıl əkmək özü də şərəfli bir işdir.

Artıq 3 ildir ki, kənddən 3 km aralıda  Söyüdlük deyilən ərazidə arpa, buğda əkən Ofelya xanım hazırda  sahədə şum aparır. Yolu bir qədər çətin olan dağlıq ərazidə  əkin əkmək çətin olsa da, o, bu işin öhdəsindən   layiqincə gələrək  illərlə əkilməyən sahələrə can verir, taxıl əkir. Əziyyətimin bəhrəsini görəndə  işimdən zövq alıram, deyir.

Qadın  Tanrıdan sonra ikinci yaradıcı qüvvəyə malik şəxsdir. Qadın atasına qız, anasına həmdəm, qardaşına bacı, sevdiyi şəxsə məhəbbət, övladına anadır. Qadın zəhmətkeşdir, sevgi doludur, bütün ağrısını, acısını gözlərinin dərinliklərində dəfn edib həyata, sevdiyinə, valideyninə, övladına, cəmiyyətə gülümsəməyi bacarandır. Qadın yaşından, bədənindən, qüvvəsindən qat-qat ağır yükün öhdəsindən sevdiklərinin xətrinə dodaqlarındakı təbəssümü ilə gələn fədakardır. Qadın "kipriyi ilə od götürüb, saçlarını süpürgə etməyi" bacarandır.

"Qadın zəif məxluqdur"  bu ifadə həyatda çox eşidirik Qadına zəif demək ilk dəfə kimin ağlına gəlib görəsən? Axı bu dünya hələ daş dövründə mövcud olan anaxaqanlığının üzərində qurulub. Nə idi anaxaqanlığı? Bu proses hələ üst paleolit dövründə yaranmışdı. İcmanın bütün işlərində öncül olan qadınlar idarəetməni də öz üzərilərinə götürmüşdülər. Həmin zaman yemək bişirmək, odu qoruyub saxlamaq, uşaqlara baxmaq, məhsul-qida toplamaq qadının işi idi və qəbilə ana xətti ilə qohumluq əsasında yaranmışdı.

Sonradan isə cəmiyyətdə qadın bir addım geriyə çəkildi və patriartxat, yəni ataxaqanlığı yarandı. Bəs, qadın həmin işlərindən imtina etdimi? Təbii ki, yox. Qadının işləri daha da artmağa başladı, nəinki azalmaq. Heç təsadüfi deyil ki, İohann Kristof Fridrix Şiller deyirdi ki, dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır.

Bütün bunlara baxmayaraq  qadın heç zaman zəif məxluq olmayıb. Amma qadın zərif məxluqdur. Bunu da kimsə inkar edə bilməz. Qadın zərafəti ilə, həssas, kövrək qəlbi ilə, analığı ilə zəriflik Tanrısıdır!

Qadına dünya tarixində iz buraxmış ədiblər, ziyalılar, filosoflar da  böyük   dəyər veriblər. Alferd Hausmana görə "qadın evi şam kimi işıqlandırır", Onore de Balzak isə qadınsız evi məzara bənzədirdi.

Böyük Hüseyn Cavidin qadın haqqında dediyi sözlər isə zənnimizcə, bəşər tarixində qadına verilən ən böyük dəyərlərdəndir. O deyirdi ki,

"Qadın gülərsə,

bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət

qadınla yüksələcək..."

Dövlətimiz , xalqımız hər zaman qadına yüksək dəyər verib, onu cəmiyyətdə əsas qüvvə kimi tanıyıb. Hələ bir azca geriyə boylanıb baxsaq, oradan bizə cəmiyyətimizin müxtəlif sahələrində kişilərlə bərabər çiyin-çiyinə çalışan, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran qadınlarımız gülümsəyəcəklər.

Əbəs yerə deyil ki, Şərqdə qadına seçki hüququnu verən ilk dövlət də məhz 1918-ci ildə yaradılmış və bugünkü respublikamızın sələfi hesab olunan Azərbaycan Xalq Cümhuriyyətidir.

Ofelya Həsənova kimi  zəhmətkeş qadınlarımızı da tanıdıqdan sonra bir daha əmin olduq ki  fədakar və zəhmətkeş Azərbaycan qadınları bacarıqları ilə iqtisadiyyatımızın aparıcı qüvvəsi olan   kənd təsərrüfatının , taxılçılığın inkişafına da əvəzolunmaz töhfələr verirlər. Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi üçün yorulmadan çalışırlar.

Türkanə Əmoyeva

Naxçıvan radiosunun əməkdaşı

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: