Qaranlıq dünənlərdən nur parlayan sabahlara

A- A A+

“...Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir. Bu işıq hər yerdə, hətta insanların təbəssümündə də hiss olunur”. Bu və buna bənzər fikirlər son dövr Nuhun diyarına ayaq basan turistlərin dilindən elə hey deyilir, gəlib gördükləri  işıqlı Naxçıvandan ağız dolusu danışıb, dünyanın bir çox ölkələrinə nümunə göstərirlər.

Bəs necə yarandı o işıq? Axı bu o Naxçıvandır ki, 1992-ci ildə dünyaya çıxış qapılarının  bağlandığını zənn edirdilər. Elə o zaman, təəssüf ki, onu tərk edənlər də tapılmışdı. Taleyin ümidinə buraxdıqları şəhərə vaxtında sahib çıxanların səyi və qətiyyəti ilə zamanla fəth etdiyi zirvəni bu gün heyranlıqla seyr edənlər artıq tarix olan o illəri bir daha yaşamayacaqlar. İşığı, qazı, istiliyi, ümumilikdə rahatlığı pozulmuş şəhər çıraq ümidinə qalanda, o çırağın tüstüsündə boğulacağını düşünənlər yanılırdı. O nur əvvəlcə İşıqlı insanların ürəyində yandı, bütün Naxçıvanlıların dünyasına paylandı.. Necə?

Bir ovuc xatirə...

Mən müharibəni nənəmin nağıllarında tanımışdım. Yaşı 80-i haqlamış bu qoca nağıllarına qəhrəman seçirdi 40-cı illərin “gedər gəlməzə” gedənlərini. O nağıllarda bizim kəndimizdən, elimizdən kimlərsə elə hey uzaqlara, çox uzaqlara gedirdi və nağılın sonunda heç geri dönən olmurdu. Gedənlərdən daha çox geri qayıtmayanların həsrəti nağılın sonundakı üç alma kimi nənəmin gözündə yaşa dönüb üzü aşağı axırdı. Sonra o müharibə lap yaxına bizim elimizə, bizim kəndimizə qədər gəlib çatdı. Onda qara günlərimizin carçısı olan televizorun “ağ-qara” ekranında vəziyyətin nə qədər çətin olduğunu yaxşı anlayırdıq. Nə o ekrandan, nə də yaşadığımız kəndin sərhədlərindən güllə səsləri əskik olmurdu.

Müharibə və onun gətirdiyi fəsadlar ana vətəndən ayrı salınmış “yavru vətən” Naxçıvanın “əlini-qolunu” bağladı. Və onda Naxçıvan həm sərhəd, səngər olub döyüşürdü, həm də çətin, soyuq və qaranlıq günlərində yaşamaq üçün mübarizə aparırdı..

Ərzaq, təhlükəsizlik, informasiya və enerji problemləri yaxamızdan iki əlli yapışanda dərdləri özündən daha böyük olan, çaylı, baldırğanlı dağ dərəsində unudulub qalan uzaq bir Naxçıvan kəndinin timsalında muxtar respublikanın dərdləri təzahür edirdi. İşığı, istisi, yolu-yordamı əlindən alınan kənd, yaşadığımız rayon təkcə çörək dərdi çəkmirdi.

İndi  “İşıqlı Naxçıvan” kimi gəlib-gedən turistlərin ağız dolusu danışdığı, təkcə öz torpağına deyil sərhəddən kənarlara da “işıq paylayan”  bugünkü, Naxçıvan o vaxt heç yuxuya, xəyala da gələ bilmirdi.

Bəzən iki saatdan bir, bəzən günlərlə, aylarla tavanda izi tozu görünməyən, bizi hisli lampa işığına möhtac edən də elə o idi - ənənəvi elektrik dərdi. Bir növ uşaqlıq əyləncəsinə çevrilmişdi, tavana baxıb 100-ə qədər sayıb işıqların yanacağın gözləmək. Bir fənərin işığına şərik olub günlər beləcə yola verilirdi...

Təndirəsəri xatırladan soba tüstüsündən nə zamansa divarının ağ rəngdə olduğuna inanmadığım otağımız, anamın həyətdə yemək bişirmək üçün qaladığı ocaq və dibi yanmış qazança eləcə yaddaşımın bir küncündə  ilişib qaldı..

Aman–güman yadımda qalan xatirələrə inanıb, mübaliğəsiz deyirəm ki, işıqlar söndürüləndən iki ay sonra, yen il günü evimizin qənşərinə quraşdırılan, tez-tez tüstülənib, yanan transformator adlı bu  qurğu kəndə işıq paylayacaqdı. Kənd camaatı “barı bayramda yanardı” deyib ümid edirdilər. Amma  çox keçmədi ki, o ümid də zülmətdə boğuldu.

Hamılıqla çətin və qaranlıq bir imtahandan keçirdik, müəllimlərimiz deyirdi “...inanın gələcəyə”.

Atamı əlinə balta alıb ən çox sevdiyim ağacın gövdəsini çapmağa vadar edən qapını kəsən qışa istilik tədarükü idi. Kəndə neft satan maşınlar gəlirdi, insanlar çörək növbəsinə dururmuş kimi neft növbəsinə dururdu. Hətta o zaman sanki çörəyimiz də neft hisi qoxurdu..

Mövcud vəziyyəti yerli qəzetlər isə belə yazırdı “ ...yaranmış çətinliklərlə əlaqədar olaraq qış dövründə ayrı-ayrı  yerlərdə  heç bir yanacaq olmadığından  çıxılmaz  vəziyyətdə qalan əhali  yüzlərcə ağacı kəsib yandırmışdı”.

Məktəbdə də vəziyyət evdəkindən fərqlənmirdi. İlk dərsi ancaq yola verən yanacağın ikinci dərsdə izi tozu itirdi. “İnsaflı” müəllimlər elə ilk dərs mövcud yanacağın sonuna çatırdı. Günlərin birində valideyn iclasında bir “qərar” qəbul etdilər ki, ”onsuz da yanacaq yoxdur, barı odun-kərmə sobası qurulsun, hər gün uşaqlar evdən növbə ilə yanacaq gətirsin”. Vəziyyətdən çıxış yolu kimi görünən bu “qərar” bizim soyuq və dizəcən yağan qarın içində yükümüzü artırmaqdan başqa bir şey deyildi .

Düşünə bilirsiniz? Əlimizdə məktəb çantası yerinə yanacaq gedirdik məktəbə. Və bu günlərlə, aylarla davam edirdi.

Çoxdan istifadə müddətini başa vuran, ənənəvi yol problemini özü ilə daşıyan o uzaq kəndə gedib müəllim işləmək də heç kəsə lazım deyildi. Yaddaşımda ən çox yer edən isə elə o sevdiyim müəllimlərin şəraitsizlik ucbatından köçüb uzaqlara  getməsi idi.

İnsan oğlu keçmişi həmişə ağ-qara akkordlar kimi xatırlayır və nədənsə nostalji hisslərə köklənmək hüznləndirir adamı. Keçmiş isə həmişə maraqlıdı, çətinliyi və bütün ağırlığı ilə.

...O vaxtdan 25 ildən artıq bir zaman keçdi. Olub keçənlər elə zamanın özü kimi tarix oldu. Unuduldumu? Heç vaxt... Bu gün hər birimizin köksünü  qabardır “yavru vətən” haqqında eşitdiyimiz hər söz, çünki bura bizim evimiz, bura bizim elimizdi. O günlərdən bu günlərə olan inkişaf  yolçuluğu  isə indi bir çox ölkələrə nümunə göstərilir.

Blokadaya qədərki vəziyyəti isə az-çox hamı tarix dərslərindən yaxşı xatırlayır. Ümidimizi, inamımızı baltalayan, uşaq ağlının dərk edə bilmədiyi “blokada” deyilən bu “merat” asanlıqla yarılası iş deyildi. Hər şeydən öncə böyük vətənpərvər ürəyi, cəsarət, şücayət, uzaqgörənlik lazım idi, kimsə əlini daşın altına qoymalı idi. Unutmadığım bir də odur ki, bu çətin keçən günlərdə gözünü paytaxtdan gələn xəbərlərə dikən insanlara verilən xəbər oldu - Ulu öndərin yenidən ölkə başçısı seçilməsi. Böyüklərin “ömrü duz dağına dönsün” dediyi adamın gəlişi, xalqın yekdilliklə qəbul etdiyi bu qərar bugünkü Azərbaycana gətirən ümid körpüsü oldu.

Və bir gün vəziyyət kökündən dəyişdi. Mərhəmətli, nur paylayan əllər “yaşıl işıq” yandırdı. Zülməti qovub apardı. Əbədi məşəlin yaradıcısı ulu öndər Heydər Əliyev, o işığı ürəklərə paylayıb müqəddəs missiyanı davam etdirən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oldu.

Naxçıvan digər problemləri kimi elektrik probleminin də həll etməyin yolun axtarırdı. İlk  vaxtlar qonşu ölkələrdən–Türkiyə və İrandan enerji daşıdı. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və şəxsi nüfuzu sayəsində Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından və İran İslam Respublikasından elektrik enerjisi alınmasına başlanıldı.

İlk günlərdə kara gələn “qonşu payı” zaman keçdikcə daha da artırdı. Rəsmi qəzetlər belə yazırdı ki,  “..1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olmuş, muxtar respublikanın elektrik enerjisi tələbatçılarına sutka ərzində 12 saat elektrik enerjisi verilmişdir”

İrəliyə axan zaman həm də inkişafa və yeniliyə aparırdı və qonşu payı  çiçəklənən  Naxçıvana  yetmirdi, öz işıq payını yaratmalı idi və  yaratdı da !

Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün atılan addımlara hər gün bir yenisi əlavə olundu. 

Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti cənab ­İlham Əliyev 2005-ci il mayın 2-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncam bu sahədə atılan addımlardan idi və Ulu öndərin müqəddəs missiyasının layiqli  davamı oldu. Bununla da  2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin edildi, Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verildi.

Naxçıvan işıqlı günlərə elə işıq sürəti ilə gedirdi.

Heydər Əliyev Su Anbarı üzərində  yeni  su elektrik stansiyası tikildi, Gilançay üzərində Biləv Su Elektrik Stansiyası istismara verildi. “Arpaçay-1” “Arpaçay-2” Su Elektrik stansiyaları  Naxçıvanlılara daha yaxşı və kəsintisiz  elektrik payladı. “Culfa”, “Sədərək”, “Çeşməba­sar”, “Xalxal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq” və “Nehrəm”, “Şahbuz” yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verildi.
Bunlarla yanaşı istifadə müddəti bitmiş yararsız  transformatorlar dəyişdirildi, elektrik xətləri yeniləndi, müasir tipli sayğaclar quruldu.

Bu sahədə görülən işlərin kulminasiyası və davamı isə regionda və MDB-də ən böyük günəş elektrik stansiyasının Naxçıvanda  qurulması oldu. Artıq muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur...

Bununla da Naxçıvan enerji asılılığından tamamilə azad olundu, elektrik enerjisi idxalçısından ixracatçıya çevrilə bildi..

Babək rayonunun Xalxal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyasının isə davamı Kəngərli rayonunun Qabıllı kəndində istifadəyə verilən Günəş Elektrik Stansiyası  oldu. Yenisi isə inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və texnologiyasından  istifadə edilməklə tikilməkdədir.

Rəqəmlər isə belə deyir: “Ölkə üzrə Günəş Elektrik stansiyalarından istehsal olunan elekrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür”

Belə... dəyişən təqvim Naxçıvanın gecəsin də, gündüzünü də, xarici görünüşünü də tamamilə dəyişdi. Görülən işlər Naxçıvanı əbədilik nura qərq etdi.

P.S. Və mən illər sonra jurnalist kimi çalışdığım Naxçıvan Dövlət  Televiziya və Radio Verilişləri Komitəsində “Elimdən ilmə-ilmə”deyib çıxdığımız yolda doğma diyarın bütün kəndlərini, şəhərlərini, elini, obasını gəzdim.Yeni insanlar, yeni ünvanlar tanıdım. Gördüklərim, kadrın yaddaşına alıb tamaşaçılarla paylaşdıqlarımız  şahid olduğumuz Naxçıvan həqiqətləri idi. Zamanında kəsilən ağacların yerinə əkilənlər çoxdan bar verməyə başlamışdı, ömrünü başa vuran məktəb, məişət binalarının yerində yenisi tiklimiş, palçıqlı yolların izi-tozu itmişdi və ən önəmlisi İNSANLAR-ana torpağın əbədi sakinləri, kənd adamları daha güləriz, daha qayğısız idi. Daha heç bir  Naxçıvan məktəblisi çıraq işığından  mədət ummur. 

Çətinliklər və zülmət isə elə keçmişin özündə gömülüb qaldı. İndi 95 ilinin yekununa hazırlaşır muxtar respublika. Və yola saldığı 25 il isə tarixinə belə yazılacaq: “Bu illərdə İşıqlı insanlar zülməti yardı..!

Fizzə Bağırova

Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə
təqdim etmək üçündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: