Bəşəriyyətin ən böyük nəaliyyətlərindən biri olan kitab, bilik xəzinəsidir. İnsanlar cəmiyyətdəki məlumatların çox hissəsini oxumaqla əldə edirlər.
Bədənimiz qida ilə, beynimiz isə elm, sevgi və qayğı ilə qidalanır. Allah insan düşüncəsini yaratdıqdan sonra onun üçün qida mənbəyi olaraq sanki kitabı göndərib.
Kitab oxuyan insan öz fikrini özü yarada bilir. Az da olsa kitab oxuyan insan araşdırmanın nə qədər önəmli olduğunu və bir fikri inkişaf etdirərkən hansı nəticəyə gəlməyi öz-özlüyündə kəşf edir.
Kitab zaman maşınına bənzəyir, sizi 100 il, 500 il, 1000 il gələcəyə və keçmişə apara bilir. Kitablar bizə qadınları, kişiləri, uşaqları, kasıbları, varlıları, döyüşçüləri, siyasətçiləri və bir çox insanları onların xatirələrini, həyatlarını, təcrübələrini danışır. Məsələn, insan ömrünü həsr edir, bütün həyatını, təcrübələrini, yaşadıqlarını toplayaraq onu kitaba çevirir. Bu kitabları oxumaqla biz təkcə başqasının başına gələn hadisələri və onun düşüncələrini öyrənmirik. Həm də özümüz üçün həyat dərsləri, təcrübə alırıq.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iki il öncə “Oxunması zəruri olan kitablar”la bağlı Sərəncamı çox əhəmiyyətlidir. Sərəncama daxil olan 33 kitab günü-gündən qloballaşan dünyada yetişən gənc nəslin informasiya cəmiyyətinin neqativ hallarından xilas etmək, kitablara doğru yönəltmək baxımından həyatımızda önəmli yer tutur. Sərəncamdan sonra kitablara maraq artdığından bütün bağçalarda, məktəblərdə həmçinin universitet və təşkilatlarda “Oxunması zəruri olan kitablar”ın sərgisi yaradılıb. Eləcə də Naxçıvan Müəllimlər İnstititunun kitabxanasında da “Oxunması zəruri olan kitablar” üçün guşə ayrılıb. Tələbələrimiz öz dərs kitabları ilə yanaşı bu kitabları oxumaqla öz intellektlərini genişləndirirlər.
Yəqin ki, elə bir adam tapılmaz ki, o həyatı boyunca heç kitab oxumasın. Mütaliəni sevənlərin oxuduqları kitablar da fərqli olur. Kitab oxumaq sadə şəkildə desək maraqlıdır, macəradır, bir sözlə öyrənməkdir. Kitab oxumağın elmi cəhətdən faydası hər kəsə bəllidir. Oxumağa başladığımız hər bir kitab yeni dünya, yeni tale, yeni məlumatdır. Hər bir kitab, yeni dostluq, yeni yoldaşlıq deməkdir. Bəlkə də həyatımızda qarşımıza çıxan ən maraqlı xarakterlərlə tanış olmaqdır. Daha öncə kəşf edilməmiş, xəyallarımızda belə gedə bilməyəcəyimiz yerlərə səyahət deməkdir. Məşhur ingilis alimi Bekon hələ XVI əsrdə deyirdi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsildən-nəslə daşıyan fikir gəmisidir.
Kitab insana motivasiya verir, ruhlandırır, daha yaxşı, müsbət nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz dünyaları bizə açır və əvvəl heç vaxt diqqət etmədiyimiz bacarıqlarıqlarımızı ortaya çıxarır.
Hər şeydən əvvəl kitab oxumağın sərhədsiz faydaları vardır. Çünki, hər bir kitab fərqli bir iz buraxır insanda. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur ki, bu da nitq qabiliyyətinin inkişafına kömək edir.
Davamlı kitab oxumağın elmi cəhətdən dəqiqləşmiş faydaları mövcuddur. Bu faydaları aşağıdakı kimi qruplaşdırmaq olar:
- Kitab oxumaq stressi azaldır.
- Kitab oxumaq yaddaşı gücləndirir.
- Kitab oxumaq insanları anlama bacarığını artırır.
- Kitab oxumaq beyin hüceyrələrinin funksiyasını surətləndirir.
- Kitab oxumaq depresiyadan çıxmanı asanlaşdırır.
- Kitab oxumaq yuxunu normallaşdırır.
- Kitab oxumaq insanları sosial həyata uyğunlaşdırır.
- Kitab oxumaq yaxşı bir dinləyici olmağımıza kömək edir.
- Kitab oxumaq yazma bacarığını inkişaf etdirir.
- Kitab oxumaq açıq fikirli olmağımıza yardımçı olur.
- Kitab oxumaq qarşılaşacağımız hadisələrlə daha yaxşı mübarizə aparmağımıza kömək edir.
Onu da əlavə etmək lazımdır ki, kitab oxumağı da bacarmaq lazımdır, belə ki, insanlar kimi kitablar da çox müxtəlifdirlər. İnsan var çox şey bilir, oxuyur, amma real həyatda bunu göstərmir, tətbiq etmir. Odur ki, kitab oxuyan hər kəs biliyini paylaşmalı, başqalarına da öyrətməlidir.
Kitab seçərkən bu gün sizə maraqlı , aktual olan kitabdan başlayın oxumağa. Əks halda oxumaq maraqlı olmayacaq. Misal üçün, siz daha çox idmanla məşqulsunuzsa, idman sahəsində tanınmış idmançıların uğur qazanmağının yollarından bəhs edən hekayələrini oxumaq sizə maraqlı gələr.
Demək olar ki, hər yerdə kitab mağazaları və kitabxanalar var. Oxumaq istəyən hər kəs bu kitabları asanlıqla əldə edə bilər. İstəsəniz yoldaşlarınızdan kitab əldə edərək oxuya bilərsiniz. Təki oxuyun, oxuyun ki, gələcək nəsillərimiz də sizə baxıb oxusunlar. Sağlam düşüncəli gələcək yetişdirəkmək üçün mütləq oxumaq lazımdır. .
Yeganə Muradova
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı