Azərbaycanın əlamətdar günləri Qarsda qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 9 noyabr-Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü Türkiyənin Qars vilayətində qeyd olunub.
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşəbbüsü və Türkiyə Respublikasının Ərzurum və Qars vilayətlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən tədbir Qarsdakı diplomatik nümayəndəliyimizin inzibati binasında olub. Mərasimdə azərbaycanlı müəllim və tələbələrlə birlikdə, yerli ictimaiyyətin tanınmış nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev üç rəngli bayrağımızın təsis olunması, 1920-ci ildə Cümhuriyyətimizin süqutu səbəbindən və müasir dövlətçiliyimizin həyatımızdakı rolundan danışıb. Bildirilib ki, ikinci dəfə üçrəngli dövlət bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında bərpa olunub və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında “üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırıb. Dövlətimizin başçısı İlham Əliyev Prezidentliyi dövründə dövlət bayrağımızla bağlı tarixi qərarlar qəbul edib.
Baş konsul diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub.
Tədbir Qars vilayətinin müxtəlif guşələrində davam etdirilib. Azərbaycan və Türkiyə bayraqları tələbələr tərəfindən küçə və meydanlarda, tarixi yerlərdə dalğalandırılıb. Tələbələr Vətən, torpaq, dövlət, o cümlədən Qarabağ sevgisini tərənnüm etdirən şüarlar səsləndiriblər.
Daha sonra mərasim bədii hissə ilə davam etdirilib.