12 noyabr Konstitusiya Günüdür

Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biridir

A- A A+

Hər il 12 noyabr – Azərbaycan Respublikası Kons­titusiyasının qəbul olunduğu gün ölkəmizdə qeyd olunur. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlan­ması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibət­ləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ali qanundur. Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış edir, hüquqi-siyasi münasibətlər sisteminə və hüquq düşüncəsinə əhəmiyyətli təsir göstərir.

Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şərait­də, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini – Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Bu taleyüklü, xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələnin həlli də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır... Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Konstitusiyamız özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir.

Hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Təsadüfi deyil ki, Konstitusiyamızın birinci mad­dəsi Azərbaycan xalqını dövlət hakimiyyə­tinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur. Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləş­dirilmiş, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunmuşdur. Dövlətin idarəetmə mexanizmi isə dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunmuşdur.

Konstitusiyamızda ilk dəfə yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin statusu konstitusion səviyyədə təsbit edilmişdir. Məhz milli Konstitusiyamızın qəbulundan sonra Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə orqanı – bələdiyyələr yaradılmış və fəaliyyətə başlamışdır. Konstitusiyamızın mütərəqqi cəhətlərindən biri də onun üçdə bir hissəsinin insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunması, bu hüquq və azadlıqların qorunmasının dövlət hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi müəyyən edilməsidir.

Konstitusiya dövlətin hər hansı bir marağa deyil, məhz vətəndaşların mənafelərinə, şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir. Bu baxımdan təsadüfi deyil ki, Konstitusiyanın ən geniş fəslində məhz əsas insan və vətəndaş hüquq və azadlıqları, bu hüquqların və azadlıqların təminatı, habelə ayrı-ayrı hüquq və azadlıqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən böyük vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Bu sahədə atılmış ciddi addımlar nəticəsində ölkədə müasir tələblərə cavab verən üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunmasına geniş imkan yaratmışdır. Məhkəmə hakimiyyətinin ali orqanı sayılan, Konstitusiya nəzarətini həyata keçirən Konstitusiya Məhkəməsinin statusu da məhz ilk dəfə olaraq ali qanunumuzda müəyyən olunmuşdur.

Əsas Qanunumuzda Naxçıvan Muxtar Respublikasının konstitusion hüquqi statusuna həsr olunmuş xüsusi fəslin olması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci fəslində əks olunmuş müddəalar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Konstitusiyasının layihəsi hazırlanıb 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya Qanunu kimi qəbul edildikdən sonra 8 yanvar 1999-cu ildə qüvvəyə minmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirmişdir. Bu Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə Ali vəzifəli şəxs institutu təsis edilmişdir. Bu Konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəin­ki muxtar respublikada, bütövlükdə, ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilmiş, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarə­etməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaratmışdır.

Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, ictimai münasibətlər inkişaf etdikcə öz təbiətinə görə kifayət qədər sabit normativ hüquqi akt olan Konstitusiyaya da bir daha nəzər salınması, onun müəyyən müddəalarının təkmilləşdirilməsi, mütərəqqi əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranır. Məhz bu cür zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası 
Ali Məhkəməsinin mətbuat xidməti

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: