Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür

A- A A+

Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür.

NUHÇIXAN xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ilk tiflopedaqoqlardan biri, gözdən əlillər üçün relyefli əlifbanın və ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin anadan olduğu tarix Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edilib. O, 1745-ci il noyabrın 13-də Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində dünyaya gəlib.

Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı "unsial" adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Kor uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hazırda dünyada 1,3 milyard insan müxtəlif göz problemlərindən əziyyət çəkir. Onlardan 36 milyonu tamamilə kordur. Bununla belə vaxtında edilən müalicə 80 faiz hallarda görməni tamamilə itirmənin qarşısını ala bilər.

Azərbaycanda 50 min nəfərə yaxın kor və görmə qabiliyyəti zəif olanlar var. 2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb. Həmin sənəd onların cəmiyyətin həyatında iştirakına, informasiya-rabitə vasitələrinə yiyələnməklə bilik və informasiya almaq imkanlarının genişlənməsinə, məşğulluğunun artırılmasına, bütövlükdə həmin təbəqəyə məxsus olanların həyat tərzinin yaxşılaşmasına xidmət edir.

Gözdən əlil və görmə qabiliyyəti zəif olanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bölgələrdə regional informasiya mərkəzləri yaradılıb. Əlillərin işlə təmin olunması üçün bir sıra təlim-tədris kursları təşkil olunur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Brayl əlifbalı iri şriftlər və səsli formatlı dərsliklər, dərs vəsaitləri nəşr edilir.

Paytaxtın əsas işlək küçələrində işıqforlar səs siqnalları ilə təchiz edilib. Bir sıra binaların qarşısında və yol kəsişmələrində gözdən əlillərin rahatlığı üçün panduslar quraşdırılıb. Ölkəmizdə gözdən əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün ildən-ilə qayğı artırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: