Son illərdə muxtar respublikada membran və mexaniki tipli sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 220 min nəfərdən artıq insan keyfiyyətli su ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayonun Dizə kənd ərazisində məhsuldarlığı gün ərzində 20 min 400 kubmetr olan sutəmizləyici qurğunun tikintisi həyata keçirilir. Qurğu su mənbəyini Arpaçay subölücüsündə tikilmiş qalareyadan götürəcək.
Sutəmizləyici qurğular kompleksində hər birinin tutumu 400 kubmetr olan 2 ədəd xam su anbarının tikintisi başa çatıb. Hal-hazırda qurğu binasında tikinti işləri davam etdirilir.
Qurğuda su süzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizləmə aparmadan avtomatik rejimdə mexaniki üsulla 3 mərhələli təmizləmə prosesindən keçərək 1 mikrona qədər təmizlənəcək. Sutəmizləyici qurğu 100 min nəfərdən artıq insana xidmət göstərəcək.
Ötən günlərdə Zeyvə Düdəngə kəndlərinin 7300 nəfər sakinini fasiləsiz içməli su ilə təmin etmək üçün tikilən 40,5 kilometr su xətti istifadəyə verilib. Beləliklə, Şərur şəhəri, Mahmudkənd, Zeyvə, Düdəngə, Yengicə kəndləri daxil olmaqla ümumilikdə 142 kilometr içməli su xətti və Şərur şəhərində 27 kilometr kanalizasiya xətti tikilib.
Bu tədbirlərin davamı olaraq Cəlilkənd kəndində də içməli su şəbəkəsinin tikintisinə başlanılıb. Layihə üzrə 12 kilometr içməli su xəttinin tikintisi, 543 ev birləşməsinin aparılması nəzərdə tutulub.