NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov müşavirənin keçirilməsinin mahiyyətindən danışdıqdan sonra Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə dəqiq kadastr uçotu işlərinin aparılmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Vurğulanıb ki, artıq Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsi ilə dəqiqləşdirilməsi başa çatdırılıb. Şahbuz rayonunun 11 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, Sədərək rayonunda isə planaalma işlərinə start verilib.
Görüləcək işlər nəticəsində torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətindəki uyğunsuzluqlar aradan qaldırılacaq. Həmçinin torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu aparılacaq. Torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək.
Müşavirədə çıxışlar dinlənildikdən sonra müzakirələr aparılıb.
Hidayət Seyidov