Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb - FOTOLAR

A- A A+

2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə 9 milyard 435 milyon 326 min 200 manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 8 milyard 522 milyon 233 min 600 manatı və ya 90,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 20 min 114 şagird yerlik 66 ümumtəhsil məktəbi, 187 inzibati bina, 19 nasos stansiyası, 88 subartezian quyusu, 50 körpü, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilib. Bundan əlavə, bu dövrdə 103 elm və təhsil müəssisəsi, o cümlədən 36 min 786 şagird yerlik 77 ümumtəhsil məktəbi, 81 inzibati bina, 17 nasos stansiyası, 19 subartezian quyusu, 17 körpü, 100 mədəniyyət obyekti, 20 səhiyyə müəssisəsi, 15 idman və bir sıra digər obyektlər yenidən qurulub.

Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixinədək muxtar respublikada 4 qəsəbə və 124 kənd mərkəzi istifadəyə verilib. Əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılıb. Bu istiqamətdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su və kanalizasiya sistemlərinin, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb.

Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin və Şərur rayonunda sutəmizləyici qurğunun tikintisi davam etdirilib.

İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynayıb. Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 370 min 127 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

İqtisadiyyatın aparıcı qüvvəsi olan nəqliyyat sektorunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilib, 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada 1246,6 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bu dövr ərzində hava və dəmir yolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənib, inzibati və yardımçı binalar istifadəyə verilib, maddi-texniki baza gücləndirilib.

İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib, 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib. İnformasiya və rabitə sahəsində aparılmış tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikanın yaşayış ərazilərinin 99,1 faizində genişzolaqlı, 99,5 faizində isə simsiz internet xidməti göstərilib.

Muxtar respublikada sosial-iqtisadi sahələrin tarazlı inkişafını təmin etmək məqsədilə aparılan siyasətin nəticəsi olaraq nəqliyyat, rabitə, enerji, su təchizatı, maddi təchizat, eləcə də digər infrastruktur sahələrində mühüm irəliləyişlərə nail olunub, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: