Tibb fakültəsi 20 yaşında

A- A A+

Muxtar respublikada tibbi kadrlara oaln tələbatın ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli lider Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi muxtar respublikada ixtisaslı həkim hazırlığının əsasını qoyub. Bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün təhsil ocağında fakültənin yaranmasının 20 illiyi qeyd olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov muxtar respublikada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan səhiyyə siyasətinin bəhrəsi kimi universitetin Tibb fakültəsinin önəmini vurğulayıb. Qeyd edilib ki, 20 illik yubileyi qeyd olunan fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bugün fakültənin nəzdində Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur. Rektor 2019-cu il 14 iyun tarixində Qurtuluş günü münasibətilə Tibb fakültəsi üçün əsaslı təmir olunub və tamamilə yeni avadanlıqlarla təchiz olunan fakültə binasının istifadəyə verilməsini isə fakültənin 20 illiyinə töhvə olaraq dəyərləndirib.

Çıxışdan sonra fakültənin yaranması və inkişafı ilə bağlı videoçarx nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Surə Seyid bildirib ki, ötən 20 ildə fakültədə tədris üçün lazımi şərait yaradılıb, müasir xəstəxana istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulub. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 678 tələbə təhsil alır ki, onlardan da 303-ü xarici ölkə vətəndaşıdır. Yarandığı dövrdə fakültədə yalnız Pediatriya ixtisası üzrə həkim hazırlanırdı. Bu gün isə Müalicə işi, Stomatologiya, Əczaçılıq və Tibbi profilaktika üzrə kadr hazırlayan fakültə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirir. Diqqətə çatdırılıb ki, yüksək ixtisaslı kadr hazırlığı və dünya tibb elminə inteqrasiya məqsədilə xarici universitetlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi, tələbə-müəllim mobilliyi, beynəlxalq layihələrdə iştiraka diqqət artırılır. Universitet nəzdində xəstəxananın yaradılması, fitoterapiya, tədris laborotoriyalarının qurulması, ən son texniki imkanlara malik tədris prosesinin yaradılması tibb təhsilini beynəlxalq standartlara uyğunlaşdırır. Surə Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından Tibb fakültəsinin 20 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edib, sağlam gələcək naminə təhsildə daha böyük nailiyyətlər arzulayıb. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin yenidən qurulması, təhsil üçün ehtiyac olan yeni texnologiyalarla təmin  edilməsi, yeni auditoriya sinif otaqlarının müasir laborotoriya və tədris otaqlarının qurulması  tələbələrin keyfiyyətli təhsil almasına müasir, savadlı tibbi kadrların hazırlanmasında çox mühüm rol oynayır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsi Səhiyyə Nazirliyinə hamiliyə verilib. Bütün xəstəxanalarda tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədilə lazım olan bütün şərait yaradılıb. Tələbələr və həkim-rezidentlər Bakı şəhərində və Türkiyə Respublikasındakı tibb müəssisələrinə təcrübəyə göndərilir. Nazir qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin 134 məzunu Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrində müxtəlif ixtisaslarda fəaliyyət göstərir. Onlardan 12-si baş həkimdir. 

Tədbirdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov universitetin rektoru, professor Gəray Gəraybəylinin təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Tibb Universitetinin kafedra müdiri, akademik Adilə Namazova hər iki universitet arasında aparılan əməkdaşlıqdan, qazanılan uğurlardan bəhs edib.       

Tədbirdə Tibb fakültəsinin dekanı Elsevər Əsədov və Universitet xəstəxanasının baş həkimi, ilk məzunlardan olan Elmar Rzayevin çıxışları dinlənilib. Eləcə də, fakültədən məzun olan və təhsillərini xaricdə davam etdirən mənzunların təbrikləri videoçarx vastəsilə dinlənilib. Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi və rəqs nümunələri səsləndirilib. 

Tədbir daha sonra çay süfrəsi arxasında davam edib. Naxçıvan mətbəxini əks etdirən sərgidə dadlı şirniyyatlar, müxtəlif ləziz yeməklər nümayiş olunub. Sonda 2019-cu ildə tədrisdə qazandıqları nailiyyətlərə, fakültənin ictimai işlərində yüksək fəallıqlarına görə bir qrup tələbə Fəxri fərmanla təltif olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: