Naxçıvan Muxtar Respublikası günü-gündən inkişaf edir, abadlaşır və daha da müasirləşir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası özünün sürətli inkişafına, aparılan tikinti-quruculuq və abadlıq işlərinin keyfiyyətinə görə, dünyanın aparıcı dövlətlərinin ən iri şəhərlərindən belə geri qalmır. Əksinə, əsaslı təmirin keyfiyyətinə görə bəlkə də, onlardan da, irəlidə, yəni birincilərdəndir.
Naxçıvanın coğrafi baxımından yerləşdiyi məkana diqqət yetirsək burada, hər bir sahədə olduğu kimi, aparılan tikinti-quruculuq işlərində də diqqətli olmaq vacib şərtdir.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət idarəçiliyi bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən Naxçıvanda daha müasir formada və uğurla davam etdirilir.
İndi Naxçıvanda görülən tikinti-quruculuq və abadlıq işləri təkcə muxtar respublikanın paytaxtına sirayət etmir, bütün rayon və kəndlərində eyni tempdə abadlıq işləri görülür. Təbii ki, bu da, əhali tərəfindən yüksək qiymətləndirilir.
Bu günlərdə diaspor.info saytının əməkdaşları Naxçıvan Muxtar Respublikasının bir neçə rayonunda gedən, tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olublar. Saytımızın əməkdaşları Naxçıvan şəhərindən Şərur rayonuna yola düşərkən ilk gördükləri Kəngərli rayonu Böyükdüz kəndinə çəkilən yeni avtomobil yolunun tikintisi olub.
Daha sonra yağı düşmənin tapdağından azad olunmuş, Azərbaycan əsgərinin qələbəsi sayəsində işğaldan azad edilən Günnüt kəndi ərazisinə gedən rahat yolun göz oxşayan, təmirli olması diqqətimizi çəkdi. Yol boyu bütün ərazilərdə tikinti-quruculuq və abadlıq işlərinə rast gəldik. Şərur rayonuna daxil olarkən istər yaşayış, istər də, inzibati binalarda gedən təmir işlərinin şahidi olursan. Son illər yenidən təmir olunan binalar da yaşayış məskənlərinə xüsusi yaraşıq verir. Şərurda olarkən öyrəndik ki, ilin birinci yarısında 28 müxtəlif təyinatlı obyektin tikintisi başa çatıb, 44 obyektdə isə işlər tamamlanmaq üzrədir. Şərur rayon mərkəzində gördüyümüz yenicə təmirdən çıxmış yaşayış binaları ilə yanaşı xalq arasında “Xeyir-şər yeri” kimi tanınan mərasim evləri də xüsusi zövqlə tikilərək vətəndaşların istifadəsinə verilib.
Şərur şəhərinin giriş qapısında da əsaslı təmir işləri gedirdi. Belə ki, yolların genişləndirilməsi zamanı, elektrik dirəklərinin yenilənməsi, qaz və kommunikasiya xətlərinin dəyişdirilməsi bu işlərin kompleks şəkildə aparıldığını göstərirdi.
Tikinti-quruculuq işləri rayon mərkəzi ilə yanaşı Kərimbəyli, Muğanlı və Alışar kəndlərində də, sürətlə aparılır. Sözügedən kəndlərin məktəblərində təmir işləri artıq yekunlaşıb.
Ukraynada yaşayan Zeyvə-Düdəngə kəndindən olan vətəndaşlarımızın minnətdarlıq hissi ilə qeyd etdikləri içməli su şəbəkəsinin tikintisinin başa çatmasının da şahidi olduq.
Şərur rayonundan Naxçıvan şəhərinə gedən magistral yollun kənarında salınmış tingçilik bağları uzaqdan diqqəti çəkir. Aldığımız məlumata görə Şərur rayonu ərazisində yerli növ meyvə ağaclarının tingləri yetişdirilir ki, bu da əhalinin bu sahəyə marağını bir az da artırır. Əhalinin təzə və keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etmək məqsədi ilə dörd yeni soyuducu anbar tikilib, iki soyuducu anbarın ərazisi isə genişləndirilir. Bu da əhalinin əldə etdiyi məhsulları qış aylarında belə təravətli şəkildə saxlanmasına xidmət edəcəkdir.
Saytımızın əməkdaşları Şərur rayonu ilə yanaşı Babək, Culfa rayonlarını da gəzib, aparılan tikinti-quruculuq işləri ilə yerində tanış olublar. Digər rayonlarda aparılan quruculuq işləri ilə bağlı yazılarımızı növbəti günlərdə oxucularımızın diqqətinə çatdıracağıq.
Diaspor info
Naxçıvan.