Hemofiliyanın problemlərinə həsr edilən konfrans olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Hemofiliyanın problemləri və həlli yollarına dair” 1-ci regional konfrans keçirilib. Azərbaycan Respublikası Hemofiliyalı Xəstələrin Assosiasiyası və Əziz Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının iştirak etdiyi konfransda təcrübə mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada digər xəstəliklərlə yanaşı, hemofiliyanın da müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanıldığını bildirib. Bu xəstəlikdən əziyyət çəkən insanlara nümunəvi xidmət göstərmək üçün Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Bundan başqa, hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsi və profilaktikası üzrə tibbi mütəxəssislər hazırlanır, onların ixtisaslarının artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Hemofiliyalı Xəstələrin Assosiasiyasının sədri Gülnarə Hüseynova qeyd edib ki, hemofiliyalı insan düzgün və vaxtlı-vaxtında müalicə alarsa, sağlam insan nə qədər yaşayarsa, o qədər yaşayar. Bugünkü seminarın təşkilində də əsas məqsəd bu xəstələrin müalicəsi ilə bağlı daha effektiv üsullar ətrafında səmərəli fikir mübadiləsi aparmaqdır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Hemotologiya Şöbəsinin müdiri Xalidə Bağırova,  Naxçıvanda hemofiliyanın vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, muxtar respublikamızda Naxçıvan şəhəri və rayonlar üzrə hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematoloji şöbəsində 67 hemofiliyalı xəstə qeydiyyatda durur.

Sonra Respublika Talasemiya Mərkəzinin həkimi Sevil Cəlilova, Əziz Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunun həkimi Günel Əlizadə, Bakı Sağlamlıq Mərkəzinin Travmotologiya və Ortopediya Şöbəsinin müdiri Sənan Aşirov və Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Fizioterapiya Şöbəsinin müdiri Yeganə Əzizovanın müxtəlif mövzularda məruzələri dinlənilib. 

 Geniş fikir mübadiləsi şəraitində keçən konfransda vurğulanıb ki, hemofiliyalı xəstələrin müalicəsi istiqamətində dünyada yeni tədqiqatlar aparılır. Artıq gen terapiyası əldə olunub ki, bu da hemofiliyalı xəstələrin birdəfəlik sağalmasına imkan verir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, setifikatlar təqdim olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: