Elektroenergetikanın inkişafına təkan
Naxçıvanda elektrikləşmə işləri ötən əsrin əvvəllərində başlanıb, əsrin ortalarında isə bu işlə məşğul olan inzibati və texniki qurumlar yaradılıb. Müstəqilliyə qədərki dövrdə Naxçıvana elektrik verilişi Ermənistan ərazisindən gələn tranzit xətlərlə ötürülürdü. 1992-ci ilin yay aylarından etibarən isə muxtar respublikaya elektrik enerjisinin verilişi məlum hadisələr səbəbindən tam dayandırıldı. Həmin dövrdə muxtar respublika enerji blokadasına salınmış, əhali enerjiyə olan tələbini qarşılamaq üçün kütləvi şəkildə çoxillik ağacları kəsmək onlardan yanacaq kimi istifadə etməyə məcbur qalmışdı. Həmin dövrdə muxtar respublika rəhbər şəxslərin qonşu ölkələrlə apardığı danışıqlar nəticəsində Naxçıvana enerji verilişi qismən yaxşılaşdırıldı və alınan enerji hesabına tələbat ödənildi. Lakin bu məsələnin birdəfəlik həlli XXI əsrin əvvəllərində mümkün oldu.
Vayxır SES-in inşası və alternativ enerji dövrünün başlanğıcı
2005-2006-cı illərdə muxtar respublika elektrik enerjisinə olan tələbatı qarşılamaq üçün yeni elektrik stansiyaları tikilərək istifadəyə verildi. Nəticədə enerji təhlükəsizliyi təmin edildi, etibarlı və dayanıqlı enerji siyasəti digər sahələrin inkişafına töhfə verdi. Bəhs olunan dövrdə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən Naxçıvanda ümumi gücü 151 mVt olan iki yeni elektrik stansiyası inşa olundu. Eyni zamanda əhalidən toplanmış enerji haqları hesabına muxtar respublikanın müstəqillik illərində tikilmiş ilk su elektrik stansiyasının- 4.5 mVt gücündə Vayxır SES-in təməli qoyuldu. 2006-cı ildə istifadəyə verilən Vayxır SES kiçik kateqoriyalı stansiya hesab olunmasına baxmayaraq həmin stansiyanın inşa olunması elektroenergetikanın bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi yönündə ilk tarixi addım adlandırmaq olar.
Sonrakı illərdə Ordubad və Şərur rayonları ərazisində yeni SES-lər inşa edildi, 2015-ci ildə isə Babək rayonu ərazisində isə ölkənin ən böyük Günəş ES-i tikildi. Hazırkı dövrdə Naxçıvan enerji sistemində alternativ və bərpaolunan enerji ümumi enerji istehsalının 70 faizə qədərini təşkil edir. Muxtar respublikada bu sahədə qazanılan uğurları dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək olar və bu sahədə əldə olunan nailiyyətlər təbii amillərlə yanaşı məqsədyönlü inkişaf strategiyası ilə sıx bağlıdır.
Beləliklə müstəqilliyin ilk illərində cəmi 22 mVt gücə malik Naxçıvan enerji sisteminin ümumi gücü 2019-cu ildə 241 mVt-a çatdırıldı. Yaxın gələcəkdə isə bu rəqəmin 300 mVt-a qədər artırılması istiqamətində iş aparılır. Hazırda Ordubad rayonu ərazisində 36 meqavat gücündə yeni SES inşa olunur. Eləcə də muxtar respublikada yaxın gələcəkdə su, günəş enerji mənbələri ilə yanaşı yeni külək elektrik stansiyalarının da tikintisi planlaşdırılır.
Yenidənqurma işləri və rəqəmsallaşma
Elektrik enerjisinin istehsalı ilə yanaşı elektrik qurğularının yenilənməsi, müasir tələblər səviyyəsində qurulması xüsusi əhəmiyyət kəsb edir. Muxtar respublikanın elektroenergetika sistemi sovetlər dövründə uzun müddətli istismar olunub. Bu baxımdan energetika sahəsində yenilənmə işləri xüsusi əhəmiyyət kəsb edir. Hazırda yeni transformator məntəqələrinin quraşdırılması, yeni kabel xətlərinin çəkilişi və mövcud hava xətlərin yeraltı kabel xətlərlə əvəz edilməsi, habelə ön ödənişli-smartkart tipli rəqəmsal sayğacların tətbiqi gündəlikdə duran məsələdir. Naxçıvan şəhəri və Babək qəsəbəsindən sonra Şərur rayonu ərazisində bu kateqoriyadan olan sayğacların quraşdırılması işləri aramsız davam etdirilir. Adıçəkilən bu tipli sayğacların bütün rayon və şəhərlərdə quraşdırlması nəzərdə tutulur.
Elmi-texniki tərəqqinin tətbiqi və yeni kadr islahatları
Məlum olduğu kimi, elmi texniki tərəqqini elektrik enerjisi olmadan təsəvvür etmək qeyri-mümkündür. Bu baxımdan enerji, onun istehsal mənbələri və nəqli texnologiyası ildən-ilə təkmilləşir, bu sahə daim inkişaf edir. Müasir dövrdə bütün elm sahələrində olduğu kimi elektoenergetika sahəsində də innovasiyalar, yeni təşəbbüslər və ideyalar irəli sürülür. Həmin innovativ fikirlər–biznes layihələri və yaxud da startaplar adlanır. Dünyada elektroenergetika sahəsində baş verən yeniliklər davamlı xarakter alıb.
Bu gün iqtisadi baxımdan səmərəli və ətraf mühitə zərərli təsiri az olan layihələrə daha çox önəm verilir. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, hazırda enerji sahəsində aparılan işlər əsasən, enerjinin saxlanması, alternativ enerji, enerji səmərəliliyi və smart-ağıllı enerji sahələrini əhatə edir.
Startaplar qabaqcıl ölkələrdə geniş nüfuz qazanıb və uğurla tətbiq edilir. Hazırda elektroenergetika sahəsində əsasən enerjinin istehsalı, nəqli və məişətdə istifadəsi sahəsində startaplar geniş yayılıb. Bu baxımdan startaplara diqqətin artırılması dövrün tələbidir.
Elektroenergetika sahəsində əsas məsələlərin başında kadr potensialının formalaşdırılması gəlməkdədir. Bu baxımdan bu sahədə kadr islahatlarının aparılması, elektroenergetika sahəsinə marağın artırılması vacib məsələlərdəndir. Bütün bunlar nəzərə alınaraq muxtar respublikada da ali məktəb və digər müvafiq təhsil qurumları ilə əlaqələr yaradılıb və bu əlaqələr inkişaf etdirilir. Tələbə və gənc kadrlar arasından seçilmiş şəxslər müvafiq struktur vahidlərində işlə təmin olunurlar.
Sonda
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü ərzində Naxçıvanda elektroenergetika sisteminin davamlı inkişafı və enerji təhlükəsizliyinin təmini istiqamətində mühüm vəzifələr qarşıya qoyulub və onların icrası təmin edilib. Təsadüfi deyil ki, artıq bu gün Naxçıvan enerji sahəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində bütövlükdə ölkədə nümunəvi regiona çevrilib. Naxçıvanın alternativ enerji mənbələrindən səmərəli istifadəsi hətta Avropa dövlətlərinin belə diqqətini çəkir. Bir neçə ilə əvvəl Naxçıvanda keçirilən “Avropa Günləri”ndə iştirak edən Belçika Krallığının ölkəmizdəki səfiri BertSkufs bu mənzərəni belə qiymətləndirdi:
"Bir çox ölkələr enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışırlar, amma praktikada böyük nəticələr əldə edə bilmirlər. Naxçıvanda isə deyilən hər bir iş yerinə yetirilir. Burada həqiqətən enerji təhlükəsizliyi təmin olunur. Ümid edirik ki, bu sahə gələcəkdə daha da inkişaf edəcək. Naxçıvan Muxtar Respublikası bərpa olunan enerji mənbələri sahəsinin inkişafında hətta bir çox Avropa ölkələri üçün nümunə ola bilər".
Bəli, bu günün reallığı belədir. Bir zaman qonşu ölkələrdən enerji idxal edən Naxçıvan aparılan məqsədyönlü və strateji proqramların nəticəsində indi elektrik enerjisi ixrac edən bir muxtar respublikaya çevrilib. Muxtariyyətinin 95-ci ilini qeyd edən Naxçıvanın dünəni ilə bu günü arasında olan inkişaf zamanın tempinə uyğun, yüksək sürətlə gedir. O da faktdır ki, indi dünyada güc təkcə qüdrətli ordu, inkişaf edən iqtisadiyyatla ölçülmür. Həm də enerji təhlükəsizliyi möhkəm və etibarlı şəkildə qurulan ölkələrin gələcəyi də parlaqdır.
Vaqif Vəliyev
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.