Hər qarışı cənnət məkanım 

A- A A+

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyada hər şeyi insan zövqünə uyğun dəyişə bilir, təkcə Vətən adlı torpaqdan başqa...Vətən tale töhfəsidir. Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur. Mənim də Vətən adlı dünyam saf suyu, bol günəşi, təmiz havası, əvəzolunmaz nemətləri və ən əsası dünya şöhrətli siyasətçiləri ilə tanınan, torpağında böyüyüb boya-başa çatdığım Naxçıvandır. Qoca Şərqin qapısında məğrurla dayanan Naxçıvanım, cənnət məkanım!  Gəmiqaya möhtəşəmliyi, Əlincə məğrurluğu ilə hər zaman qamətini dik tutan, Xan Arazın pıçıltıları ilə nəfəs alan qədim diyar! Əlincə qeyrətli, Gəmiqaya sirli, Möminə xatın şöhrətli məmləkətim. Səndə tarixlərin çox nişanı, Nuh babamızın izləri, Əshabi-Kəhf möcüzəsi yaşayır. Mən sənin Batabat gölündəki möcüzəli “Üzən ada”nı, Duzdağındakı “Büllur sarayı”nı, Darıdağ şəfa bulağını, min bir dərdə dava olan mineral sularını, yayın od ələyən günlərində ilin dörd fəslini başına cəm eləyən Ordubadın “Göy göl”ünü, milli ruhumuzu özündə yaşadan Şərur yallısını gözlərimin önünə gətirdikcə daha doğma, daha füsunkar görünürsən ulu Naxçıvanım. 

... Naxçıvan insanlığın yarandığı qədim, müqəddəs bir diyardır. Peyğəmbər ayağı dəyən torpaqdır. Nuh peyğəmbərlə bağlı əfsanə və rəvayətlərin bu yerlərlə səsləşməsi də onu göstərir ki, ulu Naxçıvan bəşəriyyətin ilk məskənidir. Yeraltı və yerüstü sərvətlərin, münbit torpaqların, əlverişli geosiyasi ərazidə yerləşməyin zaman-zaman sənə həris gözlərlə baxanların sayını artırıb. Buraya dünyanın çox yerlərindən məkrli məqsədlərlə gələnlər olub. Ancaq əliboş qayıdıblar. Arzu-diləkləri ürəklərində qalıb. Vətən təəssübünü hər şeydən üstün tutan, bu yolda canını belə əsirgəməyən, ucalıq, möhtəşəmlik zirvəsi sayılan dağları kimi məğrur olan naxçıvanlılar yurd yerinin hər qarış torpağı üstündə əsib, onun yadelli tapdağına çevrilməsinə razı olmayıblar.  Çünki bu məmləkətdə torpağa həmişə qeyrət rəmzi kimi baxılıb. Yüksək vətənpərvərlik hisslərinə malik olan naxçıvanlılar buna görə də əsl vətəndaşlıq dəyanəti göstərib, ata-babalarımızdan bizə miras qalan torpaqlarımızı mərdliklə qoruyublar. 

Naxçıvanın blokada şəraitində yaşamasına baxmayaraq qədim məmləkətimin gecələri çil-çıraqlı, gündüzləri nurludur. Vaxtilə öz nefti ilə dünyaya həyat verən bir ölkə, elə bizə doğmadan-doğma olan Naxçıvan da zülmətin pəncəsində, qaranlıqda qalmışdı. Ancaq elə bir dövr gəlib çatdı ki, bu diyarın xalqsevər rəhbərləri, qədirbilən oğulları, yurdsevər vətəndaşları zülmətə, qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə Naxçıvan gecələri nur işığına boyandı. Bəli, bu gün Naxçıvan gecələri sözün əsl mənasında nurlu sabahlara elçilik edir. Təbii ki, bütün bu gözəlliklər isə asanlıqla yaradılmayıb, min bir zəhmətlə başa gəlib. Şərqin qapısı, Avropanın ən gözəl şəhərlərinə bənzəyən bu şəhərdə istirahət-əyləncə, alış-veriş mərkəzləri, tarixi yerlər, müqəddəs ocaqlar, milli mətbəx-ləziz təamlar hər bir zövqü oxşadıqca oxşayır. Bu gün şəhərimizə ayaq basan turistlər bu diyarın ecazkar gözəlliyini seyr edir, ulu Naxçıvanı vəsf etməkdən doymurlar. Şəhərimizə gələn qonaqlar naxçıvanlıların qonaqpərvərliyinə, səmimi rəftarlarına və burada yaradılmış turizm potensialına, eləcə də şəhərimizin hər bir addımında hökm sürən təmizliyə heyran olurlar. Bu şəhər sakinlərinin məftun olduğu kimi, onu görənlərin, qoynuna sığınanların da xoş təəssüratlarının şəhəridir. Naxçıvanı indi haqlı olaraq başı göylərə dəyən çinarların, çiçəklərinin ətir ilə yoldan ötənləri valeh edən aksiyaların, kölgəsi yolçuların pənah yeri olan qaraağacların vətəni adlandırırlar. Sakinlər də qurulub-yaradılanların qədrini bilir, qoruyub saxlamağa çalışırlar. Bir sözlə, Naxçıvan yaşanan tarixdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək: “Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır”. Bu gün özünün intibah dövrünə qədəm qoyan Naxçıvanda insanlar bir yumruq halında birləşib tərəqqi edib gözəlləşən yeni bir Naxçıvan salıblar. Bu birlik hesabına bu qədim diyar aydan-aya deyil, gündən-günə dəyişir, gözəlləşir, inkişaf edir. Naxçıvanı gəzərkən sanki özünü nağıllar aləmində hiss edirsən. Dünən gördüyün mənzərə bu gün tamam başqadır. Mərhum şairimiz Elman Həbibin sözləri ilə desək: 

Bu mən görən küçə deyil,
Bu nə küçə, nə dalandır?
Elə bil dünən olmayıb- 
Gördüyümüz ağ yalandı. 
Əyri-üyrü dalanlarda
İtib-batıb nə qalıbsa,
Bir əzəmət qarşısında 
Tarix özü qocalıbsa.

Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, əzəmətli səslənən “Naxçıvan” sözü hər birimiz üçün əzizdir. Bir Naxçıvan sakini olaraq bu diyarada yaşadığım üçün fəxr edir, qürur hissi keçirirəm. Fəxr edirəm ona görə ki, bu diyarda böyüyüb boya-başa çatmışam. Unutmayaq ki, Naxçıvanda bizlər üçün yaradılan bütün bu gözəlliklər gələcək nəslə ərməğandır.. Ona görə də hər birimiz bu sərvəti qorumalı, gələcək nəsillərə olduğu kimi çatdırmalı və bu bənzərsiz gözəllikləri bizlər üçün yaradan, quran əllərə var olsun deməliyik... 

Nuray Cəfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: