Milli ruhda böyüyən gənclik gələcəyimizin təminatıdır

A- A A+

Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Ümummilli lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlər bu gün də öz aktuallığını qoruyur və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsasını təşkil edir. Öz tarixinə bələd olan, milli ruhlu vətənpərvər bir gənc, əlbəttə ölkəsinə yararlı vətəndaş olacaq, cəmiyyətin inkişafına öz töhfəsini əsirgəməyəcəkdir.

Bugünkü gənclik xoşbəxtdir. Bilirsinizmi niyə? Onlar müstəqil bir ölkənin azad vətəndaşlarıdır. Biz müstəqil deyildik, tariximiz təhrif olunmuş şəkildə bizə tədris olunurdu. Milli bayramlarımızı yarı açıq, yarı gizli şəkildə qeyd edirdik. Adət-ənənələrimiz bizə yadlaşdırılırdı. Sovet ideologiyasının qurbanına çevrilərək gerçək tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi unutmaq təhlükəsi ilə üz-üzə qalmışdıq. Oğullarımız başqa ölkələrin ordularında xidmət edirdilər. Tarixi abidələrə biganəliyin özü elə tariximizin üstündən xətt çəkmək demək idi. Bu siyahını daha da uzatmaq olar.

Cəmiyyətin inkişafı gəncliyin inkişafına bağlıdır

Ölkəmiz müstəqillik qazandıqdan sonra qaldırılan üçrəngli bayrağımızın işığında milli-mənəvi dəyərlərimiz özümüzə qaytarıldı. Milli bayramlarımız dövlət səviyyəsində öz əhəmiyyətinə qovuşdu. Həyata keçirilən tədbirlərdən biri və birincisi də elə ulu öndər Heydər Əliyevin səyi və gərgin əməyi ilə milli ordunun formalaşdırılması oldu. Naxçıvandan başlanan milli ordu quruculuğu prosesi Ulu öndərin ölkəyə rəhbərliyi dövründə daha geniş vüsət aldı və vahid komandanlığa tabe olan ordu formalaşdı. Naxçıvanda ilk hərbi təhsil müəssisəsi-Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı yaradıldı. Gənclər hərbi təhsilə cəlb olundular. İndi həmin gənclər milli ordu sıralarında öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində bütün səylər səfərbər olundu. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət gənclər siyasəti sahəsində mühüm işlərin həyata keçirilməsinə başlanıldı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. 2 fevral Azərbaycanda Gənclər Günü elan edildi.

Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənclərin daha geniş sferada fəaliyyətini tənzimləyib. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, davamı olaraq qəbul edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı həyatın bütün sahələrində gənclərin fəallığına, təşəbbüskarlığına, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılmasına, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə hesablanıb. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırıb.

Naxçıvan Muxtar Respublikasında da görülən işlər gənclərin milli ruhlu, vətənpərvər şəkildəformalaşmasına hədəflənib

Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb. Gənclər Fondu fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərlə bağlı layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi və digər istiqamətlərdə qurub.

          Ümumilikdə görülən işlər gənclərin təhsilli, vətənpərvər, dünyagörüşlü olmasına hesablanıb. Aparılan tikinti-quruculuq işlərinin əsas hissəsini məktəblərin inşası təşkil edir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub.Muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən 2569 məzundan 1922-si, yaxud 70 faizi tələbə adını qazanıb. Onlardan 281-i 500-700 arası bal toplayıb. Təhsilli gənclik sağlam gələcək deməkdir. Bu gün Naxçıvanın ən ucqar dağ kəndində belə şəhər məktəblərindən nə maddi-texniki təchizatına, nə də memarlıq quruluşuna görə fərqlənən məktəblər ucalır. Əlamətdar və tarixi günlərdə keçirilən tədbirlər, habelə “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü və “Şahin”, “Sərhəd” kimi hərbi-idman oyunları şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən mühüm işlərdəndir. Bununla yanaşı, muzeylərdə, ələlxüsus da tarix profilli muzeylərdə açıq dərslərin keçirilməsi, həmçinin interaktiv dərslər, tarixi abidələrə ekskursiyaların təşkili tariximizin öyrənilməsi ilə yanaşı, həm də milli-mənlik şüurunun inkişaf etdirilməsinə xidmət edir. Hər bir kəsin Azərbaycan tarixini bilməsi ixtisasından asılı olmayaraq onun ilk növbədə vətəndaşlıq borcudur. Və hər bir vətəndaş bu tarixi ilk olaraq doğulduğu bölgənin, kəndin, şəhərin tarixini öyrənməklə başlamalıdır. 2019-2020-ci tədris ilindən etibarən muxtar respublikanın orta ümumtəhsil məktəblərində dərsdənkənar məşğələ kimi tədrisinə başlanılan “Naxçıvan tarixi” şagirdlərə bu qədim diyarın tarixi ilə yaxından tanış olmağa imkanlar açır. Şagird bu dərsliyi oxumaqla öz doğulduğu bölgənin tarixini nəinki öyrənir, həm də bu tarixə sahiblənir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mütaliənin də rolu böyükdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi də mütaliə vərdişinin formalaşdırılması ilə yanaşı, seçilən 33 kitab vasitəsilə gənc nəsildə vətənpərvərliyi, tarixə, milli köklərə bağlılığı təlqin etmək, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılamaq məqsədi daşıyır.

Son illər muxtar respublikada azərbaycançılıq ideologiyasını özündə əks etdirən çoxsaylı yeni nəşrlər işıq üzü görüb. İllərlə qapısından paslı qıfıl asılan kənd kitabxanalarına yeni həyat verilib.Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə klub, kənd mədəniyyət evlərinin fəaliyyəti təmin olunub.

Muxtar respublikada idman infrastrukturunun yaradılması və aparılan düzgün təbliğat gənclər arasında idmana marağı artırmaqla yanaşı, peşəkar idmançıların yetişməsinə, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artmasına, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu gün muxtar respublikada, ümumilikdə, 36 min 881 yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Gənclər beynəlxalq miqyaslı yarışlarda Dövlət Himnimizi səsləndirir, bayrağımızı yüksəklərə qaldırırlar.

Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanmasında muzeylərin də rolu danılmazdır. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması dövlət atributlarına ehtiramın ən böyük ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu gün Bayraq Meydanı gənclərin müqəddəs and yerinə çevrilib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi xalqımızın döyüş ruhunu, döyüş əzmini nümayiş etdirməklə yanaşı, həm də döyüş şöhrətini gənc nəslə aşılayır. Döyüş Şöhrəti Muzeyi təkcə hərb tariximizin şöhrətini deyil, eyni zamanda ordumuzun müasir gücünü də göstərir. Bu güc orduya inamı daha da artırır, eləcə də ordu sıralarında xidmət etmək, vətənin müdafiəsində dayanmaq istəyini də.

Bu ilin sentyabrında Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdəndir.

Muxtar respublikada milli dəyərlərin təbliği, gənc nəslə aşılanması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilib. Bu baxımdan “Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli sərəncamı milli dəyərlərə qayıdışa, sahiblik hissinə səsləyən mühüm tarixi sənəd olub.

Ötən dövr ərzində “Naxçıvanqala” Tarix-Memarlıq muzey kompleksində “Yallı”, Yaradıcı əllər”, “Xalq yaradıcılığı”, “Milli geyimlər” kimi festivalların keçirilməsi milli dəyərlərimizin daha geniş auditoriya qarşısında təbliğinə, böyüməkdə olan gənc nəslə aşılanmasına xidmət edib.

Gənclər, estafet sizindir

Müasir gənclik üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, gənclər öz yurd yerlərinə sıx tellərlə bağlanır, ən ucqar dağ kəndində belə yeni bina inşa edir, qurur, yaradır, sabahına olan inamını ifadə edir. Vətənpərvərlik, milli-mənəvi dəyərlərə sahiblik hissi kəndlərdən, qəsəbələrdən, şəhərlərdən başlamalı, bütün ölkəni əhatə etməlidir. Təhsilini başa vuran gənclər öz doğma kəndinə qayıdır, kimisi müəllim, kimisi həkim, kimisi dövlət qurumlarının ayrı-ayrı sahələrində çalışmaqla öz doğulduqları torpağın inkişafına, oradakı uşaqların düzgün formalaşmasına töhfələrini verirlər. Artıq müstəqilliyimizin yaşıdı olan gənclik özü böyüməkdə olan gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ilə məşğul olur. Muxtar respublika gəncləri ölkə gənclərinin tərkib hissəsi kimi vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, dövlətə, dövlətçiliyə öz sədaqətlərini nümayiş etdirirlər.Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Gənclər, estafet sizindir. Tariximizə, milli-mənəvi dəyərlərə sahiblik, ulu babalarımızdan miras qalan vətənpərvərlik, qəhrəmanlıq kimi hissləri gələcək nəslə ötürmək missiyası qəhrəman oğullarımızın qanı bahasına əldə olunan müstəqilliyimizi daim var etmək yolunda sizə mayak olacaqdır!

 

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: