Seçki hüquqları ilə bağlı seminar-müşavirə keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda seminar-müşavirə olub. 

Naxçıvan Şəhər 4 Saylı Seçki Dairəsinin inzibati binasında keçirilən seminar-müşavirədə muxtar respublikanın dairə seçki komissiyalarının sədrləri, müavinləri və Şikayətlərin araşdırılması komissiyasının üzvləri iştirak ediblər.

Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov bildirib ki, 2019-cu il 23 dekabra təyin olunmuş bələdiyyə seçkilərinin şəffaf və azad keçirilməsi üçün zəruri tədbirlər görülüb, mükəmməl qanunvericilik bazası yaradılıb. Seçki hüquqlarının təmin olunması sahəsində görülən işlər bu mənada əhəmiyyət kəsb edir. Bunlardan biri də seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həll olunmasıdır. Ona görə də seçki qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə düzgün əməl olunmalı, müvafiq orqanlar vəzifə və funksiyalarını vaxtında icra etməli, seçicilər maarifləndirilməlidirlər. 

Qeyd edilib ki, builki bələdiyyə seçkilərində muxtar respublika üzrə 170 bələdiyyəyə, 1452 üzv seçiləcək.. Muxtar respublika üzrə 7 seçki dairəsi və 292 seçki məntəqəsi fəaliyyət göstərir, -deyən Cəlil Rüstəmov vurğulayıb ki, seçki dairələrinin hər biri müasir şəraitlə təmin olunmuş binalarda yerləşir. Eyni zamanda seçki məntəqələrinin 95 faizi yeni tikilmiş binalarda fəaliyyət göstərir.

Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və Komissiyanın üzvü Ramiz İbrahimov “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əsgər Novruzov “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra müvafiq mövzularla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: