Şərur rayonunda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına 230-dan çox çeşiddə məhsul çıxarılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin yüksək səviyyədə dəstəklənməsi, bu sahənin inkişafına ayrılan uzunmüddətli və güzəştli kreditlər kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən ailə təsərrüfatlarının formalaşmasına geniş imkanlar açıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Şərur rayon mərkəzindəki Heydər Parkında keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında ətraflı məlumat verilib.

Tədbirin aparıcıları bildiriblər ki, dövlət qayğısından yetərincə yararlanan ailə təsərrüfatçıları hər il məhsul istehsalını və çeşidini artıraraq həm ərzaq bolluğunun yaradılmasına, həm də öz güzəranlarının yaxşılaşdırılmasına çalışırlar.

Vurğulanıb ki, muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərurda uzun illərdir torpaq insanların daimi iş yerinə çevrilib. Bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hər il məqsədyönlü tədbirlər həyata keçirilir. Meliorasiya-irriqasiya işləri görülür, rayona yeni kənd təsərrüfatı texnikaları gətirilir, torpaqda çalışanlara yüksək reproduksiyalı toxumların, mineral gübrələrin, həmçinin güzəştli kreditlərin verilməsi, emal və istehsal sahələrinin, soyuducu anbarların yaradılması diqqət mərkəzində saxlanılır. Bütün bunlar insanların torpağa bağlılıq hisslərini daha da gücləndirir. Mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının sayının gündən-günə artması da təsərrüfata bağlananlara göstərilən dövlət qayğısının ifadəsidir. Hazırda rayonda sayı hər gün daha da artan onlarla ailə təsərrüfatı fəaliyyət göstərir.

Qeyd olunub ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi belə təsərrüfatların fəaliyyəti üçün geniş imkanlar açıb.

Bu bölgədə də sahibkarlığa gedən yolun başlanğıcı olan ailə təsərrüfatlarının yaradılmasına böyük maraq vardır. Bunun nəticəsidir ki, bir qarış da torpaq boş qalmır, yeni heyvandarlıq, quşçuluq təsərrüfatları, istehsal müəssisələri yaradılır, meyvə bağları salınır.

Vurğulanıb ki, noyabrın 2-3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Ailə təsərrüfatı məhsulları” festivalının sonunda iştirakçılar arasında “Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqənin qalibi Şərur rayon Aşağı Aralıq kənd sakini Fərqanə Muxtarova olub, Qışlaqabbas kənd sakini Cəfər Seyidovun başçılığı ilə fəaliyyət göstərən təsərrüfat isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, əsl bayram şənliyinə çevrilən festivalda rayonun bütün kəndlərinin ailə təsərrüfatlarının təmsilçiləri iştirak edib. Festivala 230-dan çox çeşiddə məhsul çıxarılıb. Həmin məhsulların 6 mindən çoxu qablaşdırılıb. Bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən, tərəvəzlərdən istehsal olunan mürəbbələr, kompotlar, turşular, tutdan hazırlanan doşab, müxtəlif meyvələrdən çəkilən araqlar, şirələr, dağlarımızda bitən dərman bitkiləri festivala gələnlərin marağını daha çox çəkib. Yalnız bu bölgəyə məxsus mətbəx nümunələrinin hazırlanması da diqqətçəkici idi. Festival iştirakçılarına ictimai iaşə xidməti də göstərilib. Rayonda müxtəlif xalq yaradıcılığı ilə məşğul olanların, məktəbdənkənar təhsil müəssisələrində müxtəlif dərnəklərə cəlb olunmuş şagirdlərin, məhdud fiziki imkanlı şəxslərin əl işləri də festivala çıxarılıb.

Tədbirdə rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri və “Şərur” Xalq Yallı Ansamblı ifa etdikləri maraqlı və rəngarəng nömrələrlə iştirakçılara xoş ovqat bəxş etdi. Balaca sazçalanların çıxışları festivalda alqışlarla qarşılanıb.

Festivalda iştirak edən Düdəngə kənd sakini, ailə təsərrüfatı başçısı, I dərəcəli “Əmək” ordenli Mübariz Şirəliyev jurnalistlərlə söhbətində bildirib ki, mətbəximiz üçün bu torpaqda hər növdə və çeşiddə məhsulu yetişdiririk. Torpaqlarımız münbitdir, suyumuz boldur, məhsulun satışı üçün bazarımız var. Bircə bu imkanlardan səmərəli istifadə etməyi bacarmaq qalır.

Festivalın fəal iştirakçılarından olan Aşağı Aralıq kənd sakini, ailə təsərrüfatı başçısı Fərqanə Muxtarova muxtar respublikada ailə təsərrüfatlarına göstərilən qayğıya, onların fəaliyyətinin dəstəklənməsi üçün hərtərəfli şərait yaradılmasına görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə festivalların diyarımızın bölgələrində də keçirilməsi ayrı-ayrı rayonlara məxsus ailə təsərrüfatları məhsullarının təqdimatı və satışının təşkili baxımından əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: