Bu fikri NUHÇIXAN-a Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirli deyib.
Şura üzvü qeyd edib ki, 1992-ci ildə - çətin bir dönəmdə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılan partiya ölkəmizə, eləcə də muxtar respublikaya hərtərəfli inkişaf və rifah gətirib:
“Partiyanın yaradılmasının 27-ci ildönümünü qeyd edərkən bir daha görürük ki, indi Naxçıvan 90-cı illərin çətin və məşəqqətli günlərini yaşayan Naxçıvan deyil. Yeni Azərbaycan Partiyası iqtidarının apardığı uğurlu sosial-iqtisadi islahatlar, yaratdığı sabitlik, əlverişli investisiya mühiti ən ucqar kəndlərə belə müasirlik gətirib. Naxçıvanın ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin edilib. Yeni yollar, körpülər, su anbarları, suvarma şəbəkələri, elektrik stansiyaları, kənd və qəsəbə mərkəzləri, yüzlərlə xidmət sahələri, sənaye və yerli istehsal kompleksləri tikilib, bu hesaba 10 minlərlə iş yeri yaradılıb. İndi Naxçıvan sementdən tutmuş avtomobilə qədər özü istehsal edir”.
Sahil Tahirli deyib ki, Naxçıvan indi həm də təhlükəsiz və cinayətsiz diyar kimi tanınır. 90-cı illərin statistikasına nəzər saldıqda görürük ki, 300 min nəfər əhalinin yaşadığı muxtar respublikada bir il ərzində 800-850 cinayət hadisəsi baş verirdi. İndi əhalinin 450 mini keçməsinə baxmayaraq il ərzində 3-4 kiçik hadisə müşahidə edilir:
“Bu tədris ilində işğalçı Ermənistanda 20-ə qədər məktəb imkansızlıq və şəraitsizlikdən bağlanıb. Ancaq Naxçıvanda demək olar ki, hər ay yeni bir elektronlaşmış məktəb kompleksi tikilib və ya yenidən qurulub istifadəyə verilir. Təkcə bir faktı deyim ki, bu tədris ilində əvvəllər müəyyən səbəblərdən Naxçıvandan köçmüş ailələrdən olan 300-dən artıq şagird məktəblərə qəbul edilib. Açılan iş yerləri və yaradılan yüksək standartlı yaşayış şəraiti uşaqları, ailələri də doğma torpağa qaytarır. Ali məktəblərə qəbul göstəriciləri də 90-cı illərlə müqayisədə 3-4 dəfə artıb. Bir vaxtlar ciddi içməli və suvarma suyu problemi yaşanan Naxçıvanda indi 225 min nəfər öz evində tam standartlara uyğun təmiz su ilə təmin edilir. Bütün əhali təbii qaz, elektrik enerjisi və sürətli internet xidmətləri ilə əhatə olunub. Enerji problemlərinin uğurlu həlli ekeoloji durumu da xeyli yaxşılaşdırıb. 90-cı illərdə quraq və çılpaq olan Naxçıvanın indi 20 faiz ərazisi yaşıllıq altındadır”.
Sahil Tahirli noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşünü də xatırladıb. Vurğulayıb ki, Prezidentimizin Naxçıvanın uğurlu inkişafını bir daha qeyd etməsi və bundan sonra da qədim diyarın çiçəklənməsi üçün lazımi imkanların yaradılacağını bildirməsi həm də dövlət başçımızın Naxçıvanda görülən işlərə verdiyi yüksək qiymətdir.