Vətənpərvərlik tərbiyəsi diqqət və qayğı ilə əhatə olunub

A- A A+

Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, baş verən dəyişikliklər nəinki ölkəmizi ağır iqtisadi-siyasi böhrana sürüklədi, eyni zamanda əsrlərlə formalaşmış milli-mədəni irsimizə, dəyərlərimizə, milli genofondumuza da zərər verdi. Belə ki, şəhər və kəndlərimizdə dağıdılan, viran qoyulan, erməni vandalizminə məruz qalan tarixi abidələrimiz, muzey və ziyarətgahlar, turizm məkanları ağır dövrünü yaşayırdı. Təhsilin səviyyəsi geriləmiş, gənclərin asudə vaxtının təşkili, mədəni-kütləvi tədbirlərin keçirildiyi müəssisələr fəaliyyətini dayandırmışdı. Gənclər mənfi meyllərə doğru yönəlmiş, sabaha olan ümid tükənmişdi. Bütün bunların fonunda isə böyük nəslin, yeniyetmə və gənclərin təhsil və vətənpərvərlik tərbiyəsində, doğma elin hər qarışına məhəbbət hisslərində bir boşluq yaranmışdı.

Ulu öndərin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi gənclər siyasətində, gənclərin vətəndaşlıq tərbiyəsində müsbət mənada inqilab yaradan dəyişikliklərə səbəb oldu. Dövlət gənclər siyasəti prioritet elan edilərək geniş tədbirlər icra olundu. Ölkədə ilk dəfə gənclər günü təsis edildi, gənclərin təhsili, sağlamlığı, məşğulluğu və cəmiyyətin avanqard qüvvəsinə çevrilə bilməsi üçün maddi-texniki və hüquqi baza yaradıldı. Gənclərdə işıqlı sabaha inam hissi formalaşdı, cəbhədə uğurlu əməliyyatlar məhz vətənpərvər gəncliyin vətən naminə canlarından belə keçməsi sayəsində mümkün oldu. Demək olar ki, dağılmaqda və məhv olmaqda olan gənclik yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Ən etibarlı və işgüzar qüvvə kimi gənclər cəmiyyətin bütün sahələrində irəli çəkildilər. Sözsüz bütün bu proseslərin ilkləri məhz doğma Naxçıvan Muxtar Respublikasında baş verdi. Ulu öndərin muxtar respublika Ali Məclisinin Sədri olarkən ağır şəraitdə olmasına baxmayaraq yeniyetmə və gənclərin təhsili, sağlamlığı, dövlət idarəetməsində irəli çəkilməsi yaxın keçmişin həqiqətləridir. Gələcək kadr ehtiyatı kimi həmin ağır dövrün iştirakçıları sonradan muxtar diyarımızı işıqlı sabaha uğurla apardı və bu gün də inamla aparmaqdadır.

Bu gün Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə savadlı, sağlam, intellektli və hər şeydən öncə vətənpərvər gənclər yetişməkdədir. Aparılan gənclər siyasəti nümunə səviyyəsindədir, müasir standart və yeniliklərin tətbiqi ilə milli dəyərlərə bağlılığın sintezindən bəhrələnən gənclər əsl vətənpərvərlər kimi yetişirlər. Muxtar respublikada ən ucqar kənddə, yaşayış məskənində belə müasir, komfort həyat formalaşıb ki, bu da gənclərin yurd yerinə sevgi və torpağa məhəbbət ruhunda tərbiyəsinə öz müsbət təsirini göstərməkdədir. Tarixi yer və məkanların yenidən bərpa olunması, yeni təhsil və məşğulluq infrastrukturların formalaşması gəncləri qurub yaratmağa səsləyir. Artıq gənclər də bütün sakinlər kimi doğma yer-yurdlarımız olan kəndlərə axışır və mütəxəssis kimi müxtəlif sahələri təmsil edən işlərlə məşğul olurlar. Çünki buna hərtərəfli şərait yaranıb. İndi ucqar dağ kəndlərimizdə belə könüllü olaraq müəllim kimi çalışan gənclərimizin sayı günü-gündən artmaqdadır. Çünki bu məktəblər artıq heç də şəhər məktəblərindən geri qalmır. İndi həm də sahibkarlıq sahəsində şəffaflığın təmin olunması gəncləri kənd təsərrüfatının müxtəlif sahələrində uğurlu biznes və fermerlik fəaliyyətinə sövq edib.

Gənclərlə aparılan iş, fəaliyyətin tənzimlənməsinin nəticəsidir ki, muxtar respublikanın təbliğində, beynəlxalq səviyyədə tanıdılmasında onların rolu artıb. Kütləvi informasiya vasitələlərində və sosial şəbəkələrdə tez-tez gənclərin müxtəlif tarixi məkanlardan və abidələrdən paylaşımlarını görürük və sevindirici haldır ki, aidiyyəti qurumlar gənclərin bu yerlərə ekskursiyasını təşkil edir və bu kimi tədbirlər geniş vüsət almaqdadır. Gənclərimiz muxtar respublikamızı beynəlxalq aləmə xarici dillərdə və qədim, ecazkar və sürətlə inkişaf edən bir diyar kimi təqdim edirlər.

Gənclərin vətənpərvərlik tərbiyəsinin təşkili kompleks yanaşma və kiçik yaşlarından tərbiyəvi işin aparılması sayəsində mükəmməl nəticəyə səbəb olur. Ailədə, bağçada, məktəbdə, ali təhsil müəssisələrində, eləcə də ictimai mühitdə bu hisslər daha da sistemləşir və digər duyğular kimi sanki qana hopur, insanı vətənin inkişafı, səadəti üçün qurub-yaratmağa səsləyir. Bu gün isə bu zamanın, vaxtın çağırışıdır. Mənfur Ermənistan sayəsində torpaqlarımızın hər hissəsi işğalda, bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətindədir. Lakin Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, Azərbaycan dövləti öz torpaqlarının işğalı faktı ilə barışmayacaq və mübariz Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımız qaytarılacaq. Bunun üçün ordu quruculuğu, peşəkarlığın artırılması və ordunun dünya standartlarına  uyğunlaşdırılması istiqamətində böyük işlər görülür. Ordu quruculuğu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin prioritet istiqamət  kimi diqqət göstərdiyi sahələrdən  ən öndə gələnidir. Məhz bu qayğının, Azərbaycan gənclərinin  vətənə sonsuz məhəbbət hissidir ki, biz son dövrlər Lələtəpə, Günnüt zəfərlərinə nail olmuşuq. Münaqişədə güc nisbəti Azərbaycanın xeyrinədir və ən əsası da psixoloji üstünlüyə malik olan ordumuz hər an düşməni torpaqlarımızdan qovmağa hazırdır. Eyni zamanda  aparılan  məqsədyönlü siyasətin nəticəsidir ki, ordu-xalq həmrəyliyi ən yüksək səviyyədədir. Həmçinin  gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə görüşünün müntəzəm  təşkil olunması da bu siyasətin tərkib hissəsi kimi əhəmiyyətlidir. Nəhayət, vətənpərvərlik hisslərinin təbliğində, böyüyən nəslə əxz edilməsində nümünə  sayılacaq təcrübənin  olması da vacibdir. Bu gün muxtar respublikamızda  gələcəyin qurucuları olan gəncliyin  intellektual inkişafı, vətənpərvər ruhda tərbiyə olunması  üçün bütün şərait və infrastruktur mövcuddur. Bu sahə tamamilə dövlət qayğısı ilə əhatə olunub. Sözsüz, gənclərimiz də bu qayğıya cavab olaraq üzərinə düşən məsuliyyəti dərk edərək öz elini, obasını, torpağını sevəcək və doğma Naxçıvanımızın inkişafında əhəmiyyətli qüvvə kimi əllərindən gələni edəcəklər.

                                                      Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları

və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: