Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ginekologiyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib.
Tədbirdə mövzu ilə bağlı müxtəlif çıxışlar olub. Qeyd edilib ki, son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Muxtar respublikada sonsuzluq problemlərinin həlli üçün Doğum Mərkəzində ektrakorporal mayalanma şöbəsi fəaliyyət göstərir. Sonsuzluğun müalicəsi xidmətinin təşkili üçün Bakı şəhərindən, Türkiyə Respublikasından mütəxəssislər ardıcıl şəkildə Mərkəzə dəvət olunub. Səhiyyə müəssisələrində çalışan həkim ginekoloqlarla keçirilən görüşlərdə süni mayalanma, sonsuzluğun müalicəsi, hamiləlik, doğuş, qeysəriyyə, endoskopik cərrahlıq, kistoektomiya, miomektomiya və qadın xəstəlikləri barədə fikir mübadiləsi aparılıb.
Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-ginekoloq, rezidentlərin iştirak etdiyi konfransda video-süjetlər, müayinə və cərrahiyyə proseslərindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb.