Qədimliyi müasirliyə qovuşan Türkeş kəndi - FOTOLAR

A- A A+

29 yaşım var. Dünyaya gözümü Şahbuz rayonunun Türkeş kəndində açmışam. Özümü dərk edəndə bugünkü firavan, azad vətənin üç rəngli bayrağının kölgəsini görmüşəm. Yaşım çatmasa da, oxuduqlarım, müşahidələrim və yaşca məndən böyük olan nəslin nümayəndələri, necə deyərlər gününü görüb, dövranını sürən insanlarla söhbət etməyi sevdiyimdən məndə 90-cı illərin ağır dövrü ilə bağlı müəyyən mənada yaranan fikirlər, qurulub yaradılanlar bu yazı üçün qələmi əlimə almağa həm ilham, həm də cəsarət verdi.

Beləcə, dünənimizi eşitdiklərimdən, bu günümüzü şahidliyimdən, müşahidələrimdən,  gələcəyimizi isə atılan addımların, yürüdülən siyasətin uzaqgörənliklə hesablanmasından yola çıxaraq danışacağam.

Xəyallardan-reallığa...

Doğma torpaq, yaşı minilliklərlə ölçülən qədim tarix, gözəl mənzərələr məkanı Türkeş... Tanrı bu diyarın hər qarışına sığal çəkib, insan əli onu başdan-başa abadlaşdırıb. 

Bu gün rayonun başqa kəndləri ilə yanaşı, dağlar qoynunda kök salan Türkeş kəndi də müasirlik dövrünü yaşamaqdadır. Elə mən də bu günlərdə doğma kəndimizin hüsnünə tamaşa etmək üçün oraya yollandım. İnsan əli ilə yaradılan yeniliklərə, dəyişikliklərə baxaraq həqiqətən də duyğulanmamaq olmur. Maşın dümdüz asfalt yollarla kəndə doğru yürüdükcə adama elə gəlir ki, hansısa bir şəhərə gedirsən. Uşaqlığımın daha çox keçdiyi bu kənddə əvvəlki köhnə tikililərdən, uçuq-sökük, bərbad yollardan heç bir əsər-əlamət qalmayıb. O zamanlar kəndə nahamar yollarla getdiyim günləri xatırladım. O vaxt bu yollarla kəndə getmək həm vaxt aparırdı, həm də əzab-əziyyətli idi. Çünki dağlardan gələn sellər getdikcə yolları daraldıb, yuyub aparmışdı. Qış ayları gələndə isə buraya gediş-gəliş lap çətinləşirdi. Qar çox yağanda avtobus kənddən çıxa bilmir, insanlar düşüb piyada getməli olurdular. Hətta yaddaşımı bir az da “qurcalayanda” soyuq qış günlərinin birində bu yolu qət edərək imtahana çatmaq üçün qonşu kənd olan Sələsüzə, oradan da şəhər mərkəzinə getdiyimi xatırlayıram.  Lakin indi dövlətimiz tərəfindən bu kəndə necə gözəl, necə rahat yol çəkilib. Hətta yolun davamlılığı üçün qoruyucu-mühafizə qurğuları, selötürücü, suötürücü və beton kanallar da çəkilib. Həmçinin yol kənarına müxtəlif meyvə və meşə tingləri əkilib. Və əlbəttə ki, bütün bunlar güclü iqtisadiyyatın, yüksək mədəniyyətin və ekoloji mühitə qayğının göstəricisidir.

Beləcə, çox rahat və hamar yollarla  kəndimizə çatdım. Bu kənddə də  Tanrı vergisi olan təbiət mənzərələri, təmiz hava, saf sulu kəhrizlər dərdlərin dərmanıdır. Qeyri-ixtiyari maşının pəncərəsini açıb ciyərdolusu nəfəs almaq istəyir insan.

Bu yerdə xatırladıqlarım...

Sözlə ifadəsi mümkün olmayan  səmadakı təmizliyi düşünə-düşünə addımlayıb kəndin mərkəzinə gəlib çatdım. Bir neçə dəqiqəlik ayaq saxladım.  Kənddə inşa edilən yeni müasir məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, rabitə evi göz oxşayır. 

Məktəb binasına göz gəzdirirdim ki, içimdən bir səsin “nə olub, özün bu məktəbdə təhsil ala bilməmisən deyə paxıllıq hissi keçirirsən?” sualını ünvanladığını hiss etdim. Bir anlıq “sən olsan elə düşünməzsən?” cavabı keçdi içimdən. Əslində, dediyində az da olsa haqq vardı. Duyğularım qarışıq idi. Paxıllıq deməyək, qibtə hissim yüksək idi.

…Zaman çox sürətlə keçir, yaxud da doğma diyarımın inkişafı zamanı üstələyəcək sürətdədir. Sanki dünənmiş kimi gözümün önündədir 1997-ci il sentyabrın 1-i. Bir əlimdə doğma dilimi öyrənəcəyim əlifba kitabını qoyduğum çanta, bir əlimdə isə bərk-bərk yapışdığım atamın əli, bir mərtəbədən ibarət olan binanın özü qədər köhnə olan qapısında dayanıb  içəri keçməyi gözləyirdik. Hə, həmin gün mənim təhsil yolunda ilk addım atdığım gün-ilk dərs günüm idi.  O vaxtlar məktəbimizin binası şəraitsiz, istifadəyə o qədər də yararlı deyildi. İstidə çox hiss olunmasa da, qış aylarında bu şəraitsizliyin əziyyətini çəkmirdik, desəm yalan olar. Daş döşəmələr, yanmaq əvəzinə özünəmxsus şəkildə neft hisini yayan sobalar, tez-tez kirlənən ağ köynəklər, soyuqdan “beynimizə girməyən” dərslər, titrəməkdən barmaqlarımızın tutmadığı qələmlər və müəllimimizin bəzən təbaşir əvəzinə kömür parçası ilə çızdığı yazı lövhəsi və sair… Təəssüf doğurucu, lakin etiraf edim ki, eyni zamanda heç zaman unuda bilməyəcəyimiz şirin xatirələrin gizləndiyi məktəbimizi indi gözoxşayan, hər cür şəraiti olan bir bina əvəz edir. Artıq kəndin məktəbliləri müasir standartlara cavab verən bu binada davam etdirəcəklər təhsillərini. Elektron lövhə, müxtəlif fənn kabinələri Özümə, yaşıdlarıma qismət olmasa da, heç şübhəsiz ki, hər birimizin doğmasına, qohum-əqrəbasına nəsib oldu bu təhsil şəraiti.

Gənclərin yaradılanlara münasibəti....

Yaş keçir, biz böyüyürük. Gəncliyin verdiyi özünəməxsus məşğuliyyətlər, iş-güc, hər zaman şikayətləndiyimiz vaxt azlığı imkan vermir ki, buralara daha tez-tez gəlim. Lakin bu dəfə hüsnünü seyrə çıxmış kimi tələsmədən gəzdiyim kəndimizdə öz həmyaşıdlarımla, gənclərlə rastlaşıb salamlaşdım. Onlardan bəziləri bu gündə kənddə yaşayır işləyir və fəaliyyət göstərirlər. Hətta bu gənclər arasında öz ailəsi ilə kənddə qayıdıb məskunlaşanlar da var. Buna görədə onlarla həmsöhbət olamaq çox maraqlı oldu. Bu dəfə “gəlməyəli nə dəyişikliklər gördün kənddə?” sualı ilə başladı söhbətimiz. “Təzə tikililər diqqətimi çəkdi”,-  deyə cavab verdim. Cavabım qısa oldu. Çünki mən həmişəki kimi yenə də dinləmə mövqeyimdə qaldım ki, həmyaşıdlarımın, bu günkü gəncliyin, qurub yaradılanlara münasibətlərini onların özlərindən dinləyib yazımda qeyd edim....

        ... -O heç da, elə  kəndin girişindən salınan yolun izinə düşsən, səni gətirib çıxaracaq bu yeni tikililərin yanına, deyən Əyyub Cəfərli kənd camaatının sevincindən, xüsusilə də uşaqların sevincdən ağızdolusu danışdı. Həmçinin, bunların hesabına kənddə yeni iş yerlərinin açılmasınıda xüsusi bir sevinc və intonasiya ilə diqqətə çatdırdı. İndi neçə adam elə kənddə işləyib ailəsini dolandırır. Camaat bu binaların açılışını necə həyəcanla gözləyirdi, bir biləsən. İnanırsan, hər kəsin dilində bir kəlmə var - qurub-yaradana minnətdarlıq! Biz təkcə kəndimiz üçün yox, bütöv Naxçıvanımız üçün görülən işlərə sevinirik!

Öz həm yaşıdlarımın Türkeşlilərin fikrini o qədər ürəkdən, səmimi olaraq çatdırdı ki, bu dəfə həqiqətən mənə deyəcək söz qalmadı. İstər istəməz gələcəyini gənclərində görən bu ölkənin gənci olmaqdan qürur duydum.

Tarixi yaddaş və bu yaddaşa sahiblik.

Bu yerdə istərdim bir haşiyə çıxaraq, doğma kəndimin tarixi və “Türkeş” toponimi haqqında kənd ağsaqqalarının, ağbirçəklərinin söz xəzinəsindən süzülüb gələnləri və bir sıra tarixi mənbələrdən günümüzə gələn məlumatları diqqətə çatdıram. Beləki ilk növbədə təssüfflə də olasa qeyd etmək lazımdır ki, bu toponim Sovet hakimiyyəti illərində “Tırkeş” yaxud “Tirkeş” adlandırılıb, lakin sözün dəqiq izahı göstərilməyib. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi müstəqillik qazandıqdan sonra bütün sahələrdə həyata keçirilən uğurlu islahatın nəticəsi olaraq, hər bir regionun, rayonun, kəndin tarixiliyi də özünə qaytarılıb. Beləki 2003-cü ildən “Tırkeş” sözü haqlı olaraq “Türkeş” toponimi ilə əvəz olunub. Bu da onun türklərlə bağlı olan toponim olduğunu göstərir.

Güclü iqtisadiyyatın parlaq nəticəsi...

Bu gün öz tarixi kökləri üstündə inkişaf edən, dağları, dərələri bir-biri ilə qol-boyun olan Türkeş kəndinin zəhmətsevər sakinləri  öz tarixi keçmişlərinə sahib çıxmaqla yanaşı, babalardan bizə yadigar qalan əkinçilik, maldarlıq, arıçılıq kimi sahələri də inkişaf etdirirlər.

Dövlətimiz tərəfindən həyata keçirilən aqrar islahat bu gün öz müsbət nəticəsini göstərir. İndi torpaq sahibi olan hər bir kəndli onlara göstərilən dövlət qayğısından ruhlanaraq, əkib-becərmək, qurub-yaratmaq əzmi ilə bütün qüvvələrindən istifadə etməyə çalışır. Bu qədim yurd yerinin hər bir sakini yaxşı bilir ki, torpaqla ülfət bağlayan ac qalmaz. Buna görə də torpağa can yandırır, onu əzirlər ki, torpaqda onları əzizləyir.  Dövlətimiz tərəfindən də bu sahə diqqət mərkəzində saxlanılaraq, 300 hektarlıq bir ərazidə qapalı süni suvarma sisteminin qurulması da torpaqla ülfət bağlayanların həm sayına, həm də müasir əkin üsulundan istifadələrinə imkan yaradıb. Bunun nəticəsidir ki, bu gün kənddə 300 hektardan artıq sahədə taxıl səpini həyata keçirilib.

Həmçinin kifayət qədər otlaq sahələri olan kənd heyvandarlığın inkişafı üçün də olduqca əlverişlidir.  Hazırda kənddə şəxsi təsərrüfatlarda yüzlərlə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bəslənməsi bunun əyani sübutudur.

Onu da qeyd etmək lazımdır ki, kənddə arıçılıq üçün də əlverişli mühit mövcuddur. Türkeşdə ayrı-ayrı təsərrüfatlarda onlarla arı ailəsi saxlanır. Min bir güldən, çiçəkdən toplanan balın ləzzəti damaqlara dad olmaqla yanaşı, min bir dərdə də dərmandır.

Bütün bunlar qeyd etdiyimiz və etmədiyimiz tərəfləri ilə öz tarixiliyini qorumaqla gələcəyə doğru yol gedən, dağlar arxasında yerləşən qədim Türkeş kəndinin günümüzdə ki, real mənzərəsidir.

Rəmzi Tahirli

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: