Şahtaxtı hamamında son tamamlama işləri aparılır

A- A A+

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi mədəniyyət abidələrinin bərpası mühüm yer tutur. Son illərdə regionumuzda onlarla belə abidə əsaslı şəkildə bərpa olunub, onlara ikinci nəfəs verilib, turizm üçün cəlbediciliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, tarixi əhəmiyyəti ilə seçilən Şahtaxtı hamamında da kompleks bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik ərazini əhatə edir. Yerli sakinlərin məlumatına görə hamam XIX əsrdə İsa Sultan tərəfindən tikdirilib. Şahtaxtı hamamı yarım yeraltı formada inşa edilib. Bərpa işləri başlayandan indiyədək tarixi abidənin təməl hissəsinin möhkəmləndirilməsi üçün daxildə və fasad hissədə beton işləri görülmüş, uçan yerlərin bərpası üçün divarlarda hörgü işləri aparılıb, pəncərə yerləri qoyulub, yeni kommunikasiya xətləri çəkilib, qapı və pəncərələr asılıb. Fasad hissədə isə üzləmə işləri aparılıb, ərazidə istinad divarı hörülüb, dam örtüyü bərkidilib. Hazırda günbəzlərin üzlənməsi işləri davam edir, hamamın ətrafı abadlaşdırılır, buraya gələn yol əsaslı şəkildə yenidən qurulur. Bərpa işləri aparılarkən hamamın ilkin quruluşunun qorunub saxlanılması diqqətdə saxlanılıb. Bu tarixi abidəyə ikinci həyat verilməsi tezliklə bölgənin turizm potensialına da öz təsirini göstərəcək.

“Yeni həyat” qəzeti

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: