Elə mövzular var ki, onların özü elə tərənnüm istəyir. Vətən haqqında nə qədər yazılsa yenə də azdır. El deyimlərində, şeirlərdə Vətənin gözəllikləri tərənnüm edilib.
Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Bu bayatıda böyük vətənpərvərlik motivləri var. Nənələrin, babaların həzin səslə oxuduqları bu bayatılarda təbliğ edilən fikirlər ruhumuza hopur, qəlbimizi riqqətə gətirir. Doğulduğumuz, boya-başa çatdığımız, təmiz havasını udduğumuz, üstündə ayaq açıb addımladığımız bu torpaq bizə əzizdir.
Dünya gözəldir o, gözəllikləri yaşadığımız yerlə müqayisə edəndə düşünürük ki, yaşadığımız yer dünyanın hər yerindən gözəldir.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Ədəbiyyatımızın vətənpərvər şairi Məmməd Araz ömrünü daşların üstündə olan mamırlarla müqayisə edib. Mamır daşlara bir gözəllik bəxş edir. Şairin qəlbində olan vətən sevgisi o qədər genişdir ki, Vətənin adi bir mamırından da zövq almağı bacarır. Vətən üçün gərəkli olmağı vacib bilir. Vətən torpağının kələ-kötür daşı, əlçatmaz qayaları, kəhər atın belində dolandıqca qurtarmayan dolanbac yolları, geniş çölləri, yamyaşıl meşələri orada yaşayanlar üçün ilham qaynağıdır.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam doğma Vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan! Azərbaycan!
Könülü candan ayırmaq olmadığı kimi, özünü də Vətəndən ayrı salmaq olmaz. Biz orada dünyaya göz açır, ata ocağına, isti nəfəsinə qızınaraq özümüzə yurd yuva qururuq. Məskən etdiyimiz yerin hər şeyi şirin-acı xatirələrlə bizi həyata bağlayır. Yaşadığımız yerin havası, suyu, təbii nemətləri ilə bir ömür yaşayır, ömrümüzün hər dəqiqəsində özümüzə məskən etdiyimiz yurdun gözəlliklərindən ilham almağı vacib sayırıq.
Biz müəllimlərin üzərinə bu yolda böyük iş düşür. Cəmiyyətin gələcəyini biz tərbiyə edirik. Gələcək üçün tərbiyə etdiyimiz gənclərdə vətənpərvərlik hissi aparıcı mövzu olmalıdır. Fənlərin tədrisində uşaqlarda bu hissi möhkəmləndirmək üçün dərsliklərdəki materiallarla kifayətlənmək olmaz. Çalışmaq lazımdır ki, uşaqlar bədii ədəbiyyat nümunələrindən müxtəlif video filimlərdən də istifadə etsinlər. Bu mövzuda disputlar, kitab müzakirələri təşkil etmək vacibdir.
“Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən əsərləri oxuyub müzakirə etmək günün aparıcı mövzusudur. Uşaq görüb-duyduğu, öz təxəyyülündə saf-çürük etdiyi fikirlərə inanır. Ən böyük tərbiyə vasitəsi mütaliədir. Oxuyub düşündükcə uşaq təfəkküründə həyat haqqında düşüncələr formalaşır.
“Sirlər xəzinəsi”, “Hikmətli kəlamlar”, “İslamda müdirik kəlamlar” bu kitablar uşaqlar üçün həmişə öyrənməyə ehtiyac duyulan əxlaq qaydalarıdır. Bu kitablardan uşaqlar humanistlik, dostluq, vətənpərvərlik hisslərini öyrənirlər.
Vətəni sevməyən övlad olmaz! Belə bir müdrik kəlam var-Vətən borclu deyildir, biz borcluyuq Vətənə!
Nə qədər ömrümüz varsa, bizi boya-başa çatdıran Vətən qarşısında bir insan kimi borcumuz ödənməzdir. Biz uşaqlarımızı milli dəyərlərə hörmət ruhunda tərbiyə etsək birliyimiz əbədi olacaq. Tərbiyə edib həyata yola saldığımız uşaqları bu ruhda böyütsək əzəli və əbədi olan bu birlik heç vaxt sarsılmayacaq.
Tərlan Nəcəfova
Ərəfsə kənd tam orta məktəbinin ədəbiyyat müəllimi
“”Arazın səsi” qəzeti