“...Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhərdir. Bu işıq hər yerdə, hətta insanların təbəssümündə də hiss olunur”. Bu və buna bənzər fikirlər son dövr Nuhun diyarına ayaq basan turistlərin dilindən elə hey deyilir, gəlib gördükləri işıqlı Naxçıvandan ağız dolusu danışıb, dünyanın bir çox ölkələrinə nümunə göstərirlər.
Bəs necə yarandı o işıq? Axı bu o Naxçıvandır ki, 1992-ci ildə dünyaya çıxış qapılarının bağlandığını zənn edirdilər. Elə o zaman, təəssüf ki, onu tərk edənlər də tapılmışdı. Taleyin ümidinə buraxdıqları şəhərə vaxtında sahib çıxanların səyi və qətiyyəti ilə zamanla fəth etdiyi zirvəni bu gün heyranlıqla seyr edənlər artıq tarix olan o illəri bir daha yaşamayacaqlar. İşığı, qazı, istiliyi, ümumilikdə rahatlığı pozulmuş şəhər çıraq ümidinə qalanda, o çırağın tüstüsündə boğulacağını düşünənlər yanılırdı. O nur əvvəlcə İşıqlı insanların ürəyində yandı, bütün Naxçıvanlıların dünyasına paylandı.. Necə?
Bir ovuc xatirə...
Mən müharibəni nənəmin nağıllarında tanımışdım. Yaşı 80-i haqlamış bu qoca nağıllarına qəhrəman seçirdi 40-cı illərin “gedər gəlməzə” gedənlərini. O nağıllarda bizim kəndimizdən, elimizdən kimlərsə elə hey uzaqlara, çox uzaqlara gedirdi və nağılın sonunda heç geri dönən olmurdu. Gedənlərdən daha çox geri qayıtmayanların həsrəti nağılın sonundakı üç alma kimi nənəmin gözündə yaşa dönüb üzü aşağı axırdı. Sonra o müharibə lap yaxına bizim elimizə, bizim kəndimizə qədər gəlib çatdı. Onda qara günlərimizin carçısı olan televizorun “ağ-qara” ekranında vəziyyətin nə qədər çətin olduğunu yaxşı anlayırdıq. Nə o ekrandan, nə də yaşadığımız kəndin sərhədlərindən güllə səsləri əskik olmurdu.
Müharibə və onun gətirdiyi fəsadlar ana vətəndən ayrı salınmış “yavru vətən” Naxçıvanın “əl qolunu” bağladı. Və onda Naxçıvan həm sərhəd, səngər olub döyüşürdü, həm də çətin, soyuq və qaranlıq günlərində yaşamaq üçün mübarizə aparırdı...
Ərzaq, təhlükəsizlik, informasiya və enerji problemləri yaxamızdan iki əlli yapışanda dərdləri özündən daha böyük olan, çaylı, baldırğanlı dağ dərəsində unudulub qalan uzaq bir Naxçıvan kəndinin timsalında muxtar respublikanın dərdləri təzahür edirdi. İşığı, istisi, yolu-yordamı əlindən alınan kənd, yaşadığımız rayon təkcə çörək dərdi çəkmirdi.
İndi “İşıqlı Naxçıvan” kimi gəlib-gedən turistlərin ağız dolusu danışdığı, təkcə öz torpağına deyil sərhəddən kənarlara da “işıq paylayan” bugünkü, Naxçıvan o vaxt heç yuxuya, xəyala da gələ bilmirdi.
Bəzən iki saatdan bir, bəzən günlərlə, aylarla tavanda izi-tozu görünməyən, bizi hisli lampa işığına möhtac edən də elə o idi - ənənəvi elektrik dərdi. Bir növ uşaqlıq əyləncəsinə çevrilmişdi, tavana baxıb 100-ə qədər sayıb işıqların yanacağın gözləmək. Bir fənərin işığına şərik olub günlər beləcə yola verilirdi...
Aman–güman yadımda qalan xatirələrə inanıb, mübaliğəsiz deyirəm ki, işıqlar söndürüləndən iki ay sonra, yen il günü evimizin qənşərinə quraşdırılan, tez-tez tüstülənib, yanan transformator adlı bu qurğu kəndə işıq paylayacaqdı. Kənd camaatı “barı bayramda yanardı” deyib ümid edirdilər. Amma çox keçmədi ki, o ümid də zülmətdə boğuldu.
Hamılıqla çətin və qaranlıq bir imtahandan keçirdik, müəllimlərimiz deyirdi “..inanın gələcəyə”.
Atamı əlinə balta alıb ən çox sevdiyim ağacın gövdəsini çapmağa vadar edən qapını kəsən qışa istilik tədarükü idi. Kəndə neft satan maşınlar gəlirdi, insanlar çörək növbəsinə dururmuş kimi neft növbəsinə dururdu. Hətta o zaman sanki çörəyimiz də neft hisi qoxurdu..
Mövcud vəziyyəti yerli qəzetlər isə belə yazırdı “...yaranmış çətinliklərlə əlaqədar olaraq qış dövründə ayrı-ayrı yerlərdə heç bir yanacaq olmadığından çıxılmaz vəziyyətdə qalan əhali yüzlərcə ağacı kəsib yandırmışdı”.
Məktəbdə də vəziyyət evdəkindən fərqlənmirdi. İlk dərsi ancaq yola verən yanacağın ikinci dərsdə izi-tozu itirdi. Günlərin birində valideyn iclasında bir “qərar” qəbul etdilər ki, ”onsuz da yanacaq yoxdur, barı odun-kərmə sobası qurulsun, hər gün uşaqlar evdən növbə ilə yanacaq gətirsin”. Vəziyyətdən çıxış yolu kimi görünən bu “qərar” bizim soyuq və dizəcən yağan qarın içində yükümüzü artırmaqdan başqa bir şey deyildi .
Düşünə bilirsiniz? Əlimizdə məktəb çantası yerinə yanacaq gedirdik məktəbə. Və bu günlərlə, aylarla davam edirdi.
Çoxdan istifadə müddətini başa vuran, ənənəvi yol problemini özü ilə daşıyan o uzaq kəndə gedib müəllim işləmək də heç kəsə lazım deyildi. Yaddaşımda ən çox yer edən isə elə o sevdiyim müəllimlərin şəraitsizlik ucbatından köçüb uzaqlara getməsi idi.
İnsan oğlu keçmişi həmişə ağ-qara akkordlar kimi xatırlayır və nədənsə nostalji hisslərə köklənmək hüznləndirir adamı. Keçmiş isə həmişə maraqlıdı, çətinliyi və bütün ağırlığı ilə.
Əzəli və əbədi yurdumuz Qarabağda da qanlı döyüşlər gedəndə düşmən Naxçıvanı da hədəf almışdı. Türkün qapısı Naxçıvana uzanan məkrli əllər elə Bakıda 20 Yanvar qırğını olanda Qeyrət qalamız Sədərəyin Kərkisini işğal edirdilər. Bütün sərhədyanı kəndlərindən hücuma məruz qalanda Naxçıvan ən dar məqamda qeyrətlə və həmrəyliklə silahlandı. Düşmən qarşısına bellə, yabayla çıxdı.. amma qorxmadan, cəsarətlə. Elə bu qədim Türk yurdunu ayaqda tutan da bu oldu. Cəsarət. Kərkinin işğalı ilə paytaxta gedən yeganə yol da bağlandı. Və Naxçıvanın diyarının taleyinə blokada da beləcə yazıldı.
Blokadaya qədərki hadisələrin xronologiyasını isə az-çox hamı tarix dərslərindən yaxşı xatırlayır. Ümidimizi, inamımızı baltalayan, uşaq ağlının dərk edə bilmədiyi “blokada” deyilən bu “merat” asanlıqla yarılası iş deyildi.
Hər şeydən öncə böyük vətənpərvər ürəyi, cəsarət, şücaət, uzaqgörənlik lazım idi, kimsə əlini daşın altına qoymalı idi. Unutmadığım bir də odur ki, bu çətin keçən günlərdə gözünü paytaxtdan gələn xəbərlərə dikən insanlara verilən xəbər oldu- Ulu öndərin yenidən ölkə başçısı seçilməsi. Böyüklərin “ömrü duz dağına dönsün” dediyi adamın gəlişi, xalqın yekdilliklə qəbul etdiyi bu qərar bugünkü Azərbaycana gətirən ümid körpüsü oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak zamanı artıq tarix olan o zamanı belə xatırlayırdı: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq”.
Və bir gün vəziyyət kökündən dəyişdi. Mərhəmətli, nur paylayan əllər “yaşıl işıq” yandırdı. Zülməti qovub apardı. Əbədi məşəlin yaradıcısı ulu öndər Heydər Əliyev, o işığı ürəklərə paylayıb müqəddəs missiyanı davam etdirən isə ölkə başçısı İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oldu.
Naxçıvan digər problemləri kimi elektrik probleminin də həll etməyin yolun axtarırdı. İlk vaxtlar qonşu ölkələrdən–Türkiyə və İrandan enerji alınmasına başlanıldı. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və şəxsi nüfuzu sayəsində Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından və İran İslam Respublikasından elektrik enerjisi ötürülməsinə başlanıldı.
İlk günlərdə kara gələn “qonşu payı” zaman keçdikcə daha da artırdı. Rəsmi qəzetlər belə yazırdı ki, “..1993-cü ilin ortalarında Naxçıvana İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat gücündə elektrik enerjisi daxil olmuş, muxtar respublikanın elektrik enerjisi tələbatçılarına sutka ərzində 12 saat elektrik enerjisi verilmişdir”
İrəliyə axan zaman həm də inkişafa və yeniliyə aparırdı və qonşu payı çiçəklənən Naxçıvana yetmirdi, öz işıq payını yaratmalı idi və yaratdı da !
Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün atılan addımlara hər gün bir yenisi əlavə olundu.
Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il mayın 2-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncam bu sahədə atılan addımlardan idi və Ulu öndərin müqəddəs missiyasının layiqli davamı oldu. Bununla da 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin edildi, Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verildi.
Naxçıvan işıqlı günlərə elə işıq sürəti ilə gedirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın elektrik enerjisinə olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin strateji əhəmiyyət kəsb etdiyini bildirərək deyirdi: “Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir”.
Heydər Əliyev Su Anbarı üzərində yeni Su elektrik stansiyası tikildi, Gilançay üzərində Biləv Su Elektrik Stansiyası istismara verildi. “Arpaçay-1” “Arpaçay-2” Su Elektrik stansiyaları Naxçıvanlılara daha yaxşı və kəsintisiz elektrik payladı.Açılış zamanı ölkə başçısı Naxçıvanın elekektik sahəsində atılan addımları tarixi nəaliyyət adlandırdı. “Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir və bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan bu məsələni tam şəkildə həll edibdir. Bu, böyük hadisədir, tarixi nailiyyətdir”.
“Culfa”, “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq” və “Nehrəm”, “Şahbuz” yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verildi.
Bunlarla yanaşı istifadə müddəti bitmiş yararsız transformatorlar dəyişdirildi, elektrik xətləri yeniləndi, müasir tipli sayğaclar quruldu. Yeni yarımstansiyaların tikilməsi ilə yanaşı əhalinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasını diqqətdə saxlayan Ali Məclisin Sədri yarımstansiyaların tikintisi ilə yanaşı inzibati binalarda müasir iş şəraitinin yaradılması və mütəxəssis yetişdirilməsinə də diqqət göstərirdi. “Elektrik enerjisini istehsal etməklə yanaşı, onun istehlakçılara keyfiyyətli çatdırılması da qarşıda duran əsas vəzifədir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada həm elektrik enerjisi istehsal olunur, həm də əhali keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Şahbuz Rayon Elektrik Şəbəkəsi bu günə qədər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Yarımstansiyadakı avadanlıqların istismar müddəti isə başa çatmışdı. Lakin bu gün istifadəyə verilən inzibati binada müasir iş şəraiti yaradılmış, yarımstansiyada yeni avadanlıqlar quraşdırılmış, iş prosesi tam avtomatlaşdırılmışdır. Eyni zamanda quraşdırılan yeni avadanlıqları istismar edən mütəxəssislər yetişmişdir”.
Bu sahədə görülən işlərin kulminasiyası və davamı isə regionda və MDB-də ən böyük günəş elektrik stansiyasının Naxçıvanda qurulması oldu. Artıq muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur...
Bununla da Naxçıvan enerji asılılığından tamamilə azad olundu, elektrik enerjisi idxalçısından ixracatçıya çevrilə bildi..
Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyasının isə davamı Kəngərli rayonunun Qabıllı kəndində istifadəyə verilən Günəş Elektrik Stansiyası oldu. Yenisi isə inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və texnologiyasından istifadə edilməklə tikilməkdədir.
Rəqəmlər isə belə deyir: “Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat saata çatdırılıb. Ölkə üzrə Günəş elektrik stansiyalarından istehsal olunan elektrik enerjisinin 78 faizi muxtar respublikanın payına düşür. Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 65 faizindən çoxu alternativ və bərpa olunan elektrik enerjisinin payına düşür.”.
18 noyabr 2019-ci ildə ölkə başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən heç bir daxili resursu olmayan Naxçıvanın hazırda elektrik enerjisi istehsal etməsini yüksək qiymətləndirdi. “Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır”.
Bu gün hər bir sakinini rahatlıqla, arxayınlıqla, sakitliklə təmin edərək sərhədlərini qoruyan güclü, ən müasir silahlarla silahlanmış ordusu, ordu qədər güclü əməksevər insanların ərsəyə gətirdiyi, Naxçıvanı çörəklə tam təmin edən taxıl zəmiləri, 100 faiz qazla, istiliklə təchiz olunan evlər, ocaqlar var. Muxtar respublikanın ən ucqar kəndinə belə uzanan qurub-yaradan əllər, yeni yollar, yeni binalar, sakinlərin rifahına hesablanan uğurlu iqtisadi inkişaf və artıq öz elektrik enerjisini ixrac edən Naxçıvan bütün bu sadananlarla silahlanan qala kimidir.
...O vaxtdan 25 ildən artıq bir zaman keçdi. Olub keçənlər elə zamanın özü kimi tarix oldu. Unuduldumu? Heç vaxt... Bu gün hər birimizin köksünü qabardır “yavru vətən” haqqında eşitdiyimiz hər söz, çünki bura bizim evimiz, bura bizim elimizdi. O günlərdən bu günlərə olan inkişaf yolçuluğu isə indi dünyanın bir çox ölkələrinə nümunə göstərilir. Doğma diyara istər turist kimi, istərsə də hər hansı siyasi, iqtisadi səbəbdən gələnlər analoqu olmayan inkişafı, tərəqini, quruculuğu blokada anlayışı ilə heç cür eyniləşdirə bilmirlər. Düşmənin 3 tərəfdən mühasirəyə aldığı Naxçıvan isə bütün tabuları yıxmağı bacardı. Hamılıqla həm Naxçıvanın qaranlığına şahidi olduq, həm də bugünkü işığına. Düşünülmüş, düzgün, vətənin çiçəklənməsi və yenidən qurulmasını hədəf alan Ulu öndər siyasətinin davamı- Naxçıvanın bu günüdür.
Tarixinə “İslam Mədəniyyətinin Paytaxtı” olmaq kimi müqəddəs və önəmli bir ad yazıldı. Qədim və ulu Naxçıvan Gənclərin paytaxtı seçildi. İl boyu müxtəlif festivallara, tədbirlərə, konfranslara ev sahibliyi edir və qonaqpərvərlik və isti münasibəti ilə turistlərin yaddaşına yazılır. Gələn yenidən gəlmək, görən əbədilik burda qalmaq istəyir. Milli-mədəni dəyərləri ilə silahlanıb, keçmişi, tarixi, dəyərləri yenə başında tacdır, sabaha ümidlidir. Vətəninə və dövlətçiliyinə sadiq güclü gənclər ordusu yetişib formalaşıb.
Belə... dəyişən təqvim Naxçıvanımızın simasını da dəyişdi. Görülən işlər Naxçıvanı əbədilik nura qərq etdi. Əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir.
P.S. Və mən illər sonra jurnalist kimi çalışdığım Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Elimdən ilmə-ilmə” deyib çıxdığımız yolda doğma diyarın bütün kəndlərini, şəhərlərini, elini, obasını gəzdim. Yeni insanlar, yeni ünvanlar tanıdım. Gördüklərimiz, kadrın yaddaşına alıb tamaşaçılarla paylaşdıqlarımız şahid olduğumuz Naxçıvan həqiqətləri idi. Zamanında kəsilən ağacların yerinə əkilənlər çoxdan bar verməyə başlayıb, ömrünü başa vuran məktəb, məişət binalarının yerində yenisi tikilib, palçıqlı yolların izi-tozu itib və ən önəmlisi İNSANLAR-ana torpağın əbədi sakinləri, kənd adamları daha gülərüz, daha qayğısız idi. Daha heç bir Naxçıvan məktəblisi çıraq işığından mədəd ummur.
Çətinliklər və zülmət isə elə keçmişin özündə gömülüb qaldı. İndi 95 ilinin yekununa hazırlaşır muxtar respublika. Və yola saldığı 25 il isə tarixinə belə yazılacaq: “Bu illərdə İşıqlı insanlar zülməti yardı!..
Fizzə Bağırova
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”dür.