Şərur rayonunda sərnişindaşıma xidmətini günün tələblərinə uyğun qurmaq, xidmətin səviyyəsini yaxşılaşdırmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədi ilə Şərur şəhərində müasir avtovağzal fəaliyyət göstərir. 1.248 kvadratmetr sahəni əhatə edən avtovağzalda gün ərzində 2 min sərnişinə xidmət etmək, 40 avtobusu qəbul edib, yola salmaq mümkündür.
Avtovağzaldakı dayanacaq, sahəsi 121 kvadratmetr olan gözləmə zalı, 3 iş otağı marşrutların tənzimlənməsini, avtobusların eyni mərkəzdən hərəkət etməsini həyata keçirir.
Hazırda hər gün rayon daxilində 30-dan artıq müxtəlif tutumlu avtobus, 70 ədəd «NAZ-lifan» markalı taksi maşını xəttə çıxır. Şərur-Sədərək, Şərur-Şahtaxtı, Şərur-Naxçıvan marşrutları üzrə də avtobuslar işləyir. İritutumlu müasir və rahat avtobuslar isə gündə iki dəfə Şərur-Bakı, Şərur-İstanbul marşrutları və əks istiqamətlərə fəaliyyət göstərir.
Ümumiyyətlə, bu gün Şərurun demək olar ki, bütün yaşayış məntəqələrinin əhalisi nəqliyyat xidmətindən istifadə edir. İlin əvvəlindən indiyədək daha bir neçə rayondaxili marşrut açılıb. Bu da kənd sakinlərinin rayon mərkəzinə gəlib-getməsini asanlaşdırıb.
Ümumilikdə, rayon üzrə bu ilin on ayında 12 milyon 118,9 min sərnişin daşınıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıqdır.
Qeyd edək ki, bütün marşrutlar tərtib olunmuş dəqiq qrafik əsasında işləyir. Marşrutların intensiv hərəkətinin təmin olunmasını, sərnişinlərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək məqsədi ilə avtobuslara və taksilərə vaxtaşırı texniki baxış keçirilir.
“Şərurun səsi” qəzeti