Yaşayış binasının əsaslı təmiri başa çatmaq üzrədir

A- A A+

Şərur şəhərində aparılan tikinti-quruculuq tədbirləri son illər daha da intensivləşib. Hazırda yollar və səkilər yenidən qurulur, hündürmərtəbəli yaşayış binası, “Naxçıvan Bank” ASC Şərur Rayon Filialı üçün inzibati bina, mədəniyyət sarayı tikilir, təqaüdçülər üçün nəzərdə tutulmuş bina və mərkəzi univermaq əsaslı təmir olunur.  

Son illər rayon mərkəzində ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzində saxlanılır. Təkcə bu il Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 6 nömrəli və Kapitan Seyidov küçəsindəki 9 nömrəli yaşayış binalarının əsaslı şəkildə təmiri başa çatdırılıb. Kapitan Seyidov küçəsindəki üçmərtəbəli 11 nömrəli daha bir yaşayış binasının təmiri yekunlaşmaq üzrədir.

24 mənzilli binanın əvvəlki dam örtüyü yenilənib. Fasad hissəyə yeni üzlük çəkilib, nəzərdə tutulmuş yerlərə milli ornamentlərə uyğun cilalanmış travertinlər vurulub. Qapı və pəncərələr, qaz, su və elektrik xətləri dəyişdirilib, dəhlizlərdə paylayıcı elektrik şitləri qoyulub. Yağış sularını axıtmaq üçün nəzərdə tutulmuş metal borular plastik borularla əvəzlənib.

Hazırda zirzəmidə və dəhlizlərdə təmir işləri davam etdirilir, mərtəbələrarası pilləkənlərə travertin üzlük döşənir. Binanın ön və arxa tərəfində layihədə nəzərdə tutulmuş abadlıq işləri görülür, səkilərə kilit daşlar döşənir, kənarlarına bardürlər düzülür.

Binadakı əsaslı təmir işləri yaxın günlərdə başa çatdırılacaq.

                                                                   “Şərurun səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: