Ovcumuzda olan xoşbəxtlik

A- A A+

Zər qədrini zərgər bilər deyib, böyüklərimiz. Vətənin qədrini də ən çox ondan uzaq qalanlar bilər. Bir nəfərdən belə olsa doğma dilində bircə söz eşitməyə həsrət olanlar bilər. Doğma musiqiləri dinləyib hüzur tapanlar, qarşısına çıxan hər daşı, hər küçəni öz doğma şəhəri ilə müqayisə edənlər bilər mənim nə demək istədiyimi.

Mən jurnalistika üzrə ali təhsil almaq üçün Naxçıvandan Türkiyənin İzmir şəhərinə gəlmişəm. İzmir möcüzəvi gözəlliyi ilə insanı özünə heyran edən bir şəhərdir. Atatürkün “Gözəl İzmir” adlandırdığı bu şəhər sizi yarım əsr öncəsinə aparan “Dario Moreno Küçəsi”, günəşin batışını seyr etmək üçün seçilən ən gözəl yerlərdən biri olan “Tarihi asansör”,  valehedici “St. Polycarp Kilisəsi” və daha bir çox gəzilib görüləcək gözəl yerləri ilə insanı cəlb edir.

Etiraf edim ki, İzmirə gəldiyim ilk gün Naxçıvan üçün bu qədər darıxacağımı düşünməmişdim. Bura oxumaq üçün gəlmişdim. Qazandığım hər şeyi, öyrəndiyim hər kəlməni təcrübədə tətbiq etməyə hazır olduğum gün onsuz da qayıdacaqdım. Həm də insan daha geniş arzuların arxasınca gedəndə cəmi 17 il yaşadığı şəhər üçün ilk aylarda niyə darıxsın ki?! Açığı bu mənim fikrim idi. Bəlkə də bu ilk günlər ailədən, dostlardan və doğma şəhərdən ayrı qalanda özünə verdiyin təsəllidir...   

Təbii ki də düşündüyüm kimi olmadı. Sadəcə 3 ay keçməsinə baxmayaraq mən bu şəhərin hər küçəsində, universitetdə, hətta dəniz kənarında günəşin batmağını izləyərkən belə mənə doğma gələcək bir hissin axtarışında idim. Hələ gənc, daima öyrənmək həvəsində olan ruhum oxuduğum sahədə yeni nələri isə qazanmağa   can atarkən, ayaqlarım məni yeni kəşflər üçün İzmirin izdihamlı meydanlarına apararkən, ruhumun dərinliklərində daima Vətənimə olan bağlılıq var. Və mən bu gün bu yazını yazanda belə qəlbimi sarır bu hiss. Doğma Naxçıvandan ayrı qaldıqca onu, şəhərdə mənə doğma olan insanları nə qədər sevdiyimi xatırladım. Nə qədər gözəl, yaraşıqlı, mədəni və Qərb düşüncəli, hətta türkiyədəkilərin belə qəribə baxdığı  bir şəhər olsa da  İzmiri Naxçıvanla müqayisə edirəm. Ərazi və coğrafi baxımdan təbii ki,  İzmir daha böyükdür, Ege dənizinin sahilində yerləşir. Əhalisinin sayı 4 milyondan artıqdır. Amma yenə də Naxçıvan qədər doğma və yaxın deyil. Bəlkə də müqayisə kiminsə ürəyincə olmayacaq. Ancaq bu mənim üçün belədir. Çünki bizə hələ ailədən, orta məktəbdən bu qədim oğuz-türk yurdu, keşməkeşli tarixi olan şəhəri-Naxçıvanı bu cür sevdiriblər. Bu gün bir şeyi də dərk etdim. Ərazisi və əhalisinin sayı çox olan şəhərlər qazandığı uğurlardan-böyüklükdən, şan-şöhrətdən sanki “arxayınlaşır” və elə bil arzuları tükənir.  Amma Naxçıvanım bu gün dünyanın ən böyük şəhərlərinə nümunə olacaq qədər sürətlə inkişaf edir, böyüyür və gələcəyə doğru inamla irəliləyir. Bəzən bu inkişafı daha yaxşı görmək, müqayisə eləmək üçün uzaqdan, kənardan, hətta başqa ölkədən  baxmaq daha faydalı olur...    

P.S. Xoşbəxtliyi  dünyanın o biri ucunda tapmış ola bilərsiniz. Amma doğmalıq həmişə VƏTƏN dediyimiz yerdə sizi gözləyəcək.

 

                                                                     Aysu Canbaxşı

                                                                     Tələbə-jurnalist

                                                                      Türkiyə, İzmir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: