Bir muzeyin tarixçəsi

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub. Bu mənada, Sərəncam Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətinə dövlət səviyyəsində verilən ən yüksək qiymətdir.

Naxçıvanda muzey işinin başlanğıc tarixi XIX əsrin sonlarına təsadüf etsə də, dövlət tərəfindən ilk dəfə Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi (indiki Naxçıvan Dövlət Tarix Muzeyi) yaradılıb. Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin yaradılması barədə Naxçıvanın yerli hökuməti tərəfindən müvafiq qərar qəbul olunmasına və maarif komissarlığına müvafiq tapşırıqlar verməsinə baxmayaraq, 1925-ci ilin sonunadək muzey üçün yer ayrılmadığı üçün muzeyin formalaşdırılması xeyli gecikib. Həmin dövrdə vəziyyəti araşdıran Naxçıvanın yerli hökuməti Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun muzey əhəmiyyətli əşyalardan ibarət şəxsi kolleksiyasını dövlət mülkiyyətinə götürməklə muzeyin əməli surətdə təşkili məsələsini müəyyən mənada həll edir. Bununla əlaqədar Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1926-ci il 6 yanvar tarixli iclasında “Naxçıvan Tarix-Etnoqrafiya Muzeyini zənginləşdirmək haqqında” məsələ ilə bağlı komissiya yaradılıb. Əşyaları komissiyaya təhvil verən Balabəy Əlibəyovun özü isə həmin tarixdən muzeyə direktor təyin edilir və o, 1930-cu ilədək bu vəzifədə çalışıb.

Beləliklə, eksponatlarının əksəriyyəti Balabəy Əlibəyovun şəxsi kolleksiyasının əşyalarından ibarət olan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi 1926-cı ilin yanvar ayından fəaliyyət göstərir.

Naxçıvan MSSR Xalq Maarif Komissarlığının tabeliyində olmasına baxmayaraq, münasib yer ayrılmadığından özü direktor olduğu müddətdə Muzey Balabəy Əlibəyovun şəxsi evində fəaliyyət göstərib. Balabəy Əlibəyovu yaxından tanıyan Naxçıvan şəhər sakinlərinin verdiyi məlumata görə, onun evi Naxçıvan şəhərinin mərkəzində, indiki Atatürk küçəsində idi. Muzey evin 2 otağında və çox da böyük olmayan dəhlizində yerləşdirilib.

İlk dövrlərdə cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyində qədim diyarımızın tarixinə, arxeologiyasına və etnoqrafiyasına dair materiallar var idi. Onların arasında qızıldan və gümüşdən hazırlanmış qadın bəzək əşyaları, qədim xalçalar, Şərq parçalarının nümunələri, qələmdanlar, saxsı və misdən hazırlanmış məişət əşyaları, qədim silahlar, Səfəvilər dövrünə aid sikkə kolleksiyası, XIX əsrin əvvəllərində tərtib olunmuş torpaq mülkiyyətinə dair sənədlər, tarixi memarlıq abidələrinin tikintisində istifadə olunan inşaat materiallarının nümunələri və digər maraq doğuran eksponatlar xüsusi yer tuturdu. Muzeyin inkişafında 1925-ci ilin may ayında Naxçıvanda yaradılan Tədqiq və Tətəbbö Cəmiyyətinin və onun ətrafında toplanan ziyalıların xüsusi rolu olub. Muzeyin eksponatlarla zənginləşdirilməsində bu cəmiyyətin üzvləri fəal iştirak ediblər.

Muzeyin 1926-1930-cu illərdəki fəaliyyəti əsasən eksponat toplanmasından ibarət idi. 1930-cu il avqustda muzey rəhbərliyində dəyişiklik olur, Balabəy Əlibəyovdan sonra Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətində elmi katib vəzifəsində çalışan Mirbağır Mirheydərzadə muzeyə direktor təyin edilir. 1932-ci ildən etibarən muzeyin adı dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyi adlandırılıb. Sonrakı illərdə muzeyə Azərbaycanın realist rəssamı Bəhruz Kəngərlinin adı verilib. Məhz bundan sonra Naxçıvan şəhərinin indiki Heydər Əliyev prospektindəki 39 saylı yaşayış binasının yanında inşa olunan birmərtəbəli binada muzeyə yer ayrılıb. Həmin binada muzeyin sahəsi 2 otaqdan və çox da böyük olmayan dəhlizdən ibarət olub. 1932-ci ilin oktyabrında muzey həmin binada yenidən qurularaq istifadəyə verilib.

1932-1940-cı illərdə muzeyin fəaliyyət dairəsi genişlənib və ekspozisiyası ilbəil zənginləşdirilib. 1945-ci ilin mart ayında muzey Xalq Maarif Komissarlığının tabeliyindən çıxarılaraq Azərbaycan SSR Elmlər Akademiyasının tərkibinə daxil edilib.

 

Muzey Elmlər Akademiyasının tərkibinə keçirildikdən sonra uzun müddət indiki “Ana dili” abidəsinin yerində yerləşən M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli səkkizillik məktəbin ikinci mərtəbəsində fəaliyyət göstərib, daha sonra indiki Heydər Əliyev prospektində, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun yerləşdiyi yerdə əvvəllər mövcud olmuş ikimərtəbəli binaya köçürülüb. Muzey burada 2 otaqdan ibarət sahədə yerləşdirilib. Bir müddət sonra Naxçıvan şəhərinin mərkəzində, Nizami küçəsi 31 ünvanında yerləşən bina Bəhruz Kəngərli adına Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə verilib. Həmin binada muzeyin ekspozisiyası tamamilə yenidən qurulub və 1967-ci ilə kimi muxtar respublikada yeganə muzey kimi əhaliyə xidmət göstərib. 1960-cı illərin sonlarından etibarən Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılan bu mədəniyyət ocağı bu günədək həmin adı şərəflə daşıyır.

Bütün Azərbaycan muzeyləri kimi, Naxçıvan Dövlət Tarix Muzeyi də ən böyük inkişaf yolunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində keçib.  Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvar ayında “Respublikada muzey işinin təkmilləşdirilməsi haqqında” və 1980-cı ilin yanvarında “Respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi haqqında” qəbul edilən qərarlar bütün muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də həyatında mühüm rol oynayıb və onun inkişafına əhəmiyyətli təsir edib. Yeni-yeni muzeylər yaratmaq, mövcud muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəcib ənənələr müstəqillik illərində də davam etdirilib. Bəhs olunan dövrdə Naxçıvan Dövlət Tarix Muzeyinə də lazımi dövlət qayğısı göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə 2000-ci ildə muzey İstiqlal küçəsində xüsusi bina ilə təmin edilib. Aparılan əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra həmin il noyabrın 4-də muzeyin yeni binası Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 6 mart tarixli “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamına uyğun olaraq muzey yenidən təmir olunub, muzeyin ekspozisiyası tamamilə yenidən qurulub, yeni vitrinlər və müasir saxlanc qurğuları ilə təchiz edilib. 2007-ci il may ayının 18-də Ali Məclis Sədrinin iştirakı ilə muzeyin açılışı olub.

Cəmi bir neçə yüz eksponatla fəaliyyətə başlayan muzeyin indi fond ekspozisiyasında 50 minə yaxın eksponat mühafizə olunur. Onların 35 mindən çoxu muzeyin əsas fonduna, digərləri isə elmi-köməkçi fonda daxildir. Muzey fondunun zənginləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində eksponatların sayı ildən-ilə artmaqda davam edir. Son on ildə muzeyin fonduna daxil olan eksponatların sayı 12 minə yaxın olub.

Son illərdə muzeydə aparılan elmi-tədqiqat və elmi maarifçilik işlərinə də diqqət artırılıb. Muzey əməkdaşlarının onlarla məqaləsi qəzet və jurnallarda, elmi məcmuələrdə və toplularda dərc olunub. Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Ali Məclis Sədrinin imzaladığı Sərəncamdan ruhlanan muzeyin kollektivi mədəni irsimizin qorunması və təbliği sahəsində fəaliyyətlərini daha da artırmaqla muzeyin yubileyini yeni-yeni uğurlarla qeyd etməyə səy göstərir.

           Nizami Rəhimov,

 Naxçıvan Dövlət Tarix Muzeyinin Direktoru

“Nuh yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: