Hər fəsil özünəməxsus əlamətləri ilə yadda qalır. Yaz gül-çiçəyi, yay bol məhsulu, payız xəzanı, qış şaxtası, boranı ilə tanınır. Payız soyuq günlər üçün hazırlıq məqamıdır. İlk payız yağışından sonra təbiətin mənzərəsində əsaslı dəyişikliklər olur. Həzin külək saralmış yarpaqları ətrafa səpələyir. Sanki yerə tökülən yarpaqlardan əlvan xalı sərilir.
Səhər sübh tezdən payız günəşinin sayrışan şüaları altında parlayan şeh damcılarını seyr edə-edə, həmdə tələsə-tələsə işə gedirəm. Yolumu Heydər Əliyev prospektindən salıram. Şəhərimizin gözəl payız görkəmi adamı valeh edir. Xatırlayıram keçmişi, bu küçəni keçərək keçirdiyim neçə payız fəslini... düşür bir-bir yadıma səliqəsiz binalar, palçıqlı küçələr... O zamanlar heç kim düşünməzdi ki, bir gün gələcək bu küçələr ən müasir görkəmini alaraq fəsilləri qarşılayacaq. Addımladığım səkidə gedişimi yavaşladır ətrafdan ötən insanların xoş, gülərüz və sabaha olan inamlı baxışları. Addımlarımı azaltdıqca məktəbə doğru tələsən şagirdlərdə belə payızın gəlişinə məmnunluq hissi olduğunu duyuram, axı onları isti, müasir məktəb gözləyir. Bir az irəlidə mənə doğru gələn iki yaşlı nənənin də danışdığı mövzu payızla bağlıdır:
– Havalar yaman soyuyub, artıq qış qapıdadır. Payız deyəsən qışın sərt keçəcəyini deyir.
Özümdən asılı olmayaraq nənələrin söhbətlərinə qulaq verməli oluram. Yaşı 70-i haqlamış nənələr hiss olunur ki, qışın necə keçməsindən o qədər narahat deyillər. İndi hər bir mənzildə istilik, rahatlıq var.
...Mən baharı sevirəm,
İnciməsin qoy payız.
Mən payıza vurğunam,
Məndən küsməsin bahar.
Baharın öz növrağı,
Payızın öz hüsnü var.
Nənələrin söhbətindən ayrılıb Təbriz küçəsinə doğru yol alıram. Hazırda təmir işləri davam edən Rayon Rabitə İdarəsi üçün inşa olunan binanın ətrafında yaradılmış təmizlik, səliqə-sahman sanki insana: “Səhər yuxusundan ayıl və ətrafın mənzərəsinin seyrinə çıx!”, - deyir.
Bir payız səhəri bu xoş düşüncələrlə iş yerimə çatıram. Yol boyu gördüklərim günə pozitiv başlamaq üçün mənə yetərli olur. Hər fəslin insanların qəlbini oxşayan bir gözəlliyi var. Payız fəslinin növrağı, insanların mehribanlığı, çöhrəsindəki sevinc duyğuları məni hələ də öz ağuşuna alıb. Qəlbimdən poetik misralar axır:
Bax, ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara.
Qızıl payız nəğmə deyir,
Qızıl qəlbli insanlara.
Sahilə Salahova
“Arazın səsi” qəzeti