146-cı Azərbaycan atıcı diviziyası döyüşçülərinin şərəfinə ucaldılmış “Sambek yüksəkliyi” kompleksində muzey açılacaq
2020-ci il mayın 9-da, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə 146-cı Azərbaycan atıcı diviziyası döyüşçülərinin şərəfinə ucaldılmış “Sambek yüksəkliyi” kompleksində hərbi-tarixi muzey açılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayətinin qubernatoru İvan Qolubyev Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında məlumat verib. O, Azərbaycan rəhbərliyini kompleksin açılışına dəvət edib.
“Sambek yüksəkliyi” Memorial Kompleksi Rostov vilayətinin faşist işğalından azad edilməsinin simvolu sayılır. Memorial döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgərlərin, o cümlədən 146-cı Azərbaycan Taqanroq atıcı diviziyası döyüşçülərinin şərəfinə ucaldılıb. Kompleksin 1980-ci ildə keçirilmiş açılışında o zaman Azərbaycan Kommunist Partiyası MK-nın Birinci katibi olmuş Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Kompleksin müəllifləri azərbaycanlı memar Elcan Şamilov və rusiyalı memarlar, ata və oğul Qriqorlardır.
Kompleksin ərazisində muzeyin yaradılması barədə qərar 2014-cü ildə qəbul edilib. 2015-ci ildə Taqanroqun azad edilməsi günü – avqustun 30-da muzeyin təntənəli təməlqoyma mərasimi keçirilib.