Gənc dövlət qulluqçuları arasında “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” başa çatıb - FOTOLAR
Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”nin sonuncu mərhələsi Naxçıvan Gənclər Mərkəzində keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, dünyagörüşü və zehni inkişafı stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilib. Gələcəkdə də dövlət qulluqçuları arasında bu cür intellektual yarışların təşkili nəzərdə tutulur.
Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Xəmsə” intellektual oyununun qaydaları barədə məlumat verib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”ndə ilk dəfə olaraq 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak edib. Yekun mərhələ olan “Xəmsə” intellektual oyununun nəticələrinə görə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi I, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi II, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi isə III yer tutub.
Qalib komandalara kubok, medal, diplom və fəxri fərmanlar təqdim olunub. Əlavə olaraq,“İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”ndə 1-ci yeri tutan qalib komandaya 120 AZN, 2-ci yeri tutan qalib komandaya 90 AZN, 3-cü yeri tutan qalib komandaya isə 60 AZN dəyərində “Saat Meydanı” turistik istirahət mərkəzində yemək kuponu hədiyyə edilib.