55 yaşlı Xalq teatrı - FOTOLAR
Ordubad Rayon Xalq teatrının yaradılmasının 55 illiyi münasibətilə tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, Rayon Mədəniyyət sarayında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova teatrın yaranma tarixindən danışıb. Bildirib ki, 1964-cü ildə yaradılan xalq teatrı zəngin repertuara malikdir. 1989-cu ildə yaradılmasının 25 illiyi münasibətilə teatra Naxçıvan Muxtar Respublikasının “Əməkdar kollektivi” adı verilib. Ötən müddət ərzində xalq teatrının repertuarında bir sıra tamaşalar, xalq oyunları hazırlanıb əhali qarşısında göstərilib, tamaşaçı rəğbəti qazanılıb.
Rayon xalq teatrı 2015, 2017 və 2019-cu illərdə keçirilən xalq teatrlarının muxtar respublika festivalında iştirak edib, kollektivin üzvləri müxtəlif nominasiyalar üzrə diplomlara layiq görülüb. Yarım əsrdən çox fəaliyyət göstərən, öz ətrafında 30 həvəskar aktyoru birləşdirən rayon xalq teatrının uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmayıb. Eyni zamanda istedadlı gənc aktyorların üzə çıxarılmasında və onların püxtələşərək peşəkarlıq səviyyəsinə çatmasında bu teatrın mühüm rolu olub.
Kollektivi yubiley münasibətilə təbrik edən Natəvan Qədimova Naxçıvanda teatrların fəaliyyətinə göstərilən diqqət və qayğıya görə mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Ordubad rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi təbrik edib.
Sonra Ordubad Rayon Xalq teatrının kollektivi Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” tamaşasını oynayıb.
Məhəmməd Fərəcov