MDB dövlətlərinin əməyin normalaşdırılmasında əməkdaşlığının Konseptual əsaslarına dair qətnamə qəbul edilib
Qazaxıstanın Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərində əməyin normalaşdırılması məsələləri üzrə beynəlxalq konfrans keçirilib.
NUHÇIXAN MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfrans MDB iştirakçısı dövlətlərdə 2016-2019-cu illərdə əməyin normalaşdırılması məsələləri üzrə əməkdaşlığın konseptual əsaslarının həyata keçirilməsinə dair əsas tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Tədbirin təşkilatçıları qismində Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müstəqil Dövlətlər Birliyinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurası çıxış ediblər. Konfransda əməyin təşkili və normalaşdırılması sahəsində elmi-praktik məsələlərin həlli, onun metodologiyasının təkmilləşdirilməsi, kadrların hazırlanması və ixtisasının artırılması üzrə təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Konfransda Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Türkmənistan, Özbəkistan və digər ölkələrdən alimlər, aspirantlar və magistrlər, əməyin təşkili və normalaşdırılması sahəsində mütəxəssislər, işəgötürənlər və sosial tərəfdaşları iştirak ediblər. Budan başqa, əməyin normalaşdırılması və kadrların hazırlanması, ixtisasının artırılması üzrə MDB iştirakçısı dövlətlərin baza təşkilatlarının nümayəndələri də tədbirə dəvət olunublar.
Konfrans plenar iclas və “Əməyin normalaşdırılmasının inkişafının təcrübəsi və perspektivləri”, “Kadr hazırlığı və ixtisas sisteminin inkişafı” adlı iki panel sessiya formatında keçirilib.
Tədbirin yekunlarına dair MDB dövlətlərinin əməyin normalaşdırılmasında əməkdaşlığının Konseptual əsasları üzrə Qətnamə qəbul edilib.