Azərbaycanda ilk dəfə “Elektron məhkəmə”nin mobil versiyası təqdim olunub

A- A A+

Noyabrın 29-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq “Elektron məhkəmə”nin mobil versiyası təqdim edilib.

NUHÇIXAN xəbər verir ki, "Mobil Elektron Məhkəmə” yeni proqram təminatı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu – qanunverici, icra və məhkəmə üzrə sistemli islahatlar aparılır: “Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq. Beləliklə, “Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq”.

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, bu gündən vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və sair müasir imkanlarda istifadə etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: