Bu gün gərək hər anımız Vətən! – desin! - FOTOLAR
Bu gün Xalq şairi Məmməd Arazın xatirə günüdür. 1933-cü il oktyabrın 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olan Vətəndaş şair öz yaradıcılığı ilə yeni dövr Azərbaycan poeziyasının zirvəsinə yüksələ bilmişdir.
Bir-birindən gözəl şeir və poemaları, publisistik məqalələri ilə ürəkləri fəth edən böyük şairin “Naxçıvan albomu” qədim diyarın salnaməsinə çevrilib.
Məmməd Araz 2004-cü il dekabrın 1-də əbədiyyətə qovuşub.
NUHÇIXAN görkəmli şairin xatirə günündə onun “Vətən desin” və “Nə bilim” şeirlərini və fotoşəkilləri oxucularına təqdim edir.
Məmməd Araz – Vətən desin!
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.
Nə bilim
Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...
Damağımda bal sevdanın turş dadı
Uşaq ağlım inadıma qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, — dedi, — ancaq: «nə bilim!»
Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?
Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim...