Bədii ədəbiyyata “Dahi” baxışı...

A- A A+

Həyatda insanlar, heç bir biliyə sahip olmadan doğulurlar və yaşadıqları ömür boyunca daim öyrənirlər. Yaşayaraq öyrəndiklərimiz vardır, bir də, oxuyaraq öyrəndiklərimiz! Oxumaq, insan oğlu üçün kiçik bir nağıl kitabı ilə başlayır, sonra məktəb və daha sonra elmi, bədii və s. kitablar. Kitab oxumaq əsrlər boyu insanlardan insanlara qalan ən gözəl adətdir. Əslində, hansı dövr olursa olsun, heç bir şey oxumanın yerini tuta bilməz. Çünki,  oxumaq ruhu uca tutur, başqalarının sizə, hətta, insanın özünün özünə yüksək dəyər verməsinə səbəb olur. 

Digər bir tərəfdən yaradıcı və rəngarəng fikirlərə sahib olmağın, dünyaya və hadisələrə daha dolğun və anlayışlı baxmağın yolu da məhz, oxumaqdan keçir. Çünki, mövzusundan asılı olmayaraq hər bir kitab fərqli bir pəncərədən kainata baxmaq deməkdir. Elə isə gəlin bu gün kaniata “Dahi” pəncərəsindən baxaq. 

Bildiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilmiş və “Dahi” əsəri də həmin siyahıda öz yerini almışdır.

Əsər barədə danışmadan əvvəl istərdim ki, romanın yazıçısı Teodor Drayzer barədə qısa məlumat verəm. Bilməyən oxucular üçün də maraqlı olardı ki, məhz Teodor Drayzer kimdir? 

T. Drayzer 1871-ci ildə ABŞ-ın İndiana ştatının Terri-Hot şəhərində, kasıb bir alman mühaciri ailəsində dünyaya gəlib. Ailəsinin maddi durumu ilə əlaqədar olaraq Drayzer uşaqlıq və gənclik illərini çox ağır şəraitdə keçirmiş və sonralar öz yaşadıqlarını əsərlərində yaratdığı obrazlarda canlandıran, zəngin söz ahənginə sahib bir yazıçıdır. 

Yalnız oxuduğum əsərlərinə münasibətdə onu deyə bilərəm ki, yazar ictimai, mənəvi-əxlaqi dəyərləri, eyni zamanda cəmiyyət qınaqlarını daha qabarıq şəkildə önə çəkir və eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində Amerikadakı ictimai rifahı öz fikirləri ilə harmonik şəkildə əsərlərində qeyd edir. Drayzer yaşadığı dövrdə hökm sürən rejimin yaradıcı insanları hansı duruma saldığını açıq şəkildə ifadə edir, insanlar arasındakı təbəqələşməni pisləyir və demək olar ki, bu mövzu yazarın bütün əsərlərinin əsas məğzini  təşkil edir.

Bir çoxları kimi mən də yazarla elə onun ilk əsəri olan “Kerri bacı” romanı ilə tanış olmuşam. Ancaq bu gün haqqında danışacağımız əsər isə mənə görə yazıçının şah əsəri sayılan “Dahi” romanıdır.Romanda həyata qarşı maddi-mənəvi mübarizəsi geniş şəkildə əks olunan gənc bir oğlandan, Yucin Vitladan bəhs edilir. O, sənətində yeniliyə, xüsusi istedada malik bir rəssamdır. Ancaq doğulub-böyüdüyü yerin mühiti onun gələcəyinə, inkişafına əngəllər törədir. Əsərdə hadisələr əsasən, Amerikada cərəyan edir və yazıçı, həyatının müvafiq dövrlərində çətinliklərlə üz-üzə qalan bir rəssamın həyatını özü elə bir rəssam kimi mahir incəliklə oxucuya çatdırır.

Yucin Vitla öz peşəsində heç kimdə olmayan xüsusi istedada malikdir və zamanla bu bacarıq onu şöhrətin zirvələrinə qaldırır. Ancaq, pul ehtirası və qarşı cinsə olan həddindən artıq düşkünlüyü onun həmin zirvələrdə uzun müddət qalmasına imkan vermir. Eyni zamanda həmin dövrdə sənətkara və onun sənətinə dəyər verməyən bir cəmiyyətin olması rəssamın şəxsi həyatına, peşəsinə, hətta səhhətinə mənfi təsir göstərir. 

Gözəllik aşiqi, istedadlı rəssam Yucinin həyatına Miriem, Rubi, Norma və romanda yer alan, adını çəkmədiyim bir çox qadınlar girir. Ancaq, onunla bu çətin yolda çiyin-çiyinə döyüşən, ən çətin vəziyyətlərdə belə həyata qarşı mübarizə aparan Ancela diqqəti daha çox cəlb edir. Yucinin yalanlarına, davamlı xəyanətlərinə rəğmən rəssam ərinə daim sadiq qalan, ailəni ictimai binanın təməl daşı hesab edən bu sadə kəndli qızı, yaşadığı iztirablara baxmayaraq “həyat mənə misilsiz xəzinə bəxş etmişdir: “böyük məhəbbət və istedadlı, rəssam ər” düşüncəsi ilə əsərdəki digər bütün qadın obrazlardan saf məhəbbəti və sədaqəti ilə seçilir.

Sözün qısası, siz bu əsərdə xəyallarının, ümidlərinin arxasınca gedən istedadlı, bir o qədər sadə, eyni zamanda cəsarətli olan bir insanın yaradıcılığı, onun həyat tərzi, uğurları-uğursuzluqları, çətinlikləri və onların öhdəsindən necə gələrək yüksəlib tanınmış bir rəssama çevrilməsinin şahidi olacaqsınız. 

Onu da qeyd etmək lazımdır ki, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan digər kitablar kimi “Dahi” əsəri də oxucuların şəxsi və ictimai həyatının inkişafında mühüm rol oynayır. Belə ki, əsər bütün əngəllərə rəğmən insana öz xəyallarının arxasınca getməyi, bu yolda ailəvi və ictimai-əxlaqi dəyərlərə riayyət etməyin vacib olduğunu, ailədə çəkilən qadın zəhmətini və istər ailədə, istərsə də hansısa peşədə və ya sahədə olursa-olsun insanın hər şeydən əvvəl sədaqətli olmasını, hansı dövrdə olursa olsun sənətə və sənətkara dəyər verməyi oxuyuculara bir daha aşılayır. 

Əsəri oxuyandan sonra artıq qərarı siz verməlisiniz: Yucin Vitla dahidir, yoxsa bədbəxt?!

Abdulla Kərim

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: