Yaşıllaşan Naxçıvan - FOTOLAR

A- A A+

Tanrı bizi yaradandan ətrafımızda təbiət adlı bir mühitlə birlikdə var edib. Müxtəlif komponentlərdən – torpaqdan, sudan, havadan, Günəşdən, ağaclardan, digər canlılardan təşkil olunan bu mühitin bir parçası da bizik. Ağıl və şüurlu yaradıldığına görə digər məfhumların da qayğısına qalmaq insanın üzərinə düşür. Təbiətin bizə nemət olaraq verdiyi hər şey həyatda qalmağımız üçün ən vacib nəsnələrdir. Yaşadığımız mühitin yaşıllığı, canlı aləmi, florası və faunası ilə bir birik, birliyik, hətta vahid “orqanizmik”.  Bunu dərk etdikcə və duyduqca isə onu qorumaq hissi də güclənir. Amma o da var ki, yaşamaq üçün seçdiyimiz coğrafiya bəzən şıltaqlıq edib bunların hansınısa bizdən əsirgəyir. İnsan zəkası isə  onun bərpası və var olması üçün hətta təbiətin özü ilə mübarizə aparıb  hər şeyi yoluna qoyur. 

...Coğrafiyaçıların gəldiyi qənaətə görə Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi Qafqazın ən quraqlıq zonasına düşür. Coğrafi relyef və quruluş elədir ki, burada olan su mənbələri yalnız dağlara yağan qarın miqdarı ilə tənzimlənir. Digər tərəfdən dağlıq relyef, qumsallıq münbit, məhsuldar  torpaq örtüyü ilə o qədər zəngin deyil.  Amma insan zəkası və istəyi olan yerdə təbiəti belə idarə etmək mümkündür!

Bu gün Naxçıvanda ekologiya və ətraf mühitə göstərilən diqqət və qayğı örnəyi nəinki ölkə səviyyəsində, hətta qonşu regionlarda nümunə kimi  tətbiq edilir. Hələ 2001-ci ildən hər yaz və payız mövsümündə ictimai hərəkat kimi  həyata keçirilən yaşıllaşdırma  tədbirləri öz nəticəsini verib. 1990-cı illərdə Ermənistan tərəfindən salınan blokadanın gətirdiyi fəlakət Naxçıvanda təkcə insanlar deyil, təbiətə də sirayət etmişdi. Kontinental iqlimdə- yayı isti, qışı soyuq coğrafiyada yerləşən muxtar respublika sakinləri hələ 1970-80-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin səyi ilə Naxçıvanda salınan yaşıllıqları doğrayıb yanacaq kimi istifadə etmək məcburiyyətində qalmışdılar. Nəinki yolların kənarında, hətta həyətlərdə belə meyvə ağacları kəsilir, kol-koslar kökündən çıxarılıb yandırılırdı. Bu sanki ağır bir sınaq idi. Amma xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbər seçilən ümummilli liderimiz Heydər Əliyevin  ölkə başçısı kimi o zaman həyata keçirdiyi uğurlu iqtisadi islahat və proqramlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  digər sahələr kimi ekoloji problemlərin həllinə göstərdiyi qayğı məsələni kökündən həll etdi. 2001-ci ildən muxtar respublikanın  yaşıllaşdırılması üçün hamı səfərbər oldu. Bir zaman yaşamaq üçün doğranan ağacların  yerində yenidən birə-beş artıq tinglər əkildi, onlara müntəzəm olaraq qulluq edildi. Az müddətdə ekoloji tarazlıq bərpa olundu. Bu ictimai iş o qədər uğurlu və səmərəli oldu ki, bu gün o artıq ictimai hərəkat halını alıb. Nəticədə 1992-ci ildə ərazisinin 6 faizi yaşıl örtük olan Naxçıvanda bu rəqəm indi 20-yə çatıb. Yəni 5,5 min kvadrat kilometrlik ərazinin 20 faizi yaşıllıqlarla örtülüb.Çay vadiləri, yolların kənarı, sututarların ətrafı, meşəliklərdə yeni fidanların hesabına salınan yaşıl zolaqlar göz oxşayır. Bu iş o qədər sürətlə həyata keçirilib ki, hətta Naxçıvanın coğrafiyası və iqlimini yaxşı bilən əcnəbi turistlər belə bu addımların qarşısında heyrətini gizlədə bilmir. 

İndi hədəf təkcə yaşıllıq üçün münbit ərazilər deyil, dağlıq və dağ yamacları, kənd təsərrüfatı üçün əhəmiyyətsiz olan yerlərdə yeni meyvə bağlarının salınması prosesi gedir. Bu isə tamamilə  yeni bir istiqamət olmaqla bərabər, həm də zəhmət tələb edən işdir. Çünki bu cür yerlərdə hətta təbiət mövcud olandan belə nə bir kol, nə də bir ağac bitib. Amma bu gün Naxçıvanda yaşayan Azərbaycan insanı bunu, ən əsası da suvarma problemini həll edib. Borular vasitəsilə çəkilən su ölkədə damcı üsulu ilə ilk dəfə Naxçıvanda  tətbiq olunur və öz uğurlu nəticəsini verir.  

Kütləvi şəkildə yaşıllaşdırma və ekoloji problemlərin həlli indi Naxçıvan Muxtar Respublikasında dövlət səviyyəli prioritet məsələdir. Hətta bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bir neçə Sərəncamı da bu sahəyə verilən diqqətin göstəricisidir. Belə ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” uğurla reallaşdırılıb və yenə də davam edir. 

Növbəti payız yaşıllaşdırmasında meşəsalma və bərpa işlərinin həcmi 300 hektarı əhatə edir. Yeni salınan meyvə bağları gələcəkdə meyvəçiliyin inkişafı üçün ən mühüm faktdır. Təkcə son şənbə günü həyata keçirilən yaşıllaşdırma günü 150 hektar sahədə meyvə bağları salınıb. Bu günə qədər  Naxçıvanda əkilən ağacların sayı milyonlarla hesablanır. 

Hamı yaxşı bilir ki, hər il əvvəl əkilən bağlardan mövsümdə toplanan meyvələr hərbi hissələrə, əsgərlərə sovqat olaraq təhvil verilir və yerli əhali tərəfindən toplanaraq istifadə edilir. Artıq bütün rayonlarımızdakı bu bağlardan toplanan meyvə məhsulunun miqdarı tonlarla ölçülür. Bu isə təkcə ekoloji problemin həlli deyil, həm də meyvəçiliklə bağlı qədim ənənələrin bərpası, xalq təbabəti, mətbəx mədəniyyətinin inkişafına təkan verən amildir. Bundan başqa iydə, yemişan ağaclarının üstündə qalan  meyvələr qışda quşların və digər canlıların yararlandığı qida mənbəyidir.Hələ bu bağların təbiətə verdiyi oksigen, bağçılığa müsbət təsiri, eko-turizmə verdiyi töhfə və digər faydaları sadalamırıq. 

Maraqlı faktlardan biri də, yaşıllaşdırma işlərinə gənc nəslin cəlb olunmasıdır. İndi muxtar respublikanın hər bir rayonunda yeniyetmə və gənclərin saldığı “Gənclər bağı” var. Bu bağlara isə elə gənclərin özləri qulluq edir, hər mövsümdə yeni tinglərlə sahələrini genişləndirirlər. Bağlarda təbii ki, ən mütərəqqi üsullarla becərmə, suvarma işləri görülür. Axı bunsuz olmaz. Əgər ağacı əkmisənsə, bağı salmısansa, ona qulluq etməsən nə fayda?

 
Naxçıvanda keçirilən bu tədbirlərin sırasında diqqəti çəkən yeni meyvə bağlarının salınmasıdır. Əkilən ağaclar Naxçıvan iqliminə uyğunlaşan yerli sortlardır. Ərik, tut, gilənar, iydə həm də quraqlığa və şaxtaya daha yaxşı dözürlər. Bir neçə il əvvəl yerli mütəxəssislərin araşdırmasından sonra Naxçıvan-Sədərək magistral yolunun kənarında 100 hektar sahədə ilk dəfə püstə bağı salındı. Bu artıq Naxçıvan üçün tam yeni bir ənənədir. Digər maraqlı fakt isə Naxçıvanda meyvə ağac və kollarının tinglə yanaşı toxum yolu ilə çoxaldılmasıdır. Bu üsul təkcə mövsümdə deyil, istənilən vaxt yaşıllığın salınması və daha dözümlü, bitməsi 100 faiz mümkün olan ağaclar deməkdir. Bu həm də-püstə kimi, xarici ölkələrdən gətirilən bəzi ağac tinglərinin yerli şəraitdə yetişdirməyə imkan verir. Bu üsulla dağ yamaclarında yemişan, həmərsün, palıd da əkilir.  

Uzunoba gölünün ətrafındakı dağ terrasları qım-çınqıldan ibarətdir. Amma bu gün orada yaradılan bağları görəndə adam qədim Babildə salınan və dünyanın 7 möcüzəsindən biri sayılan, məşhur  “Semiramidanın asma bağları”nı xatırlayır. Təpələrin lap zirvəsinə qədər texnikanın köməyi kürənən dairəvi yolun kənarlarına ağac əkilib. Sanki dağın boynuna şərf kimi dolanıb bu yollar. Bu yaşıllıq ərsəyə gələndən sonra necə bir mənzərə yaradacağı indidən məlumdur. Maraqlıdır ki bu yerin torpağının tərkibi sadəcə gildir, yəni “ölü torpaqdır”. Ancaq insanlar yenə də ona əlac tapıblar. Qazılan çalalar əlavə olaraq üzvi gübrələrə zənginləşdirlir, torpağın tərkibi münbitləşdiriləndən sonra isə ora tinglər əkilir və damcı üsulu ilə suvarılır. Bir sözlə, indi Naxçıvanda əkilən hər bir ağac insanlar tərəfindən qayğı ilə əhatələnib. Axı necə olsa, sabah bizə bol-bol nəfəs verəcək bir varlıqdır. Ağaca qulluq birbaşa öz sağlamlığımıza, gələcəyimizə edilən xidmətdir. 


Səməd Canbaxşiyev
Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”dür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: