Dağlardan qalxan sis, duman fonunda Heydərabad əsrarəngiz görünür. Hər fəsildə fərqli gözəlliyi olan qəsəbə payız paltarını geyinib. Sarıya boyanan ağaclar qürub edən günəşin rənginə boyanıb.
Bu gün sərhəd bölgəsi olan rayonuun nümunəvi qəsəbəsi Heydərabadın hər qarışı gözəl, hər tərəfi səliqə - səhmanlıdı. Bu gözəllik payızın əsrarəngiz lövhələri ilə birləşərək insanın könlünü, ruhunu oxşayır. Güllə səslərinin hələ də qulaqlardan getmədiyi, Heydərabadın əkin sahələri şumlanıb, əkilib, ana torpağa köksü bətrəkətli düzlərə çevrilib. Dövlətin qayğısı, insanların əməyi hər yerdə görünür. Heydərabad hər gün tərəqqidə yüksəlir, inkişaf edir.
Muxtar respublikanın hər yerində olduğu kimi Heydərabadda da tikinti-quruculuq işləri davamlı gedir. Ulu öndərin adını daşıyan bu nümunəvi qəsəbə simasını hər gün dəyişir. Düz və keyfiyyətli asfalt yollar göz oxşayır. Ulu öndərin adını daşıyan ilk yaşayış məntəqəsi Heydərabad bu ada layiq olduğunu hər yönü ilə göstərir.
Qəsəbəyə girərkən payız lövhələri içində ən çox yeni əkilən Qar çiçəkləri diqqəti cəlb edir. Rəngarəng Qar çiçəkləri solan təbiəti canlandırır, qızıl payıza yeni rəng çaları toxuyur.
“Torpaq onu sevənin, əkib becərənin, qoruyanındır”,- deyirlər. Heydərabad sevilir, əkilib becərilir, qorunur. Adına layiq inkişaf edir.
Payız son həftələrini yaşayır. Toxum, dən düşən torpağa qar da düşəcək. Heydərabad qış qayğılarından azaddır. Düşmənlə göz dağıdır Heydərabad. Səngərdir, qaladır. Yazı kimi qışı da gözəldir, insanları qış qayğılarından arınıb.
Hər fəslin öz gözəlliyi var. Heydərabad bütün fəsillərdə gözəldir.
“Oğuz yurdu” qəzeti