Payız fəslinin faydaları ilə zəngin tərəvəzi-balqabaq  

A- A A+

Payız fəslinin faydalı tərəvəzləri çoxdur. Bu cür tərəvəzlərdən biri də balqabaqdır. Onu ayrı-ayrı yerlərdə “boranı”, “qabaq” da adlandırırlar. Qədim dövrlərdən bəri əkilən balqabaq illik və ya çoxillik bitkidir. Mənfi iqlim şəraitinə, xəstəliklərə və zərərvericilərə davamlıdır. Zəngin vitamin deposu olan balqabaq insan orqanizminin demək olar ki, bütün orqanlarına və funksiyalarına təsir edir. Göz, sinir sistemi, qaraciyər, mədə-bağırsaq, dəri və sair kimi xəstəliklərdə təbii dərman vasitəsi kimi faydalıdır. Ətraf iqlim amillərinə qarşı dözümlü olduğuna görə, təsərrüfatlarda onun yetişdirilməsinə üstünlük verilir. 

Şahbuz rayonunda müalicəvi və qida əhəmiyyəti nəzərə alınmaqla balqabağa demək olar ki, çox yerdə rast gəlinir. Şahbuz şəhər sakini Turac Əliyeva da kiçik həyətyanı sahəsində balqabaq əkininə üstünlük verir. Turac xanım deyir ki, balqabağı İbn Sina “Tibbinamə” əsərində xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, susuzluğu aradan qaldırır, bişmiş halda qızdırma və öskürəyə yaxşı təsir göstərir. Onun mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir, tumu yuxusuzluq hallarına yaxşı təsir göstərir. Tərkibindəki karotin vitamini dərini təzələyir, immunitet sistemini gücləndirir, narıncı rəngli balqabaq dəmir, kalium, natrium, fosfor, kalsium və maqneziumla zəngindir. Uşaqlarda sümüklərin möhkəmlənməsi və qanazlığının aradan qaldırılması üçün əvəzolunmaz nemətdir. Görmə qabiliyyətini artırır, tərkibi az kalorili şəkərdən ibarət olduğu üçün diabetli xəstələrə məsləhət görülür. Bir sözlə min bir dərdin dərmanıdır desək, yanılmarıq. Yəqin ki, adi balqabağın 100 qramından çəkilmiş şirənin belə zəngin tərkibli olması çoxlarına təəccüblü gələcək. Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir. Ürək-damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O, həmçinin qan təzyiqini də aşağı salır. 

Hətta din alimləri iddia edirlər ki, uzun müddət balığın qarnında qalan Yunus peyğəmbər öz enerjisini az vaxta bərpa etmək üçün məhz balqabaqdan istifadə edib. 

Əsəblərin daim gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsizdir.Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq şirəsi faydalıdır. 

Araşdırmalar zamanı aydın olub ki, balqabaq tumları iltihablar, mədə bulantısı üçün olduqca faydalıdır. Balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində istifadə edilir. 

Balqabağı seçərkən onun üzərində heç bir zədə olmamasına fikir vermək lazımdır. Əgər balqabağı istifadə etmək üçün kəsdinsə, gərək onu çox saxlamayasan. Çünki bu zaman tərkibindəki şəkər və qidalı maddələr azalır. Odur ki, balqabağı kəsdinsə, iki-üç gün ərzində istifadə etmək məsləhətdir.Balqabaq soyuğu və birbaşa günəş şüasını sevmir. Bu cür şəraitdə o, tez çürüyür. Bütöv balqabağı yaxşı havalanan yerdə 10-15 dərəcə temperaturda saxlamaq lazımdır. Əgər bunlara əməl etsək, onda bütün qışı balqabaqdan rahatlıqla faydalana bilərik.

Məlumdur ki, balqabaq bitkisini milli mətbəximizdə ləziz təamların hazırlanmasında da istifadə edirlər. Ondan müxtəlif tərkibli şorbalar, şirniyyatlar, qutablar, kətələr, tort, keks, pudinq və cemlər hazırlanır. 

Həmsöhbətim əvvəlcə balqabağın plovu haqqında danışaraq bildirdi ki, plovu hazırlamaq üçün onun içərisini tumlardan təmizləyib, xırda, dördkünc şəklində doğramaq lazımdır. Adətən yaxşı yetişən balqabağın içərisi narıncı rəngdə olur. Soğanlar da balaca-balaca doğranılır. Üzərinə duz, istiot əlavə edilərək həm soğan, həm də balqabaq yağda yaxşıca qızardıqdan sonra dəmə qoyulur. İçərisinə su əlavə etmək olmaz. O, öz buxarına  bişməlidir. Beləcə, 20 dəqiqəyə yaxın dəmdə qalır. Artıq,  balqabaq plovumuz hazırdır...

Şahbuz rayonun da milli mətbəxində kətələr hər zaman sevilən təamlar sırasında olub. Bu mənada balqabaqdan hazırlanan kətənin də ayrı bir ləzzəti var. Kətə üçün əvvəlcə onun xəmiri hazırlanır. Balqabağın içərisini təmizlədikdən sonra, xırda-xırda doğranır. Pencər, soğan, duz, bibər qatılaraq qarışdırılır. Bəzi kəndlərdə hətta içərisinə göy pomidor da vurulur. 

Hazırlanan ədviyyatları yuxanın içərisinə yığıb ağzını bağlayırıq, üzərinə də yumurtanın sarısını çəkib, bişməyə qoyuruq. 

Balqabağın mürəbbəsi isə soyuq qış günlərində çay süfrəsinin ən xoşagələn yeməyidir.

Qeyd edək ki, Naxçıvan şəhərində keçirilən “Kətə” festivalında iştirakçılara təklif edilən balqabaq kətəsinin dadından çox razı qalıblar.

Hicran Əliyeva
“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: