Xalqımızın qış süfrəsi

A- A A+

Ağ örpəkli  qışın yurdumuza qədəm qoymasına az qalıb. İlin ən soyuq  fəsli isə insanları daim ehtiyatlı davranmağa vadar edir. Bəlkədə elə buna görədir ki, insanlar qışa yazın ilk anından hazırlaşmağa başlayıblar. Əcdadlarımızın qışa hazırlığı içərisində məişət qayğıları - ərzaq tədarükü isə xüsusi yer tutur.

Erkən yazdan etibarən insanlar təbiətin qoynunda bitən müxtəlif bitkiləri, o cümlədən də həyət-bacada yetişdirilən göyərtiləri (keşniş, nanə, şüyüt, reyhan, mərzə və sair) yığaraq qurudur, qış fəslinə saxlayırlar. Qışın yurdumuza ayaq basması ilə evlərdə bu quru pencərlərdən, göyərtilərdən qış dövrünə xas yeməklərin hazırlanması və bişirilməsində istifadə olunur. Xalqımızın  qış mətbəxinə məxsus  yeməklərimizdən olan əriştəyə, qurud  aşına, yarmaya  bu göyərtilərin əlavə edilməsi onların  dadına dad qatır.

Qışa tədarük edilən təamlardan biri də isti günlərdə yurdumuzda bitən müxtəlif meyvə-tərəvəzlərdən hazırlanan kompotlar, mürəbbələrdir. Kompotlar qış boyunca sərin içəcək, mürəbbələr isə çay süfrəmizin bəzəyi kimi geniş şəkildə istifadə edilir. Xüsusi qaydalara malik olan kompotların hazırlanması və mürəbbəbişirmə ənənəsi həm də qadınlarımızın bacarığından xəbər verir.

Qış fəslinə - şaxtalı günlərə hazırlığın digər bir istiqamətini də meyvə və tərəvəzlərin qurudularaq, quru yemiş halında həmin dövrə saxlanılması prosesi təşkil edir. Bu gün, demək olar ki, bütün evlərdə ərik, alça, tut, armud, şaftalı və sair meyvələr mövsümündə ağaclardan dərilərək qurudulur, qax edilir, hətta bəzi bostan bitkiləri də - qovun, o cümlədən badımcan, pomidor, bibər də qurudularaq qışda istifadə olunmaq üçün saxlanılır. Saxlanılan meyvə və tərəvəz quruları bir çox hallarda çərəz kimi yeyilir, həm də bir sıra yeməklərdə istifadə edilir. Xüsusilə ərik qurusundan hazırlanan “qaysava” adlı yemək bu mənada olduqca ləzzətli mətbəx nümunələrimizdən hesab edilir.

Meyvə və tərəvəzlərin qurudulması ilə yanaşı, müxtəlif meyvələrdən, məsələn, tutdan, üzümdən, nardan doşablar (bəkməz) da hazırlanaraq qışa saxlanılır. Bu doşablar soyuq günlərdə immunitetimizi gücləndirərək bizi bir çox xəstəliklərdən qoruyur.

Yurdumun insanının qış üçün hazırladığı qovurma da  soyuq günlərdə süfrələrimizin bəzəyidir. Hazırlanma tarixi qədim zamanlara qədər uzanan ət qovurulması ənənəsi ət emalının ən geniş yayılmış və etibarlı formalarından hesab edilir.

Qış tədarükünün içində ağartı məhsulları da böyük yer tutur. Xüsusilə də Kəngərli rayonunda “döymə pendir” adlandırılan pendir növünü hazırlamaq bu gün də davam etdirilən ənənələrdəndir. İçinə tərxun pencərinin əlavə edilməsi üsulu ilə hazırlanan döymə pendir küplərə yığılaraq torpaqda basdırılır, soyuq qış aylarında çıxarılaraq istifadə edilir.

Bütün zamanlarda qışa hazırlıq xalqımızın ən qədim ənənələrindən və məişət qayğılarından biri olub. Hazırda da davam etən bu ənənələr Kəngərli rayonunun zəngin mətbəx nümunələrinin yaranmasına rəvac verir.

                                                                                 Anar Qasımov

                                                                               “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: