NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları Naxçıvan Dövlət televiziyasının “Günün sözü” verilişinin qonağı olublar. Verilişdə iştirak edən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, Assosiasiyanın üzvü Nurhan Günsev, beynəlxalq media eksperti Nik Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə onlayn medianın mövcud durumu, bu sahədəki narahatedici məqamlar, sosial şəbəkələrdən istifadə fəallığı ilə bağlı fikirlər səsləndiriblər. Onlar Naxçıvanda bütün əhaliyə internet resurslarına sürətli çıxış imkanının yaradılmasını yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, muxtar respublikada fəaliyyət göstərən KİV-lər, yüksək maddi-texniki bazaya və hazırlıqlı heyətə malikdirlər. Ona görə də Naxçıvan həqiqətlərinin, onun tarix və mədəniyyətinin, turizm imkanlarının bütün dünyaya çatdırılması son illər xeyli intensivləşib.