Mülki Müdafiə Alayının bazasında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayının bazasında taktiki-xüsusi təlim keçirilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən taktiki-xüsusi təlimə ümumilikdə 21 ədəd xüsusi təyinatlı texnika və 145 nəfər şəxsi heyət cəlb olunub.
Təlimin taktiki tapşırığına uyğun muxtar respublika ərazisində şərti olaraq baş vermiş zəlzələ, partlayış və digər fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması nümayiş olunub.
Xilasedicilər isə xüsusi təyinatlı itlərin və cihazların vasitəsi ilə uçqunlar və dağıntılar altında qalmış insanların axtarışını və xilas edilməsini müxtəlif üsullarla, beynəlxalq işarələrdən istifadə etməklə həyata keçirib.
Digər təlim yerində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri zədələnmiş binalarda qalan, eləcə də uçmuş binaların zirzəmisindən zərərçəkələrin çıxarılaraq xilas edilməsini və həkiməqədərki yardımın göstərilməsini təmin ediblər. Xidmətin xilasediciləri eyni zamanda ağır yol-nəqliyyat qəzalarında atomobillərdə qalmış və xəsarət almış insanları xilas edib, onlara ilk tibbi yardım göstərdikdən sonra tibb məntəqəsinə təxliyə ediblər.
Təlim zamanı zərərçəkənlərin yerləşdirilməsi üçün çadır şəhərciyinin quraşdırılması və digər vacib işlər həyata keçirilib. Növbəti təlim yerində isə neft və neft məhsulları saxlanılan obyektlərdə şərti baş vermiş yanğının qarşısının alınması və söndürülməsi işi məşq etdirilib.
Təlim yerlərində xilasetmə və digər təxirəsalınmaz işlər başa çatdıqdan sonra təlimə cəlb olunan şəxsi heyətlə təhlil aparılıb və növbəti təlimlərin keçirilməsi üçün tapşırıqlar verilib.
Vüsal Muradov