“Səyyari dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsinin icrası başa çatıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya könüllülərin iştirakı ilə “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsini 2019-cu il ərzində uğurla həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə könüllülər Komissiya və Gənclər Fondunun əməkdaşları tərəfindən keçirilən təlimlərə cəlb olunaraq müxtəlif mövzularda təlimlər keçiblər.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu il ərzində Şərur, Şahbuz, Ordubad və Culfa rayonlarında yaşayan və müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən 109 vətəndaşa yaşadıqları yerlərdə operativ köməklik göstərib ki, bu xidmət də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Xidmətin həyata keçirilməsi zamanı könüllülər vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlara lazımi köməklik göstəriblər.
Qeyd edək ki, rayonlarda vətəndaşlara göstərilən səyyari xidmət 2020-ci ildə də davam etdiriləcək.