Naxçıvan jurnalistikası dünya mediasına uğurla inteqrasiya edir - FOTOLAR

A- A A+

Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Naxçıvan mediasının nümayəndələri və gənc jurnalistlərlə yanaşı, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri Ali Hancerli, Nurhan Günsev, Nick Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Rəşad Məcid, şuranın əməkdaşı Əvəz Rüstəmov iştirak ediblər. Tədbirdə onlayn medianın və sosial şəbəkələrin cəmiyyətə təsir imkanları haqqında ətraflı söhbət açılıb. Konfrans çərçivəsində Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandum imzalanıb.

1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tətbiqinə dəstək olmaq məqsədilə yaradılan Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərkibində Avropanın və Asiyanın nüfuzlu media strukturlarını birləşdirir. 2005-ci ildən quruma üzv olan Azərbaycan Mətbuat Şurasının beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Şura hazırda Avropa Mətbuat Şuraları Alyansında təmsil olunur, dünyanın müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlığa, həmçinin Avropa Şurası, BMT kimi nüfuzlu qurumlarla sıx təmaslara malikdir. Naxçıvan Mətbuat Şurasının da bu quruma üzv olması Naxçıvan mətbuatının qarşısında yeni perspektivlər açır.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker bizimlə söhbətində çox önəmli bir konfransın gerçəkləşdiyini vurğuladı: “Mənim üçün faydalı toplantı oldu. Naxçıvandan qatılan media nümayəndələri çox dəyərli fikirlər söylədilər. Və daha önəmlisi də Naxçıvan Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv oldu. Birlikdə daha gözəl nailiyyətlərə imza atacağımıza inanıram. Bu hər iki tərəf üçün faydalıdır. Naxçıvanda mətbuat sənət səviyyəsindədir. Üzvlük məsələsinə gəlincə isə bu, Naxçıvan mətbuatının qarşısında geniş imkanlar açır. Mən özüm həm də universitet müəllimiyəm. Müşahidə etdiklərim nə oldu? Naxçıvan Dövlət Universitetindəki tələbələrin fəallığı, yaradıcılığı, gördükləri işə könüldən bağlı olmaları məni çox təsirləndirdi. Bəzi gənclər pul qazanmaq naminə hansısa peşəni seçir. Amma o tələbələr gördükləri işlə maraqlanırlar. Onlar bu işi öyrənməyə cəhd göstərirlər. Gələcəkdə mətbuatı məhz onlar da irəli aparacaqlar”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası tələbələri üçün yaradılan şəraiti yüksək qiymətləndirdi: “Jurnalist tələbələrlə görüşdük. Sual-cavabda hiss etdim ki, fəal tələbələrdir. Sonra məlum oldu ki, həmin tələbələr “Şərq qapısı” qəzetinin və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ayrı-ayrı redaksiyalarına təhkim olunublar. Müvafiq ixtisasların dövlət qurumlarına hamiliyə verilməsinin, tələbələrin bu qurumlarda təcrübə keçmələrinin onların ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynayacağını düşünürəm. Həmçinin bəziləri artıq müvafiq işlə təmin olunublar. Universiteti bitirdikdən sonra həmin tələbələr redaksiyalar üçün hazır kadrdırlar. Bu, kifayət qədər çox müsbət təcrübədir. Mən əminəm ki, paytaxtda fəaliyyət göstərən digər universitetlərə də bu təcrübəni şamil etsək, əhəmiyyətli olar. Həm universitetlərin jurnalistika fakültələrinin imicləri artar, həm də bu sahəyə gənclər arasında maraq daha da çox olar. Eyni zamanda redaksiyalar artıq özlərinin vidalaşdıqları əməkdaşları ilə bağlı elə də problem yaşamazlar. Çünki artıq onların yerinə yeni kadrlar gələcək. Mediada gənc kadrlara önəm verilməlidir. Bu təcrübəni Naxçıvanda gördüm və alqışlayıram. Qəzet redaksiyasında diqqətimi çəkən maraqlı bir nüansa toxunum. Dörd korrektor çalışırdı. Bu təcrübəni də geniş yaymaq lazımdır. Ölkədə bir sıra qəzetlər var ki, onlarda ya bir korrektordur, ya da korrektor əməyindən ümumiyyətlə istifadə olunmur. Bu da səhvlərin getməsi ilə nəticələnir. Texniki təchizat kifayət qədər yüksəkdir. Nəşriyyatda olduq. Çap olunmuş kitabların keyfiyyətini gözümüzlə gördük. Naxçıvan televiziyasının studiyalarında olduq. Redaksiyaları gəzdik. Texnikanın tamamilə yenilənməsi diqqətimizdən yayınmadı. Peşəkarlıqla yanaşı, müasir texnika da olmalıdır ki, jurnalist özünü daha yaxşı ifadə edə bilsin. Bütün bunların hamısı Naxçıvanda, bütövlükdə ölkədə media siyasətinin necə düzgün qurulması ilə bağlıdır.”

Beynəlxalq konfransla bağlı fikirlərini də bölüşən Azərbaycan Mətbuat Şurasının sədri bu tədbirin Naxçıvanda təşkilinin önəmli olduğunu bildirdi: “Ölkədə və bütün dünyada ictimai fikir əsasən sosial şəbəkələr vasitəsilə formalaşır. Bu da problemin nə qədər aktual olduğunu göstərir. Naxçıvandakı bu tədbir eyni zamanda ona görə önəmlidir ki, Naxçıvanın bütün ərazisi yüz faiz internetlə təmin olunub. Belə bir rəqəmi hətta digər ölkələrlə bağlı söyləmək mümkün deyil. Konfransın başqa bir əhəmiyyəti Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması idi. Bu Naxçıvan mətbuatı qarşısında yeni perspektivlərin açılması deməkdir. Belə bir önəmli tədbirin yüksək səviyyədə reallaşmasına görə nümayəndə heyətimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu: ''Bu konfrans kifayət qədər ciddi bir mövzuya həsr olunmuşdu. Naxçıvanın beynəlxalq media qurumuna üzv olması düşünürəm ki, hər birimizin uğurudur. Həm ümumilikdə ölkənin, həm də Naxçıvan mətbuatının uğurudur''

Naxçıvanda bizim inkişaf etməkdə olan mediamiz var. Naxçıvanın ən ucqar kəndlərində belə internet var. Biz “Nuhçıxan”İnformasiya Agentliyində olduq. Hal-hazırda onun 300 mindən çox izləyicisi var. Qürurverici bir rəqəmdir. Bu memorandumdan sonra mən düşünürəm ki, Naxçıvan jurnalistləri beynəlxalq qurumlara inteqrasiya sahəsində artıq konkret bir platormada təmsil olunacaqlar. Bunun özü çox böyük uğurdur. Səfər çərçivəsində “Şərq qapısı”qəzetinin redaksiyasında olduq. Müasir texnologiya ilə təmin olunmuş və kifayət qədər də kadr potensialı olan bir mətbu orqandır. Bir neçə ay bundan öncə Əl-Cəzirə televiziyasının böyük çəkiliş qrupu ilə Naxçıvanda olduq. Onlar Naxçıvanla bağlı film hazırlayırlar. Naxçıvanla bağlı o qədər yüksək fikirdədirlər ki, çevrələrində belə aldıqları təəssüratı paylaşırlar”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Naxçıvanda keçirilən konfransı təkcə medianı yox, cəmiyyəti düşündürən, önəmli tədbir adlandırdı: “Elektron media qurumları, internet portalları Azərbaycanda və dünyanın bir çox ölkələrində sürətlə inkişaf edir. Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması hesab edirəm ki, önəmli hadisədir. Bu, Naxçıvan Mətbuat Şurasının dünya    media qurumlarına çıxışında böyük təsiri olacaqdır. Biz universitetdə yaradılmış studiyanı gördük.  Bu nümunəvi bir addımdır. Jurnalistika ixtisası olan universitetlərdə belə bir studiyaların olması çox vacibdir. Peşəkar jurnalistlərin hələ tələbəlikdən formalaşması üçün önəmli rol oynayır. Gözəl bir mətbəənin yaradılması və“Şərq qapısı” qəzetinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, Naxçıvan televiziyasında yaradılan müasir  şərait mediaya olan dəstəyin bir nümunəsidir. Naxçıvan Mətbuat Şurası ilə əlaqələrin olması bizim üçün də vacibdir. Və bundansonra əlaqələrin daha yüksək səviyyədə inkişafında aidiyyəti olan qurumlar öz töhfələrini verəcəklər. Son illər ölkə mediası ilə əlaqələrin qurulması çox yüksək inkişaf edib. Naxçıvan haqqında ölkə mediasında kifayət qədər mövzuların yer alması çox yaxşı haldır. Naxçıvan jurnalistlərinin ölkə mətbuatı ilə, eləcə də rəhbərlik etdiyim “İki sahil” qəzeti ilə əməkdaşlığı məmnunluq doğurur. Assosiasiyaya üzv olmaq artıq ölkədən də kənara bu yazıların çıxışına imkanlar açacaq”. 

 

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: