AQTA balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

137

Məlum olduğu kimi, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır.

Qida Təhlükəsizliyi Agentliyindən NUHÇIXAN-a bildiriblər ki, qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır. Eyni zamanda 2019-cu il iyulun 12-də “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər. Həmin Qanunlara əsasən balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir.

Bununla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilib, onlara rəsmi məktublar göndərilib və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib.

Agentlik balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 2020-ci il yanvarın 1-nə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Həmin vaxtdan etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsullarının ölkəyə idxalına yol verilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: