Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2019-cu ilin noyabr ayı ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu il 1 noyabr tarixli 158 nömrəli Qərarı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilib. Adıçəkilən qərara əsasən xəstəxana Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindədir və Şahbuz rayonunun əhalisinə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən laborator müalicə və profilaktika təyinatlı diaqnostik müəssisədir.
Nazirlər Kabineti 2019-cu il 26 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında” Qərar qəbul edib. Qərara əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşları 2019-cu il dekabrın 1-dən giriş və tranzit viza tələbindən azad edilib.
Eləcə də “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 72 nömrəli Qərarında dəyişiklik edilib.