Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki – Görüş yeri kafesində 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev könüllü gəncləri bu gün münasibətilə təbrik edərək bildirib ki, son illər muxtar respublikada könüllülük fəaliyyətinin yaradılması və genişlənməsi məhz Gənclər Fondunun adı ilə bağlıdır. Hazırda fondun könüllülük pro­qramının iştirakçılarının sayı 350-ni keçib. Onlar son illərdə muxtar respublikada baş tutan bir sıra mühüm tədbirlərdə yaxından iştirak ediblər. Naxçıvan şəhərində Gənclər Paytaxtı çərçivəsində reallaşan tədbirləri, şəhər mərkəzindəki ilk irimiqyaslı fləşmobu, “Yer saatı” ekoloji aksiyasını, “Novruz qatarı”nı və bu ilin may ayında baş tutan Naxçıvan marafonunu, intellektual oyunlar üzrə çoxnövçülük turnirlərini buna misal göstərmək olar.

Vurğulanıb ki, muxtar respublikada aidiyyəti qurumlarla birgə vətəndaşların işinin asanlaşdırılmasına təmənnasız olaraq yardım edən “Səyyar dövlət qulluğu xidməti könüllüləri”, ekologiyamızın və təbii sərvətlərin qorunması istiqamətində maarifləndirmə missiyası aparan “Ekologiya könüllüləri”, sosial sahədə xidmət göstərən, içində olduğumuz sosial münasibətlərin ayrılmaz parçasına çevrilmiş “Sosial könüllülər” layihələri uğurla icra edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq “Sosial könüllülük” layihəsinin başlanılmasından və bu sahədə qazanılan uğurlu nəticələrdən danışıb, könüllülər günü münasibətilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev çıxış edərək “Ekologiya könüllüləri” layihəsinin ötən dövr ərzindəki fəaliyyətinə nəzər salıb. Gənclərin ətraf mühit və təbii sərvətlərin qorunması işində, ağacəkmə kampaniyalarında fəal iştirak etdiklərini, bununla da ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr qazanıldığını diqqətə çatdırıb. Nazir gənc­ləri könüllülük prinsipinin daşıyıcısı olmağa çağırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək könüllü gəncləri uğurlu fəaliyyətlərinə görə təbrik edib. Qeyd olunub ki, gənclərin dövlət qulluğu səriştəsinə yiyələnməsi, onlarda vətən­pərvərlik və dövlətçiliyimizə sədaqət ruhunda bilik, ilkin əmək vərdişləri, kollektivdə çalışmaq kimi bacarıqların artırılması baxımından “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” gənclərə böyük töhfələr verir.

Tədbir müddətində könüllülük proqramlarının iştirakçılarının fəaliyyətini əks etdirən video­çarxlar nümayiş olunub.

Sonra könüllülük proqramlarının iştirakçıları sosial, ekologiya, Gənc­lər Fondu könüllüləri “İlin ən fəal könüllüsü” nominasiyaları üzrə təltif ediliblər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, eləcə də könüllü gənclərin ifaları dinlənilib. Müxtəlif rəqslər, maraqlı oyunlar, müsabiqələrlə davam edən tədbir könüllü gənclər tərəfindən əyləncə proqramı ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: