Dağ kəndlərimiz ağ örpəyə büründü - FOTOLAR
Bir neçə gündür Culfa rayonunun dağ kəndlərinə qar yağıb. Təbiətin ağ örpəyə bürünməsi əsrarəngiz qış mənzərələri yaradıb. Muxtar respublikamızın dağlıq bölgələrində indi bütün rənglərin “şah”ı olan ağ rəng öz təbiət “taxt”ına çıxır. Rayonumuzun Boyəhməd, Ləkətağ, Ərəfsə, Milax, Teyvaz, Qazançı, Gal, Şurud və digər dağ kəndlərinə ilk qar qonaq oldu.
Dekabrın ilk, payızın son günlərində dağlar ağ örpəyə büründü, şiş qayalar, Göydağ, Haçadağ, Darıdağ ağ çalmasını başına doladı, ağaclar ağ xalat geyindi, torpağın sinəsinə ağ qumaş səpələndi. Zirvələr qar libasında bir az da müdrik göründü, dağ kəndlərimiz bir qış nağılının sehrinə düşdü. “Qış dumanı qar, yaz dumanı bardır” - deyib sevindi el-obamız, zəhmət adamları. Elə ona görə də qışın nə soyuğu, nə də erkən yağan qar qorxutdu təsərrüfat adamlarını. Yazın barı, qışın gözəlliyi olan qar el-obaya bir gözəllik gətirdi. El-obaya qış kəlamları, qış deyimləri ələndi. "Qışın qarı bərəkətdir", "Qar ili, var ilidir", "Uca dağ başı qarlı olur", "Qışda ocaq başı, yayda dağ başı". Nə ilk qar, nə də bundan sonra yağacaq yağıntılar təsərrüfat adamlarına, dağ kəndlərinin sakinlərinə çətinlik gətirər, nə də ki, onların rahatlığını poza, gediş-gəlişə mane ola bilər. Çünki dövlət qayğısı ilə əhatə olunmuş bütün kəndlərimiz qış mövsümünə hələ payızın ilk aylarından hazırdır.
İlk qarın yaratdığı bu sehrli mənzərə xalq şairi Məmməd Arazın bu misralarını yada salır.
Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.
Hazırda qış bəyazlığına bürünən kəndlərimizdə havalar soyuq olsa da, bu, yurdsevər sakinlərin ürəklərinin hərarətini azalda bilmir. Təbiətin səxavətini əsirgəmədiyi dağ kəndlərimizdə əhalinin həyat tərzi ilbəil yaxşılaşır.
Payızın öz yerini qış fəslinə verdiyi bu günlərdə üz tutduğumuz kəndlərimizdə sakinlərin belə rahat yaşayışını görmək, onların ürəkdolusu sözlərini eşitmək, təbiətin əsrarəngiz qış mənzərəsini seyr etmək çox xoş idi… Geriyə qayıdırıq. Çən-duman çökən dağları arxada qoyuruq. Ağ çalmalı dağlar arxasından süzülən payız günəşinin zəif şüaları yağan ilk qarı əritməyə başlamışdı. Yol boyu isə bizdə bir təəssürat vardı: Ucqar bölgələrimiz göstərilən dövlət qayğısı hesabına daha bir qış sınağından layiqincə çıxmağa hazırdır…
“Arazın səsi”qəzeti