Çubuqdan hazırlanan məişət əşyaları - FOTOLAR

A- A A+

Yarandığı gündən insanlar öz yaşayışını təmin etmək üçün sadədən mürəkkəbə doğru müxtəlif məişət əşyaları və alətləri düzəltməyə çalışıblar. İlk əşya və alətləri düzəltmək üçün insanlar ağac və daşlardan istifadə ediblər. Hələ Neolit dövründə keramikanın (saxsı) düzəldilməsinin “keramika inqilabı” adlanması səbəbsiz deyildi. 

Keramikanın ixtira olunması insanların həyatına yeniliklər gətirdi. Amma məişətdə bütün işlərə yaramadığı, baha başa gəldiyi, lazım gəldikdə köç zamanı özləri ilə aparmaqda çətinlik yaratdığı üçün insanlar daha ucuz başa gələn məişət əşyaları düzəltməyə başladılar. Onların arasında çubuqdan hazırlanan məişət əşyaları xüsusilə seçilir.

Təsərrüfatda bir çox işlərə yarayan (əl arabası geniş yayılana qədər), bəzi dağ kəndlərində hətta bu gün də istifadə edilən və çubuqdan hazırlanan səbətlərdən söhbət açmaq istəyirik. Səbətin istehsalına nə zaman başlanıldığı barədə məlumat yoxdur. Səbətlə bağlı bəzi bölgələrdə “qamışdan toxunan əl səbətləri” (bəzi yerlərdə buna “zənbil” də deyirlər) haqqında məlumat olsa da, bizim söhbət açdığımız və ağac çubuqlarından toxunan səbətlər, əsasən, təsərrüfat işləri üçün istifadə edilir. Təsərrüfat səbətləri müxtəlif ağac və ya kolların bir illik “şiv”lərindən, zoğlarından hazırlanır. Payızda toplanan bu budaqlara “civir” də deyirlər. Civir 1-2 metrə qədər uzunluqda olur. Kəsilmiş civirləri bir neçə gün Günəş altında saxlayırlar ki, “ölüşkəsin”. Bundan sonra çubuqlar elastik olur, əyildikdə asanlıqla qırılmır.

Səbət toxumaq üçün toxunacaq səbətin ölçüsündən asılı olaraq düzən yerdə çevrə çəkilir. Təxminən 15-20 santimetr ara ilə əvvəldən seçilmiş uzun civirlərin yoğun ucu yonularaq təxminən, 20 santimetr uzunluqda hissəsi yerə sancılır. Sancılan civirlərin yanına bir civir də qoşalaşdırılır. Bunlar “səbətin qabırğaları” adlanır. Digər civirlər dik sancılan civirlərin birinin içəri tərəfindən, digərində isə eşik tərəfindən keçirilərək toxunur. Toxuyub yuxarı qalxdıqca səbətin çevrəsi kiçilərək konus forması alınır. Sonda isə toxunmuş səbət yerdən çıxarılır, alt hissədə olan civirlər od üzərində ütülərək daha elastik edilir. Bundan sonra əyərək səbətin alt hissəsini toxuyurlar. Müxtəlif yaşayış məskənlərində alt hissə fərqli toxunur. Səbətin ağız hissəsində yerə çalınan 20-25 santimetrlik çıxıntılar da ütülür, əyilərək səbətin ağız hissəsini toxuyurlar.

Dağ kəndlərində səbətlər əsasən, gərməşov ağacından, aran yerlərdə isə iydə və söyüd civirindən toxunurdu. Səbətlər məişətdə çoxçeşidli işlərdə istifadə edilirdi. Meyvə-tərəvəz, üzüm daşımaq üçün at və ya ulağa iki eyni ölçülü səbət çatı ilə çatılır, içərisinə lazımi məhsullar yığılırdı. Bu iş üçün iri səbətlər toxunurdu. 1960-cı illərə qədər Naxçıvan meyvəsi və üzümü səbətlərlə Qərbi Azərbaycana, Laçına və Kəlbəcərə daşınırdı.

Əvvəllər heyvandarlıqda da səbətdən geniş istifadə edilirdi. Səbətə ipdən qulp salınaraq peyin daşınır, doğranmış ot, saman yığılırdı. Tövlədə yeni doğulan quzu və çəpişləri bir müddət səbətin altında saxlayardılar ki, böyük heyvanlar ayaqlayıb əzməsin.      İsti və quraq ərazilərdə, o cümlədən, Naxçıvanda bal arıları əsasən, səbətdə becərilərdi. Hələ 5-6 min il əvvəl arıları yerləşdirmək üçün müasir səbət tipli pətəklərdən istifadə edilibdir. Arxeoloji qazıntılar zamanı səbət pətəklərin e.ə. III-II minilliklərdə düzəldilmiş bəzi nümunələri Şərq ölkələrində tapılmışdır. Arıların səbət pətəklərdə saxlanılması qaydasının Azərbaycanda çox qədim tarixi vardır. Naxçıvanda bu gün də bəzi arıçılar səbət pətəklərdən istifadə edir və səbət balı yüksək qiymətləndirilir. Bu səbətləri toxumaq üçün müəyyən ölçüdə sini götürülür, onun dövrəsinə 4-5 ədəd çubuq sancılır. Silindr formasında çubuqlarla hörməyə başlayırlar, lakin getdikcə bir qədər yığılır. Səbətlər 60-80 santimetr uzunluqda olurdu. Səbətin hər iki tərəfinə çubuqdan toxunmuş qapaq salınırdı. Arıları isti-soyuqdan qorumaq üçün səbətlər peyin qarışdırılmış palçıqla suvanırdı. Arıların pətək (şan) bağlaması üçün səbətin içərisində bir-birinə çarpaz iki ağac qoyulurdu.

Ağac şivlərindən həm də müəyyən məqsədlər üçün “çəpərə” toxunurdu. Ölçü və formaları eyni olsa da ,“rəfətə” (bir çox yaşayış yerlərində buna sadəcə, “əppəkyapan” deyilir) üçün toxunan çəpərənin baş hissəsində əl yapışmaq üçün yer qoyulur. Bütöv toxunan çəpərənin üzərində lavaş sulayar, aşsüzən əvəzi işlədərək əriştə süzərdilər. Əriştəni qaynar suda bir qədər saxladıqdan sonra çəpərənin üstünə tökər, üzərinə soyuq su gəzdirərdilər ki, əriştələr bir-birinə yapışmasın. Bundan sonra isə lazımi qaba boşaldar, üzərinə yağ gəzdirib dəmə qoyardılar.

Çəpərədən rəfətə hazırlamaq üçün bezdən çəpərə ölçüsündə torba tikər, onun iç tərəfini yumşaq otla doldurardılar. Çəpərəni toxumaq üçün bir ədəd uzun və yoğun civir götürür, həmin civiri aypara şəklində əyirdilər və başlarını iplə bağlayırdılar ki, civir o vəziyyətdə dura bilsin. Əyri çubuğun uzunluğu 70-80 santimetr, eni 50-60 santimetr olur. İki əlavə çubuq əyrinin uzununa qoyulurdu. Bundan sonra əvvəlcədən qırılıb Günəşə verilən civirlərlə çəpərəni toxumağa başlayardılar. Toxunmuş çəpərəni qurutduqdan sonra istifadə edərdilər. Ümumiyyətlə, civirdən “çətən” də hazırlayardılar. Bu zaman müəyyən məsafədə düzülən şivlər alt-üst olmaqla toxunardı. Bu cür toxunmuş çətənlə tövlədə və yaylaqlardakı müvəqqəti yaşayış yerlərində arakəsmələr düzəldərdilər.

Göründüyü kimi, ata-babalarımız öz ehtiyaclarını ödəmək üçün ən sadə vasitələrdən istifadə edərək məişət əşyaları əldə etmişlər. İndiki dövrdə hər cür məişət avadanlıqlarının olması bu əşyaları demək olar ki, sıradan çıxarıb. Amma qədim diyarın xüsusən bəzi dağ kəndlərində hələ də çubuqlardan məişət əşyalarının düzəldilməsi ənənəsi yaşayır və onlardan  geniş istifadə olunur.

Zaleh Novruzov
“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: