Qədim Kırnanın yeni günləri

A- A A+

Kırna kəndi Haçadağın cənub-qərb ətəklərinin Əlincə çayına qovuşduğu ərazilərdə yerləşən yurd yeridir. Bu kəndə qədəm qoyanda ilk növbədə məğrur dayanan, sanki kəndin keşiyini çəkən Haçadağ diqqətimizdən yayınmır. Başında topa-topa buludlar dolaşan, günəşin şüaları ilə rəngdən-rəngə düşən Haçadağ min illərdir burada  məskən salaraq, öz xoş güzəranlarını qurub-yaratmaq üçün canla-başla çalışan zəhmətkeş kırnalılara tamaşa edir. 

Həyata keçirilən abadlıq və quruculuq işləri isə  kənd sakinlərinə  firavanlıq, rahatlıq bəxş edib.

Payızın son ayında, havaların  soyuduğu  bu günlərdə  yolumuz bu yurd yerinə düşdü. Ulu yaradan bu kənddən də heç bir gözəlliyini əsirgəməyib. Ona mahir rəssam fırçası ilə təbiətin yeddi möcüzəsini, min bir boyasını bəxş edib. Bu yurd yerindən baxanda Əlincə çayının ayna suları gümüş kəməri xatırladır. Kəndi daha aydın seyr etmək üçün bir az yüksəkliyə qalxırıq. Buradan kəndə baxanda öncə səliqə ilə əkilmiş taxıl zəmiləri, səliqə ilə tikilmiş evlər insanla təbiətin qırılmaz vəhdətindən xəbər verir. Sinəmdə misralar sıralanıb nəğməyə dönür:

Haçadağ qoynunda məskən salaraq 
Bu yurdda yüz ocaq çatıbdı Kırna.
Sellər kükrəyəndə o məğrur səsin
Çayların səsinə qatıbdı Kırna.

Əlincə alnını oxşayır külək,
Zirvədən üstünə duman çəkərək
Arabir sal daşa dirsəklənərək
Dağlarla baş-başa yatıbdı Kırna.

Kırna kəndinin tarixi çox-çox qədimlərə dayanır. Qeyd edək ki, "Kırna" sözü qədim türk mənşəli toponimdir. 

Ölkəmiz tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra, bu kənddə insanların xoş güzəranının yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu yurd yerinə də xoş ovqat bəxş edib. Kənddə üçmərtəbədən ibarət məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi tikilib kənd sakinlərinin ixtirayına verilib. 

Tarixən dini dəyərlərə hörmətlə yanaşılan Kırnada kənd məscidi də yenidən bərpa olunanlar sırasındadır. Kəndə daxil olarkən üstündən keçdiyimiz körpü də əsaslı şəkildə təmir olunub, kənddaxili yollara asfalt örtük salınıb. 

Kırna kəndində ötən əsrin əvvəllərində inşa olunmuş, lakin sonrakı illərdə diqqətdən kənarda qalmış su dəyirmanında da  əsaslı bərpa işləri aparılıb, ətrafı abadlaşıbdır. Sutkalıq istehsal gücü bir ton olan bu qədim su dəyirmanına Əlincə çayından 2 kilometr uzunluğunda su xətti çəkilib. Bu su dəyirmanı rayonun təkcə Kırna kəndinin deyil, həm də ətraf kəndlərin taxıl istehsalçılarının üz tutduqları ünvanlardan birinə çevrilib.

Kırna kəndində hər kəs pay torpaqlarını əkib-becərməklə məşğul olur, torpaqdan daha çox qazanc əldə etməyə çalışırlar. Torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi onları daha da ruhlandırır, təsərrüfatlarını genişləndirib inkişaf etdirməyə, iqtisadi vəziyyətlərini yüksəltməyə sövq edir.

Kırna kəndində əkinçiliyin daha çox səmərəli olan sahələri inkişaf etdirilir. Bənəniyar Su Anbarı tikildikdən sonra kənddə suvarma suyuna tələbat tamamilə ödənilib. Həm Əlincə çayı, həm də Bənəniyar Su Anbarı kəndin sututar əkin sahələrində məhsuldarlığın artmasına şərait yaradıb.

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması  diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açmışdır. Bu imkanlardan kırnalılar da bəhrələniblər. Ötən il noyabr ayının 10-11-də və bu il noyabr ayının 2-3-də Naxçıvan şəhərində "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatçıları məhsulları" festivalında Kırna kəndinin ailə təsərrüfatçıları fəal iştirak edib, onların satış-sərgiyə çıxardıqları müxtəlif çeşidli məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılayıb. Kırna kənd sakini Çiçək Bayramovanın festivala çıxardığı alma, alma və gilənar qarışığından hazırlanmış sirkələr, əriştə, yarma, qovud, müxtəlif adda mürəbbələr, komportlar, turşular, meyvə quruları və s. məhsullar yüksək qiymətləndirilərək 2018-ci ildə birinci, bu il isə ikinci yerə layiq görülüb. Kəndin digər ailə təsərrüfatçısı Fatma Əliyeva isə bu il "Ailə təsərrüfatları məhsulları" festivalında üçüncü yerə layiq görülüb.

Kırnada təsərrüfatın bütün sahələri inkişaf etdirilir, belə təsərrüfatlardan biri də bağçılıqdır. Burada həyətyanı sahələrdə salınmış üzüm və meyvə bağları ilə yanaşı kənd sakini Cəlil Əliyevin 1 hektar sahədə əkdiyi qızılgül sahəsi də diqqəti cəlb edir. Kırna kəndində təmizlik, abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma işləri daim diqqətdə saxlanılır. Kənd sakinləri qurulub, yaradılanları qorumaqda  fəal iştirak edir, doğma yurd yerlərinin təbiətinin zənginləşməsinə, onun abadlığına öz töhfələrini verirlər. Bu isə kırnalıların doğma yurda, torpağa qırılmaz tellərlə bağlılığını göstərir.

Rayonumuzun bir çox kəndlərində olduğu kimi, bu yurd yerində gördüyümüz və şahidi olduğumuz quruculuq ərmağanları, insanların təsərrüfata bağlılığı qəlbimizi qürur hissi ilə doldurdu. Məqsədyönlü şəkildə həyata keçirilən quruculuq işləri Kırna kəndini də müasir abad Azərbaycan kəndinə çevirib, insanların yaşayış səviyyəsini yüksəldib. 


Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: